KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Erkin Qədirli: Rusiya əsgərlərinin Qarabağa girməsini “sülhməramlı” adlandırmaq doğru deyildir

Erkin Qədirli: Rusiya əsgərlərinin Qarabağa girməsini “sülhməramlı” adlandırmaq doğru deyildir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
332 0

Birincisi, slühməramlı missiyalar hansısa beynəlxalq təşkilatın (məs. BMT, ATƏT və s.) qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya, bir qayda olaraq, bir neçə dövlətə tapşırılır. Bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur. İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir. Missiyanı icra edənlərin özləri hansısa dəyişikliyi edə bilməzlər. Üçüncüsü, sülhməramlı missiyanı icra edənlər onlara bu missiyanı tapşıran beynəlxalq təşkilat qarşısında hesabatlı olurlar. Rusiyanın gerçəkləşdirdiyi hərbi əməliyyat bu meyarların heç birisinə cavab vermir. Rusiyanın özünü sülhməramlı adlandırması da heç nəyi dəyişmir. Burası belə.

Ötən yazımda Rusiya əsgərlərinin Qarabağa girməsini “qoruyucu dövlət” anlayışı çərçivəsində anlamağa çalışmağın daha doğru olduğunu yazmışdım. Yeri gəlmişkən, o yazıya gəlmiş şərhlərin bir neçəsində Rusiya əsgərlərinin Qarabağa girməsinə haqq qazandırmaq cəhdi kimi yozanlar oldu. Yazımı o cür yozanların təməl gümanları yanlışdır. Tam əksinə, mən Rusiya əsgərlərinin Qarabağa girməsinə qarşıyam. Ümumiyyətlə, Rusiyanın torpaqlarımızda hər hansı hərbi varlığını ölkəmizin müstəqilliyinə təhlükə sayıram. Çeşidli yazılarımda bunu dəfələrlə bildirmişəm. Hələ ReAl-ın bununla bağlı bəyanatını demirəm. Bunun fonunda məni Rusiyanın etdiklərinə haqq qazandıran birisi kimi qələmə vermək cəhdlərini ən azından qərəzli sayıram.

Ola bilsin ki, “qoruyucu dövlət” ifadəsi kiməsə müsbət göründü, ya da mənim ona sözügedən kontekstdə müsbət yanaşdığımı güman edənlər oldu. Bu da yanlış yanaşmadır. Ötən yazımda izah etməyə çalışmışdım. “Qoruyucu dövlət” (Protecting Power) bir beynəlxalq hüquq terminidir, iki kontekstdə işlədilir. Sülh kontekstində – diplomatik əlaqələri olmayan dövlətlərin bir-birilə münasibətlərdə maraqlarının üçüncü dövlət tərəfindən təmsilçiliyi (Vyana Konvensiyası). Müharibə kontekstində – savaşan dövlətlərin neytral bir dövlətə müraciəti əsasında beynəlxalq humanitar hüquqdan doğan görəvlərin üçüncü dövlət tərəfiindən yerinə yetirilməsi (Cenevrə Konvensiyaları). Birinci konteksti bundan öncəki yazımda sözgəlişi izah etməyə çalışdım. Rusiyanın bu kontekstə aidiyyatı yoxdur. İkinci kontekst, müharibə olduğuna görə, uyğun ola bilərdi, amma Rusiya buraya da uyğun gəlmir. Birincisi, Rusiya neytral dövlət deyil, düşmənimizin hərbi müttəfiqidir. Beynəlxalq hüquqa görə ancaq neytral dövlət qoruyucu ola (sayıla) bilər. İkincisi, nə Ermənistan Rusiyaya qoruyucu dövlət olmaqla bağlı müraciət edib, nə Azərbaycan. Belə müraciətlər Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilir, bir qayda olaraq. Çox zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinin özü qoruyucu dövlətin görəvlərini yerini yetirir. Beləliklə, bu iki meyar, Rusiyanın qoruyucu dövlət sayılmaması üçün yetərli əsas verir.

Bununla belə, Rusiya, faktiki olaraq, qoruyucu dövlətdir, amma Cenevrə Konvensiyalarının anlamında deyil, bir məcaz kimi. Rusiya buraya erməniləri qorumağa gəlib. Bunu daha öncədən da anlamaq olardı. İndi isə Rusiyanın etdiklərindən aydın görmək olur. Bu gün Rusiya SSRİ-nin son illərində Qarabağda yaradılmış və bizim əleyhimizə işləmiş “xüsusi idarəetmə”nin oxşarını qurur.
Rusiya əsgərlərinin Qarabağa girməsinin hüquqi baxımdan, yümşaq desəm, qüsurlu olmasını öncəki yazılarımda bildirməyə çalışmışam. Bundan sonrakı yazılarımda da bu mövzunun çeşidli yanlarını və onlardan doğan problemləri anlatmağa çalışacağam. Bunları bilməyi önəmli sayıram:

1) Putin-Əliyev-Paşinyan anlaşmasından doğan öhdəliklərin mahiyyəti dövlətlərası müqavilənin olmasını şərtləndirir;
2) Ermənistanla Azərbaycanın bir-birini de-yure tanımaması, aralarında diplomatik əlaqələrin olmaması, belə bir müqaviləni mümkünsüz edir;
3) anlaşmanı imzalamış üç dövlətdən ikisinin bir-birini de-yure tanımaması formal olaraq üçlü sayılan anlaşmanı, faktiki olaraq, iki ikili anlaşmaya çevirir: a) Rusiya-Ermənistan; b) Rusiya-Azərbaycan;
4) bu anlaşma nə Ermənistan üçün Azərbaycan qarşısında, nə də Azərbaycan üçün Ermənistan qarşısında hansısa öhdəliyi doğurur;
5) öhdəliklərin hamısı Rusiya qarşısındadır – Ermənistan Rusiya qarşısında öhdəlik götürüb ki, Ağdamdan, Kəbəcərdən və Laçından çıxacaq, Azərbaycan da Rusiya qarşısında öhdəlik götürüb ki, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və s. girməyəcək (ən azından bir müddət, məsələn, yaxın 5 ildə)

Putinin özü son mətbuat konfransında aydın söylədi ki, bu anlaşma heç bir normativ, o cümlədən beynəlxalq hüquq çərçivəsinə tam uyğun gəlmir. Bunun özü bir problemdir, geopolitik dəyişikliklərdən doğur. Bu haqda sonra yazaram. Yeri gəlmişkən, bundan sonrakı yazımda problemə geopolitik bucaqdan baxmağa çalışacağam. Hüquqi konteksti tamamlamaq üçün onu da yazım ki, bundan sonra Qarabağın qalan hissəsi üzərində, Avropa İnsan Haqları Məhkəməsinin dili ilə desək, “effektiv kontrol” Ermənistanın deyil, Rusiyanın əlindədir. AİHM “işğal” sözünü işlətməkdən çəkinir, onun yerinə “effektiv kontrol” söz birləşməsini işlədir. Bunu ona görə yazdım ki, “Çiraqov və başqaları Ermənistana qarşı” işindən, bir presedent kimi, bundan sonra Rusiyaya qarşı yararlanmaq olar. Örnəyi, Eynulla Fətullayev Ağdərəyə getmək istədiyini, amma oraya buraxılmadığını saytında yazmışdı. Bu, həmin elə o kontekstdir. Azərbaycan vətəndaşını Azərbaycan ərazisində Azərbaycana aid olmayan silahlı qüvvələr harasa buraxmayıblar. Burada Avropa İnsan Haqları Anlaşmasının pozuntusu vardır, amma Azərbaycan hökumətinin o yerlər üzərində nəzarəti olmadığından, orada effektiv kontrolun Rusiyanın əlində olduğundan, cavabdeh tərəf də Rusiya olmalıdır. Bu isə həm də o deməkdir ki, bundan sonra bağlanacaq beynəlxalq müqavilələrimizdə ərazimizə hələ də tam nəzarət etməməyimizlə bağlı qeyd-şərt qalmalıdır.

Erkin Qədirli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir