KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?

Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
312 0

Erməni separatçıları İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi” keçirdilər. Separatçıların yeni “prezidenti” ikinci mərhələdə “təyinatlar” həyata keçirdi. Separatçılar hazırda keçiblər növbəti mərhələyə. Söhbət separatçıların reallaşdırmağa çalışdığı “yol xəritəsindən” gedir. İlk olaraq yunanlardan başlayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac var. Məsələ burasındadır ki, Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyan iyunun 10-da açıqlama verərək Kipr Respublikası ailə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqlarını bildirib.

Bu qeyri-rəsmi klub deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən bu ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər. Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur. Əslində erməni separatçılarıyla adı çəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər.

İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var. Yunanıstanla Türkiyə arasındakı münasibətlər son zamanlar gərginləşib. Görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir. Rəsmi Afina istəsə Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir.

Erməni separatçıları məqsədlərini gizlətmirlər. Onlar yunanlarla yaratdıqları klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır.

Azərbaycan bu əlaqələri görməzlikdən gələ bilməz. Əks halda erməni separatçılarının formalaşdırdıqları “dostluq” qruplarının sayı artacaq. Separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar. Tərtib etdikləri “yol xəritəsinin” əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir. Əlbəttə, hazırki pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb.

Separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələ ki, bu onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər. Bu baxımdan Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyatı yoxdur. Əgər belə bir cavab verərlərsə, bu erməni separatçılarına tərs şillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik…
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir