Ermənistanı Rusiyadan qoparmaq planı
Hasan Oktay: “Roma Papası yaxın zamanlarda baş tutacaq Ermənistan səfəri zamanı bu ölkəni Rusiyadan qoparmaq üçün bir həmlə edəcək”
“Rusiya Ukraynada katolik Avropaya qarşı həmlə etdiyi üçün Vatikan da bunun intiqamı Ermənistanı Rusiyadan qoparmaq və ya Qarabağda müharibə yaratmaqla almaq istəyir”
Artıq bir neçə gündür ki, Ermənistan yenidən təmas xəttində təxribatlara əl ataraq Azərbaycan mövqelərini, eyni zamanda mülki obyektləri, yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutur. Düzdür, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab versə də, ümumilikdə təmas xəttində baş verənlər təssüf doğurur. Bu arada Ermənistan prezidenti Serj Sərkisyanın işğalçı ölkənin danışıqlar prosesini dayandırması barədə verdiyi açıqlama da onu deməyə əsas verir ki, rəsmi İrəvan sözün əsl mənasında müharibəyə başlayıb. Halbuki 1-5 aprel hadisələri zamanı işğalçı ölkə Azərbaycandan atəşkəs rejiminə əməl edilməsi xahişində bulunmuşdu. Sonrakı müddət ərzində problemin sülh yolu ilə həlli məqsədilə beynəlxalq vasitəçilərin, xüsusilə Rusiyanın aktivliyinin artması belə bir görüntü yaratmışdı ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addım atılacaq. Hətta Rusiyanın təkidi ilə Azərbaycanın işğal altında olan 5 rayonunun ilkin mərhələdə azad olunacağı da bildirilirdi. Lakin proseslərin qəflətən dəyişməsi və indiki halda Ermənistanın yenidən müharibəyə meyil göstərməsi bəzi qaranlıq məqamlardan xəbər verir. Ancaq bütün halda Ermənistanın bununla nəyə nail olmaq istədiyi günün bir nömrəli sualı olaraq qalır.
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay hesab edir ki, Ermənistan 1-5 aprel hadisələri zamanı Qarabağda işğal etdiyi 2 kənd və strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini əldən verdiyi üçün hərəkətə keçib: “Son günlər təmas xəttində artan gərginlik də buna hesablanıb. Onsuz da Ermənistanın itirilmiş mövqeləri yenidən qaytarmaq üçün hərəkətə keçəcəyi gözlənilən idi. Çünki 1-5 aprel hadisələri zamanı yaşananlar, Ermənistan ordusunun verdiyi itkilər sadə ermənilər arasında ciddi ruh düşkünlüyü yaradıb. Eyni zamanda bu hadisələrdən sonra hakimiyyətdən narazıların sayı artıb. Ona görə də Ermənistan hakimiyyəti həm özünü xilas etmək, həm də ermənilər arasında yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq üçün belə addımlar atır. Daha əvvəl də qeyd etdiyim kimi ermənilər belə bir vəziyyətdə hətta Naxçıvan cəbhəsi açıb orada da vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Belə bir ehtimal çox da uzaqda deyil”. Hasan Oktayın sözlərinə görə, Ermənistanın bu təcavüzkar siyasətini bir çox Avropa dövləti, xüsusilə katolikləri təmsil edən və Roma Papasının dolayısıyla nəzarətində olan dövlətlər istismar edərək Qarabağda bir müharibə ortamı yarada bilərlər”. KAFKASSAM rəhbərinin sözlərinə görə, Roma Papası yaxın zamanlarda baş tutacaq Ermənistan səfəri zamanı bu ölkəni Rusiyadan qoparmaq üçün bir həmlə edəcək: “Bundan başqa proseslər Qarabağda böyük bir savaşa səbəb olaraq Rusiyanın bölgəyə müdaxilə etməsinə gətirib çıxara bilər. Rusiya Ukraynada katolik Avropaya qarşı həmlə etdiyi üçün Vatikan da bunun intiqamı Ermənistanı Rusiyadan qoparmaq və ya Qarabağda müharibə yaratmaqla almaq istəyir. Ermənistan istiqamətini Vatikana çevirərsə ortodoks aləmi rəsmən ikiyə bölünər. Məlumat üçün qeyd edim ki, ermənilər katoliklərlə daha öncə də belə bir ittifaq yaradıblar. Ona görə də onlar Vatikana yabançı deyillər. Yaxud bunun əksi baş verib Qarabağda ermənilərin əli ilə müharibəyə rəvac verilər və Rusiya da bölgəyə müdaxilə etmək məcburiyyətində qalarsa, o zaman Rusiya Qərbin gözündən daha da düşəcək. Həmçinin Qarabağda meydana gələcək və nəzarəti qeyri-mümkün olan müharibəni qərb Rusiya ərazisinə keçirmək üçün bir həmlə edə bilər. Reallıqda Rusiyanı qarşılarına ala bilməyən Qərbin Rusiyanı daxildən zəiflətmək üçün belə bir həmlə etməsi mümkündür”. Cəbhədə erməni təxribatının artdığı bir ərəfədə Azərbaycanın hansı addımı atmalı olduğuna gəlincə, Hasan Oktay hesab edir ki, Azərbaycan belə bir situasiyada diplomatik fəallığını artırmalıdır: “Hətta Rusiyanın iştirakı ilə Qarabağdakı kritik vəziyyət təkrar gündəmə gətirilərək erməni işğalına bir an öncə son qoyulmasına çalışmalıdır. Eyni zamanda bu bölgənin açıq müdaxilə sahəsinə çevrilməsi cəhdləri əngəllənməlidir”. KAFKASSAM rəhbəri hesab edir ki, bu baxımdan bu günlərdə Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumu Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətlidir.
Süleyman İsmayılbəyli
http://olaylar.az/news/world/173721