KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ermənistanın boşalmasını sürətləndirən iki səbəb

Ermənistanın boşalmasını sürətləndirən iki səbəb

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
406 0

Ermənistan müxalifəti apreldə keçiriləcək parlament seçkisinə ciddi hazırlaşır. Prezident Serj Sərkisyana müxalif olanların sayı artır. Serj Sərkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəliyyətə başlayacağını elan etdi və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok formalaşdırdı. Bu bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyur Ayrikyan da qoşulub. Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir. Ayrikyan özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir, əsas məqsədlərinin Serj Sərkisyanı parlament seçkisində qələbəsini əngəlləmək olduğunu deyir.
Serj Sərkisyanın partiyadakı müavini, keçmiş baş nazir Ovik Abramyan da hakim partiyadan istefa verdi. Abramyanın da müxalifətin sıralarını genişləndirəcəyi ehtimalı yüksəkdir. Doğrudur, erməni eskpertlər Ovik Abramyanın tərəfdarlarının çox olmadığını yazırlar, ancaq onun prezidentin və hakim partiyanın daxili mətbəxi haqqında bilgiləri müxalifətin işinə yaraya bilər. Ovik Abramyanın Ohanyan-Oskaynan-Ayrikyan üçlüyünə qoşulması ehtimalı yüksədir.
O biri tərəfdə isə Serj Sərkisyanı keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O da Sərkisyanın idarəetməsinin tənqidçilərindəndir. Doğrudur, Köçəryan müxalifət sıralarına qoşulduğunu hələ elan etməyib, ancaq parlament seçkisinə yaxın o da siyasi qərarını verə bilər. Bu sıraya keçmiş prezident Levon Ter-Petrosyanı da əlavə etmək lazımdır. Levon Ter-Petrosyan itirilmiş mövqelərini geri qaytarmaq istəyir.
Beləliklə, apreldə Serj Sərkisyanı ciddi sınaq gözləyir. Sərkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üşüm növbəti dəfə qarşıdurmaya gedəcək, İrəvan küçələrində kütləvi silahlı toqquşma da istisna deyil. İndi əsas məsələ Ermənistanda indiki hakimiyyətin uzanmasına və ya əksinə, hakimiyyət dəyişikliyinə Moskvanın icazəsinin alınmasıdır. Əslində Moskvada Sərkisyana böyük simpatiya yoxdur. Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə bir neçə dəfə görüşüblər. Çünki, Ermənistanda hakimiyyət dəyişikliyi üçün Kremlin icazəsi alınmalıdır. Bir dəfə Ermənistandakı siyasi partiyalar Moskvanın icazəsi olmadan hakimiyyəti dəyişmək istədilər, 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edildi, prezidentliyə real namizədlər baş nazir Vazgen Sərkisyan və parlamentin sədri Karen Dəmirçiyan öldürüldülər. Ona görə də Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən erməni müxalifətinin bir sıra təmsilçisi tez-tez Moskvaya səfərlər edirlər.
Ermənistanın baş naziri Karen Karapetyan da bu həftə Moskvaya gedərək rusiyalı həmkarı Dmtri Medvedyevlə görüşdü. Karapetyanın əsas məqsədi Rusiyanın əlavə olaraq Ermənistan iqtisadiyyatına 300 milyon dollar yatırmasıdır. Bu investisya apreldə keçiriləcək parlament seçkisi öncəsi Karapetyana çox lazımdır. Karapetyanın islahatlar üçün maliyyə resursları yoxdur ki, iqtisadi və sosial həyatda nəsə yenilik edə bilsin. Yeganə ümid yenə Rusiyayadır. O, 300 milyon dollarla bir balaca manevr imkanı qazana bilər. Ək halda Karapetyan nüfuzu daha sürətlə açağı enəcək. Digər tərəfdən Karen Karapetyan Rusiyanın siyasi dəstəyini alsa baş nazir kreslosunu Serj Sərkisyana təhvil verməyə də bilər. Bu halda hakim Respublika Partiyası parçalanacaq.
Bu arada, erməni saytlarından biri Ermənistanın demoqrafik vəziyyəti ilə bağlı maraqlı statistika açıqlanıb. 2016-cı ilin avqust və sentyabr ayında Ermənistandan Avropaya köçənlərin sayı 9 ilin ən yüksək göstəricisidir. Əgər 2008-ci ildə hər ay Ermənistandan Avropa ölkələrinə köçənlərin sayı 385 nəfər idisə, keçən ilin avqust ayında 1110, sentyabr ayında isə 1185 nəfər ölkəni tərk edib. Köçənlərin əksəriyyəti 18-34 yaşlarında olan gənclərdir. Ən maraqlısı odur ki, ötən il bir qrup silahlının İrəvan yaxınlığında polis məntəqəsini ələ keçirməsi hadisəsi köçün artmasına səbəb olub.
Serj Sərkisyanın hakimiyyətdə olduğu 2008-2015-ci illər arasında Ermənistanı 300 minə yaxın insan tərk edib. Keçmiş prezident Robert Köçəryanın prezident olduğu 1998-2008-ci illərdə isə Ermənistanı 135 min insan tərk etmişdi. Bu rəqəmlər onu göstərir ki, Köçəryanla müqayidəsə Sərkisyanın hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı iki dəfə artıb.
Ermənistan vətəndaşlarını ölkələrini tərkə iki başlıca səbəb vadar edir.
Birinci səbəb ağırlaşan iqtisadi və sosial durumdur. İnsanlar yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Bunun üçün resurs yoxdur. Ermənilər inandıqları və etibar etdikləri hakimiyyətı formalaşdırsalar belə, həmin hakimiyyət əlindəki resursla vətəndaşlarının həyatını müsbətə doğru dəyişə bilməyəcək.
İkinci səbəb isə cəbhə bölgəsindəki ağır vəziyyətdir. Ermənistanla Azərbaycan arasında sülh olmadığına görə Dağlıq Qarabağ ətrafında vəziyyət gərgin olaraq qalacaq, Ermənistan ordusu hər gün itki verir. Müharibə və lokal toqquşmalar ehtimalı yüksəkdir. Ona görə də erməni gənclər Ermənistandan kənarda – Dağlıq Qarabağda ölmək perspektivindənsə ölkəni tərk etməyə üstünlük verirlər.
Bu iki səbəb Azərbaycanı işğalçı Ermənistana qarşı təzyiqi artırmağa həvəsləndirir.

Elhan Şahinoğlu

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir