KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elnur Majidli: Ukrayna və Rusiya arasında Azərbaycan körpüsü

Elnur Majidli: Ukrayna və Rusiya arasında Azərbaycan körpüsü

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
60 0

Ötən həftə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ani Ukrayna səfəri bütün dünya ictimaiyyətinin diqqət mərkəzindəydi.
Son günlər, NATO-Ukrayna-Rusiya üçbucağında artan gərginliyin kölgəsində fərqli mesajlar barındıran bu səfərin xüsusi əhəmiyyətini bir də qeyd etmək lazımdır.
Cenevrədəki ABŞ-Rusiya yüksək əhəmiyyətli dialoq görüşünün ardınca baş tutan bu ani səfəri təsadüfi saymaq doğru olmazdı.
Kifayət qədər özündə konkretlik ehtiva edən və beynəlxalq ictimaiyyət üçün gözlənilməz olan bu səfər, iki fərqli və ikitərəfli mesaj xarakteri daşıyırdı.
Birinci məqam, Azərbaycanın beynəlxalq miqyasda iki dövlət arasında bir başa vasitəçilik missiyası həyata keçirməsi və bu addımın qərb və Avropa Birliyi ölkələri tərəfindən dəstəklənməsiydi.
Təbii ki, son on ildə aparılan doğru xarici siyasətin Azərbaycanı bir çox ölkə və beynəlxalq qurumlar üçün etibarlı tərəfdaşa çevirməsinin daha bir isbatı olan bu görüş, həm də milli diplomatiyamızın yeni bir mərhələyə qədəm qoymasından xəbər verirdi.
İkinci məqam, Cenevrə görüşündən istədiyi nəticəni ala bilməyən Rusiyanın Ukrayna sərhədinə cəmləşdirdiyi 100 minlik orduyla hərbi təlimlərə başlaması təəccüb doğurmasa da, bu ölkənin Ukraynanı müharibə və işğalla hədələdiyi bir dövrdə baş tutan ani səfərin, Ukrayna dövlətinə və xalqına dəstək xarakterli və tarixi əhəmiyyət kəsb edən ziyarət olduğunu söyləyə bilərik.
Eyni zamanda, İlham Əliyevin Kiyevdə, Ukrayna prezidenti Volodimir Zelenskiylə isti görüşü, Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsiylə bağlı deyilən fikirlər, Qarabağda öz təxribatçı əməllərinə davam edən Rusiyaya verilən ciddi mesajdır.
Qərb ekspertləri tərəfindən müsbət rəy verilən və Azərbaycanın vasitəçilik missiyasının önə çıxdığı bu görüşdə müzakirə olunan və müzakirə olunduğu ehtimal olunan məsələlərə gəlincə, əsas mövzunun Putinin yeni mesajının və yaxud təklif etdiyi güzəştlərin müzakirəsi olduğunu təxmin etmək çətin deyil.
Cenevrə görüşündə ciddi uğursuzluq yaşayan Putin NATO dəstəkli Ukrayna ilə açıq savaşa girməkdən çəkinsə də, Ukraynanın NATO-ya üzv edilməsini qəbuledilməz sayır və Rusiyanın milli təhlükəsizlik maraqlarının qırmızı xətti hesab edir.
İndi ən çox seçim qarşısında qalan Putindir, ya ikitərəfli destruktiv savaşı, ya da qarşılıqlı konstruktiv sülhü və diplomatiyanı seçməlidir.
Hər iki ölkə münasibətlərinin dalana dirənməsiylə, uzun illər sonra Putin ilk dəfə beynəlxalq arenada bu cür küncə sıxışmış, yaxud sıxışdırılmış vəziyyətdədir.
Hazırda rəsmi Kreml hərbi münaqişədən yayınmaqla Ukraynanı əldə saxlamağın formatını yaxud yollarını axtarır, buna görə də geniş güzəştlərin edilməsi qaçınılmazdır.
Bu baxımdan bu görüşdə Ukraynanın NATO-ya üzv olmaması müqabilində, Rusiyanın 8 ildir işğalda saxladığı Ukraynanın Donetsk və Lugansk vilayətləriylə yanaşı, hətta Krımı da Ukraynaya geri verməyə razılaşmasıyla bağlı müzakirələr olduğunu düşünmək olar.
Təbii ki, bu güzəştlərin həcmindən asılı olmayaraq hər iki ölkə arasındakı gərginliyin azalması keçici olacaq. Ola bilsin ki, tərəflər arasındakı bu qarşıdurma ertələnəcək, tərəflərin nəzərdə tutduğu və planladığı prosesləri bir qədər yubadacaq. Çox güman ki, hərbi münaqişə bir müddətlik donacaq və daha sonra təkrar alovlanacaq.
Hər iki tərəfin özünü hazırladığı maksimum və minimum variantlarda belə, kəskin ziddiyyətlərin olması, hərbi konflikti qaçınılmaz edir.
İndiki məqamda Putinə vaxt lazımdır ki, Ukraynada rusyönümlü hakimiyyəti bərpa etməklə bağlı daha genişmiqyaslı cəhdlər etsin. Vaxt isə Ukraynanın lehinə işləyir.
Azərbaycanın Ukrayna ilə ərzaq təhlükəsizliyi məsələsində ortaq layihələr həyata keçirməsi, Rusiyadan idxal etdiyimiz buğda hegemonluğuna da son qoyacaq, taxıl bazarında Rusiyanın diktə etdiyi qiymətlərə alternativlər formalaşacaq.
Bu görüşdə Azərbaycanın iki slavyan ölkəsi arasında vasitəçi kimi çıxış etməsi tərəflərin Azərbaycana etdiyi etimadla yanaşı, ölkə prezidenti İlham Əliyevin diplomatik bacarığını göstərir.
İstənilən halda, dünənə qədər Azərbaycanla hədə və şantaj dilində danışanların bu gün ölkəmizdən vasitəçi olmasını xahiş etməsi, Azərbaycanın nə qədər güclü və müstəqil olduğuna və bu yöndə qətiyyətlə irəlilədiyinə bir nişanədir.
Azərbaycanın əyninə biçilmiş kaftanın təxmin ediləndən daha böyük olduğunu, daxildə aparılan çoxşaxəli və genişmiqyaslı islahatların öz nəticəsini verdiyini və bu islahatların Azərbaycanın xarici siyasətini daha da gücləndirdiyini, öz mövqeyini daha açıq şəkildə ortaya qoymasına şərait yaratdığını bir daha görməkdəyik.
Daxili islahatlar xalq-hakimiyyət vəhdətini daha da gücləndirir və bu vəhdətdən güc alan hakimiyyət öz xarici siyasətini daha əmin şəkildə qura, ölkəmizin milli maraqlarını hərtərəfli ortaya qoya bilir.
Elnur Majidlikafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.