KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistandakı hadisələrdə daxili amillər, xalq faktoru ilk sıradadır

Ermənistandakı hadisələrdə daxili amillər, xalq faktoru ilk sıradadır

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
306 0


Amma xarici faktorların rolunu tam inkar etmək də doğru deyil. Xüsusən də, Ermənistanda iki hərbi baza saxlayan, ölkə iqtisadiyyatının strateji sahələrinə nəzarət edən Rusiyanın kənarda dayanıb baş verənləri izlədiyinə inanmaq sadəlövhlük olar. Sadəcə, Rusiya bu proseslərin harasındadır sualını aydınlaşdırmaq lazımdır.

Moskva 2008-ci ilin qanlı 1 mart hadisələrində olduğu kimi, Sarkisyanın arxasında dayana və onu qoruya bilərdi. Amma dünya o dünya, dövr o dövr deyil. Vəziyyət dəyişib. Putinin Ukraynada yol verdiyi səhvlərdən nəticə çıxardığını, baltanı cərrah bıçağı ilə əvəzlədiyini, proseslərə daha soyuqqanlı yanaşmağa başladığını zənn edirəm. Əgər Moskva zorakılıqla, qan tökərək Sarkisyanın iqtidarını davam etdirsəydi, Ermənistanda nüfuzunu tamamilə itirə bilərdi. Moskva Serjikin cəmiyyətdə dayaqlarının sarsıldığını görürdü və bu səbəblə, müdaxilə etməməyə üstünlük verdi. Serj Sarkisyanın Bəşər Əsədə çevrilməsi Rusiyaya lazım deyildi.

Məncə, Ermənistan inqilabının mühüm nəticələrindən biri budur ki, Rusiya Ukrayna hadisələrinə yanaşmasından fərqli olaraq, xalq arasında dayaqları zəifləmiş, xalqdan qopmuş ölkə rəhbərini müdafiə etmədi. Bu, başqalarına da dərs olmalıdır.

Digər tərəfdən, mən ötən ilin sentyabrında Karen Karapetyanın baş nazirin müavini vəzifəsinə gətirilməsinin sıradan və rutin bir təyinat olduğuna inanmıram. Məsələ onda deyil ki, Rusiya Sarkisyanın mütləq yıxılacağını düşünürdü, yaxud bunu planlaşdırırdı. Sadəcə olaraq, Konstitusiya dəyişikliyinin praktik tətbiqi ərəfəsində, yəni icra səlahiyyətlərinin baş nazirə keçidi öncəsi mümkün fors-majorları düşünərək layiqli bir alternativ yaradıb əldə tutmaq lazım idi və Karapetyanın təyinatı da bu məqsədə xidmət edirdi. Əsgərlərin kazarmalardan çıxıb nümayişçilərə qoşulmasında, Paşinyanın və təcridxanadakı digər müxalifətçilərin azadlığa buraxılmasında və son nəticədə Sarkisyanın istefaya məcbur olmasında Karapetyan amili mühüm rol oynadı.

Amma bu, o demək deyil ki, Ermənistanın yeni rəhbəri mütləq Karapetyan olacaq. Nikol Paşinyan seçkilərə qədər qurulacaq müvəqqəti hökumətə rəhbərlik etmək iddiasını ortaya qoyub və ölkəni seçkilərə özü aparmaq istəyir. Ona görə də, Karapetyanın işi asan deyil, bu mürəkkəb vəziyyətdən uduşla çıxmaq üçün onun hansı gedişləri edəcəyini, hakim partiyanın neqativ yükünü və mirasını sahiblənib-sahiblənməyəcəyini maraqla gözləyirəm.

Qərbin roluna gəldikdə isə, onların bu hadisələrdə ciddi və həlledici rol oynadığına inanmıram. Ümumiyyətlə, Ermənistan inqilabına Rusiya-Qərb geosiyasi rəqabətinin nəticəsi və bu mübarizənin bir epizodu kimi baxmağın tərəfdarı deyiləm. Amma erməni xalqının böyük hissəsi, təxminən dörddə üçü ölkə xaricindədir, bunların da önəmli qismi, qaymağı Fransa və ABŞ başda olmaqla, Qərbin demokratik ölkələrində yaşayır. Heç bir praktik addım atmasa belə, diaspora mənəvi avtoritetdir, öz mövcudluğu ilə Ermənistan daxilinə nüfuz etmək gücündədir və edir. Onların öz həyat səviyyələri, Qərb toplumlarında oynadıqları rol, yetişdirdikləri intellektual liderlər və dünya şöhrətli sənət adamları ilə Ermənistan daxilindəki və dünyanın digər regionlarındakı erməniləri ciddi şəkildə etkilədikləri şübhəsizdir. Ermənistanda demokratik islahatlar aparıldıqca, yəqin ki, diasporanın Ermənistanın problemlərinin həllinə daha yaxından cəlb olunduğunu görəcəyik. (Bu, bizim üçün arzuolunmazdır.)

Amma bir məqamı unutmaq olmaz ki, hətta qərbyönlü qüvvələr hakimiyyətə gəlsələr belə, Ermənistan hələ ki Rusiyadan qopa bilməz. Nə qədər ki onlar Azərbaycandan və Türkiyədən ekzistensial təhlükə hiss edirlər, Rusiyaya sığınmağa məcbur və məhkumdurlar. Moskvanın son hadisələrlə bağlı arxayın görünməsinin başlıca səbəbi budur. Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan və Azərbaycanla sülh müqaviləsi imzalandıqdan, Azərbaycan və Türkiyə ilə bütün kommunikasiyaların açılması və siyasi-iqtisadi münasibətlərin bərpasından sonra ermənilər Rusiyadan ayrılmaq barədə ciddi düşünə bilər. Məhz bu səbəblə, Rusiya indiyədək münaqişənin həllinə imkan verməyib, açıq bildirməsə də, Türkiyə-Ermənistan normallaşmasına da qarşı olub. Əgər münaqişə həll olunacaqsa, Rusiya elə bir həll variantını tərəflərə qəbul etdirməyə çalışacaq ki, həmin variant onun bölgədəki mövcudluğuna uzunmüddətli təminatlar ehtiva etsin.

Sonda bir daha qeyd edim ki, ölkə daxilində zəruri şərtlər yetişməsə və zəmin olmasa, heç bir xarici güc bir xalqı ayağa qaldırıb meydanlarda saxlaya bilməz
Şahin CAferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir