KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistandan Lavrova sərt Cavap

Ermənistandan Lavrova sərt Cavap

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
26 0

 

Ermənistan hökuməti avqustun 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçməli olan nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı guya Yerevanın “sabotaj” etməsinə dair iddialarını rədd edib.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu razılaşma 2020-ci il Azərbaycan-Ermənistan müharibəsinə son qoymuş üçtərəfli bəyanatın bir hissəsidir.

Lavrovun avqustun 19-da Rusiya XİN-in saytında dərc olunmuş bəyanatında deyilirdi:

“Ermənistanın Sünik vilayətindən keçəcək nəqliyyat marşrutuna gəlincə, baş nazir Nikol Paşinyanın imzaladığı bu razılaşmanı Ermənistan sabotaj edir. Belə bir mövqeyi başa düşmək çətindir”.

Azatutyun qeyd edir ki, Lavrov həmin üçtərəfli bəyanatın Azərbaycanın üzərinə qoyduğu öhdəliklərdən – Bakının hərbi əməliyyatları dayandırmalı olmasından, Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsindən danışmayıb.
Lavrovun üstünü vurmadığı məsələlər
Azatutyun vurğulayır ki, Bakı 2022-ci ildə Laçın dəhlizini bağlayanda və daha sonra 2023-cü ildə Qarabağda hərbi əməliyyat keçirəndə sülhməramlılar bu hadisəyə müdaxilə etməyiblər və nəticədə Qarabağın bütün erməni əhalisi bölgəni tərk etməli olub.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan avqustun 20-də deyib ki, Lavrov Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı guya “konstruktiv rolunu” sual altında qoyur.

Badalyan vurğulayıb ki, rusiyalı nazir həmin razılaşmanın pozulmayan bir bəndinin də qalmamasını görməzliyə vurur:

“Biz habelə inanırıq ki, Rusiya xarici işlər naziri Ermənistanın açıqlanmış sənədlərdən başqa hər hansı başqa razılaşmaya tərəf olmadığını və bu səbəbdən nəyisə sabotaj edə bilməyəcəyini də yaxşı bilir”.

Azatutyun yazır ki, Ermənistan və Azərbaycan ən azı indiyədək sərhədlərinin ticarət və səyahətə açılmasının mexanizmləri barədə razılığa gəlməyiblər.
“Qərəzli bəyanatlar”
Bakı Azərbaycan və Naxçıvan arasında adamların və yüklərin Ermənistanın sərhəd nəzarəti olmadan hərəkətini istəyir.

Ermənistan isə israr edir ki, kommunikasiyaların açılmasına tərəfdardır, lakin iki ölkənin ərazisindən keçən kommunikasiyalar həmin ölkənin yurisdiksiyası altında olmalıdır.

Badalyan Moskvanı Qərb tərəfindən dəstəklənən layihəni və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün daha geniş səyləri “qərəzli bəyanatlarla” sabotaj etməməyə çağırıb.

Azatutyun vurğulayır ki, Lavrovun bu bəyanatı prezident Vladimir Putinin Azərbaycana səfər etdiyi gün açıqlanıb və belə görünür, Moskva Yerevanla münasibətlərdə soyuqluğa rəğmən Bakı ilə yaxınlaşmasını vurğulamaq istəyib.

Rusiya israr edir ki, üçtərəfli bəyanata görə Azərbaycan və Naxçıvan arasında kommunikasiyalara Rusiya sərhədçiləri nəzarət etməli idilər.

Yeri gəlmişkən Bakı son bəyanatlarında sözü gedən kommunikasiyanın açılması məsələsinin sülh müqaviləsi layihəsindən çıxarılmasına razılıq verdiyini bildirib.
Azadlıq radiosu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir