KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistan hakimiyyəti təslim olmaq istəmir

Ermənistan hakimiyyəti təslim olmaq istəmir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
303 0


Ermənistanda baş nazirin vəzifələrini icra edən Karen Karapetyan etirazlara rəhbərlik edən Nikol Paşinyanla görüşdən imtina edib. Karapetyanın görüşə gəlməməsinə də aydınlıq gətirən müxalif lider deyib ki, baş nazirin müavini danışıqları aparan şəxs kimi öz gücünə əmin deyil:

“Əgər o özünə əmin deyilsə, Qarabağla bağlı danışıqları necə aparacaq? Rusiya Ermənistanın daxili işlərinə müdaxilə etməyəcək. Dəfələrlə demişəm ki, bu aksiyanın geosiyasi konteksti yoxdur. Nalbandyanın Moskvada nələri müzakirə etdiyini bilmirəm. Yəqin ki, görüntü yaratmaq istəyirlər ki, guya hakimiyyətə xaricdən dəstək var”.

Paşinyan bildirib ki, Karapetyanın fəaliyyətləri etirazçıların haqlı olduğunu göstərir. Onun sözlərinə görə, Karapetyan Serj Sarkisyanın yolu ilə gedir: “Respublika Partiyası böhranı daha da dərinləşdirir. Əgər partiya öz mövqeyindən əl çəkməsə, vəziyyət daha da gərginləşəcək. Xalqın qələbəsinin əlindən alınmasına izn verməyəcəyik. Hələlik aksiyaları iki günlük saxlama qərarı alırıq. Səbəb isə insanların istirahət etməsidir”. Mitinqin təşkilatçısı yeni aksiyaların tarixini də açıqlayıb: “Ermənistanın bütün əhalisini mayın 1-də küçələrə çıxmağa səsləyirəm. Ümid edirəm, Daşnaksütyun və Çiçəklənən Ermənistan Partiyası mayın 1-nə qədər mövqelərini dəqiq müəyyən edəcəklər”. Bu arada Rusiya Dumasının MDB İşləri üzrə Komitəsinin deputatları təcili olaraq İrəvana gediblər. Nümayəndə heyətinə Leonid Kalaşnikovun rəhbərlik etdiyi bildirilib. Onların İrəvanda erməni deputatlarla görüşü və prosesləri müzakirə etməsi nəzərdə tutulub.

Ermənistandakı aksiyaları “Şərq”ə dəyərləndirən AMİP funksioneri, politoloq Əli Orucov deyib ki, Ermənistanda baş verənlər Qərblə Rusiya arasında olan gizli çəkişmədir. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri yaxşı anlayırlar ki, Rusiyaya tətbiq edilən sanksiyaları daha effektli etmək üçün Moskvanın əl-qolunu bağlamaq, təsir zonalarını daraltmaq lazımdır:

“Ermənilər Rusiya ilə bir yerdə batmaq, tamamilə məhv olmaqdan qurtulmaq üçün Moskvadan uzaq durmağa, məsafə saxlamağa çalışır. Nikol Paşinyan etirazın önündə gedən, tribunu olan şəxsdir. Amma etirazı həqiqi baxımdan idarə edənlər hələ də üzə çıxmağa tələsmirlər. Ona görə də Paşinyanın baş nazir postu tutacağı o qədər də inandırıcı deyil. Bunun üçün erkən parlament seçkiləri keçirilməli, Paşinyanın partiyası, yaxud da koalisiyası ali qanunverici orqanda mütləq yeri qazanmalıdır. Lakin indiki tərkibdə Paşinyanın təmsil etdiyi “Yelk” blokunun cəmi 9 mandatı var. Hətta digər iki blok onun namizədliyini dəstəkləsə belə yenə də baş nazir ola bilməyəcək. Çünki 131 yerlik Ermənistan parlamentində hakim partiya 58 deputatla təmsil olunur. Görünür, hakim partiya təslim olmaq niyyətində deyil. Lakin bununla belə siyasi proseslər çox təhlükəli mərhələyə çatıb”.

Ə.Orucov bununla belə etiraz və qarşıdurmaların silahlı mərhələyə keçəcəyinə ehtimal vermir:

“Nə Qərb, nə də Rusiya Ermənistanda vətəndaş müharibəsinə, lokal silahlı toqquşmalara imkan verməzlər. Həmçinin, Azərbaycan faktoru da onları çəkindirir. Amma bütün bunların yekunu olaraq qeyd edim ki, Ermənistanda siyasi etirazlar tezliklə sönməyəcək”.

İsmayıl

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir