ABŞ prezidenti Donald Tramp ətrafında qalmaqallar səngimək bilmir. 79 yaşlı qocaman siyasətçi ilk prezidentliyi dövründən bu yana ABŞ dərin dövləti ilə “toqquşmağa” davam edir. ABŞ-nin ənənəvi oturuşmuş dövlət fəlsəfəsi xarici siyasətdə daima yayılmacı xəttə üstünlük verib. Tramp isə əksinə,daxilə qapanmağa və əsasən iqtisadi gündəmlə məşğul olmağa fokuslanırdı. Bu isə beynəlxalq sferada Rusiya,Çin kimi geopolitik rəqiblərə böyük manevr imkanları yaradırdı. Bundan başqa tarixən miqrantlar ölkəsi kimi tanınan ABŞ Trampın ilk prezidentliyi dövründə bu yöndə sərt addımlar atmış və böyük sayda miqrantın ölkəyə gəlişi məhdudlaşdırılmışdı. Amma həmin dövrdə dərin dövlət də boş dayanmır,əlindəki təzyiq vasitələrini işə salaraq Trampın manevr imkanlarını mümkün qədər azaltmağa çalışırdı. Həmin dövrdə impiçment məsələsinin dəfələrlə gündəmə gətirilməsi,prezidentin özəl həyatı ilə bağlı bəzi skandalların gündəmdə saxlanması bu təzyiq vasitələrindən bir neçəsi idi.
İkinci dəfə prezidentliyə namizədliyini elan etdikdən sonra dərin dövlətlə-Tramp arasında konfliktlər yenidən baş qaldırmağa başladı. Trampın seçki vədləri arasında Rusiya-Ukrayna savaşına son qoymaq,qanunsuz şəkildə ölkədə yaşayan miqrantlara qarşı sərt tədbirlər,populist iqtisadi vədlər və sair iddialı məsələlər yer alırdı. Publik şəkildə Putinlə yaxşı əlaqələrə malik olmasını elan etməsi isə ümumiyyətlə bir çox mərkəz tərəfindən qıcıqla qarşılanırdı.
Trampın beynəlxalq arenada buraxacağı “boşluqlar” Putin və Çin rejimi üçün yeni fürsətə çevrilə bilərdi. Bütün bu qeyd olunanların fonunda 13 iyul 2024-cü ildə Pensilvaniyada Trampa qarşı sui-qəsd təşkil olundu. Hücum zamanı bəxti gətirən Tramp qulaq nahiyəsindən aldığı yara ilə canını qurtara bildi. 15 sentyabr 2024-cü ildə isə,Trampa qarşı ikinci dəfə sui-qəsdə cəhd edildi. Bu dəfə də sui-qəsd uğursuzluqla yekunlaşdı və silahlı şəxs zərərsizləşdirildi. Yaşanan bu olaylardan sonra belə qənaətə gəlmək olar ki,kimlərsə inadla Trampı aradan götürməkdə israrlıdır. Bu məqamda isə ilk ağla gələn məhz ABŞ dərin dövləti oldu. Çünki iki tərəf arasında hədsiz dərəcədə fikir ayrılıqları,uzlaşmayan məqamlar var idi. Amma sui-qəsd cəhdləri Trampın seçki marafonuna ciddi zərbə olmadı. Əksinə o bu sancılı dövrdə yeni dividentlər qazanaraq ölkə daxilində reytinqini bir qədər də artırdı. Qəribə səslənsə də Trampın Noyabrda keçirilən prezident seçkilərindəki qələbəsində bu uğursuz sui-qəsdlərin də ciddi payı oldu.
Bugün Trampın ikinci dönəm prezidentliyinin ilk 40 günü geridə qaldı. Bu 40 günlük dönəmdə o böyük qalmaqallarla,uzun illər ərzində inşa olunan beynəlxalq nizamı təhdid altına salan açıqlamalarıyla diqqət çəkdi. Bu açıqlama və qərarlardan bəzilərinə diqqət yetirək:
1)Kanada və Danimarkaya(Qrenlandiya adası) ərazi iddiası qaldırması. Kanadanı ümumiyyətlə suveren dövlət kimi qəbul etməməsi. Meksika körfəzinin adının dəyişdirilməsinə cəhd olunması.
2)Ölkə daxilində sənədsiz yaşayan miqrantlara qarşı sərt tədbirlərə start verməsi. Onların bir hissəsi bu 40 günlük müddətdə artıq ABŞ-dən qovulub.
3)Çin,Kanada,Meksikadan idxal olunan bir çox məhsullara yeni və yüksək tariflərin müəyyən edilməsi haqda qərarlar verilməsi
4)Rusiya-Ukrayna savaşını tələsik bitirmək istəyi. Tramp seçki dönəmində 24 saata bitirməyə söz verdiyi bu savaşı tələsik “dondurmaq” üçün əlindən gələni edir. Onu hansısa tərəfin qələbəsi,üstün mövqedə qalması ciddi maraqlandırmır. Əsas hədəfi məhz savaşı dayandırmaq,”dondurmaqdır”. O ilk vaxtlarda tərəflərin itkilərini şişirdilmiş şəkildə təqdim edərək hər iki ölkə üzərində təzyiq yaratmağa çalışdı. Sonra Rusiya tərəfini yeni sanksiyalarla,ucuz neftlə “vuracağını” dilə gətirdi. Növbəti məqamda isə savaşın daha zəif bəndi olan Ukrayna tərəfini hədəf aldı. Tramp son dönəmdə Ukrayna tərəfindən ağlasığmaz güzəştlər istəyir. Bu bir daha onu göstərir ki,hazırki ABŞ prezidentinin bu savaşı qısamüddətdə bitirmək üçün konkret planı olmayıb. Bu sadəcə seçki dönəmində verilmiş populist vəd idi.
5)LGBT mövzusunda sərt addımların atılması. Trampın bu addımı ölkənin mühafizəkar kəsimi tərəfindən dəstəklənsə də,dünyanın bir çox yerində ona qarşı etiraz səsləri yüksəlməyə başladı. Xüsusilə bəzi qlobalistlər bu mövzuda Trampı sərt şəkildə qınadılar.
Cəmi 40 gün ərzində Donald Tramp bu qədər kəskin,qalmaqallı addımlar ata bildisə,qarşıdakı 4 illik müddətdə o komandası ilə birgə daha hansı sensassiyalı işlər ortaya qoya bilər ?
Bütün bu baş verənlər ABŞ dərin dövlətini və qlobalist elitanı ciddi narahat edir. Ehtimal edirəm ki,qeyd olunan mərkəzlər Trampa bir müddət səbrlə dözəcəklər. Əgər hazırki prezident bu şəkildə radikal dəyişikliklərə davam edərsə qeyd olunan mərkəzlər böyük ehtimalla onu bağışlamayacaq. Donald Tramp qarşıdakı müddətdə hansısa növbəti sui-qəsd və ya “qəzada” həyatını itirəcək. Çünki görsənən odur ki,Trampı başqa cür dayandırmaq mümkün olmayacaq.
Elvin Baxşalızadə