KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elnur Majidli: Putinin Qarabağ oyunu

Elnur Majidli: Putinin Qarabağ oyunu

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
335 0

Rusiya, tazıya qaç, ovçuya vur deyir. Ehtiyatlı olmaq lazımdır.

Qarabağda son baş verənlərin arxasında Rusiya və onun imperialist maraqlarının dayandığı heç kimə sirr deyil.

Rusiya sülhməramlılarının olduğu ərazilərdə, həmçinin Ermənistanla bərpa edilən sərhədlərimiz boyunca, istər məğlub Ermənistan ordusunun qalıqları, istərsə heç bir mövcudiyyəti qalmamış keçmiş qondarma rejimin tör-töküntüləri tərəfindən edilən silahlı təxribat və hərbi manipulasiya cəhdlərinə Rusiyanın göz yumması, bunu deməyə əsas verir.

Hər dəfə, Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyanın vasitəçiliyi olmadan təkbətək görüşüylə bağlı fikirlər səslənəndə, sərhəddə atəşkəs pozulur, Qarabağda hərbi təxribatlar baş verir.
Azərbaycan ordusunun qətiyyəti, qorxmazlığı və əzmkarlığı sayəsində bütün bu təxribatlar hər dəfə qarşı tərəfin rüsvayçılığıyla bitir.

Lakin, bu təxribatlara və təxribat cəhdlərinə göz yuman rus sülhməramlılarının tərəfsizlik məsuliyyəti, daima müzakirə mövzusu olmalı və gündəmdə saxlanılmalıdır.

Vur-qaç-tut oyununun arxasında Rusiya dayanır.

Biz burada, bir daha Putinin regionda növbəti ikibaşlı ya da ikiüzlü siyasətinin şahidi oluruq.

Ona görə də, Qarabağda baş verənləri ikitərəfli ələ almaq lazımdır.

1. Putinin Ermənistana, daha doğrusu Paşinyana qulaqburma vermə cəhdi.

Qarabağın işğalda qalması, Rusiya üçün hər nə qədər Azərbaycan üçün ciddi təsir vasitəsiydisə, bir o qədər Ermənistanın stabilliyinə soxulmuş çomaq idi.

Keçən il əldə etdiyimiz böyük zəfərdən sonra, Rusiyanın Azərbaycana təsir imkanlarının eyni olmadığını görürük. Eyni zamanda, Ermənistan baş naziri Paşinyan da, böyük məğlubiyyətdən sonra, Ermənistanın boynuna keçirilmiş Qarabağ buxovundan xilas olmağa çalışır.

Putin yaxşı bilir ki, Qarabağda gərginlik davam etdiyi müddətdə, Ermənistanda daxili stabilliyi bərqərar etmək çətin olacaq, Paşinyan da bunun fərqindədir və bu problemdən minimum itkiylə qurtulmağa çalışır.

Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, erməni milli azlığın hüquqlarını qorumaq barədə düşünmək, Paşinyanın daha çox işinə yarayır.

Əsas məsələ, Ermənistanı Rusiyanın boyunduğundan çıxartmaq, Türkiyə və Azərbaycanla qonşuluq əlaqələrini bərpa edərək, regionda daimi sülhə nail olmaqdır.

Paşinyanı özünə tabe edə bilməyən Putin, əlindən gəldikcə Qarabağda vəziyyətin gərginləşməsində maraqlıdır, çünki bu gərginlik, bir başa Ermənistan daxili siyasətinə təsir etməkdədir.
Sonuncu seçkilərdə Paşinyanın növbəti dəfə Rusiyanın namizədlərinə qarşı üstünlük əldə etməsini həzm edə bilməyən Putin, Ermənistan baş nazirini hədəfə qoyduğu bəllidir, bu planın içində sui-qəsd cəhdi belə istisna deyil.

Azərbaycandan fərqli olaraq, Ermənistanda Rusiyanın 5-ci kolonu öz gücünü qoruya və ölkədəki siyasi proseslərə müəyyən mənada təsir göstərə bilir.

Eyni zamanda, Ermənistan ordusunun hələ də Rusiyanın 5-ci kolonunun tam nəzarətində olduğunu, bir il əvvəlki ağır məğlubiyyətə və kapitulasiya aktına baxmayaraq, rusyönümlü hərbçilərin orduda əksəriyyət təşkil etdiyini görməkdəyik.

2018-ci ildə məxməri inqilabla hakimiyyətə gələn qərbyönümlü erməni baş naziri Nikol Paşinyanın ordu daxilində aparmaq istədiyi islahatların ləngiməsi, ordu daxilindəki qatı rusyönümlü dirənişə cavab olaraq, son üç il ərzində 4 müdafiə naziri təyin etməsini də bu fonda dəyərləndirmək lazımdır.

Xüsusən, Azərbaycanın əldə etdiyi böyük zəfər və biabırçı kapitulasiya aktından sonra keçən 1 il ərzində təyin etdiyi son iki müdafiə nazirinin Paşinyana xəyanət edərək, Rusiyanın göstərişlərini yerinə yetirməsi, olduqca acınacaqlıdır, ölkənin suverenliyinin ayaqlar altına alınmasıdır. 256 gün müdafiə naziri olan Vaqarşak Haritunyan və nazir kürsüsündə sadəcə 104 gün qalan Arşak Karapetyanın Rusiyanın 5-ci kolonunun qulluqçusuna çevrilmələri, bu ölkənin həm də milli faciəsidir.

2. Azərbaycanın çimdiklənməsi

Rusiyanın Türkiyə ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, davamlı güclənən Azərbaycan-Türkiyə tandeminin Putini qıcıqlandırdığını düşünsək, yanılmarıq.

Bu baxımdan, Rusiya Qarabağda gərginliyi artırmağa çalışmaqla həm də Azərbaycana mesaj vermək istəyir.

Qanunsuz erməni qruplaşmalarının yenidən formalaşması və fəaliyyəti, təəssüf ki, rus sülhməramlılarının nəzarəti altında həyata keçirilir. Bu cür addımlar, təbii ki, Azərbaycan- Rusiya münasibətlərinə müsbət təsir göstərə bilməz, zor gücüylə Azərbaycanı öz yanına çəkmək cəhdi, ancaq uğursuzluqla nəticələnə bilər.

Bu günkü Azərbaycan, 1991-ci ildə SSRİ-dən ayrılmış, nümayişlərin, çevrilişlərin və iqtisadi çöküşün kölgəsindəki ölkə deyil.
Bu gün, Azərbaycan Rusiya ilə masada Ermənistandan fərqli olaraq daha əmin şəkildə oturur.

Bununla yanaşı, Avropadan Asiyaya uzanan coğrafiyada yaşayan türk xalqlarının hər zaman xəyalını etdiyi, qəlbində yaşatdığı Turan ideyası, bu gün Türkiyə liderliyində əyani olaraq formalaşmaqda və təşəkkül tapmaqdadır.

Azərbaycanın da bu ideyaya güclü şəkildə dəstək verməsi, bu fəaliyyətin qarşılığı olaraq ölkə prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının İstanbuldakı sonuncu zirvə toplantısında Türk Dünyasının Ali Ordeniylə təltif olunmasını, təbii ki, Rusiya birmənalı qarşılamır.

Həmçinin, keçmiş SSRİ respublikalarından 4-ünün (Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan) bu təşkilata üzv olması, sonuncu zirvə toplantısında Türkmənistanın belə dövlət başçısı səviyyəsində iştirakı, heç də azımsanacaq məsələ deyil.
Türkiyənin Qafqazda və orta Asiyada güclənməsi, Rusiyanın maraqlarına zidd olsa da, bu qarşısıalınmaz bir prosesdir.
Bu prosesdə, Türkiyəyə cığır açan, dəstək verən ilk ölkə isə Azərbaycandır.

Rusiya, Azərbaycanı bu prosesdən məhz buna görə kənarda tutmağa maraqlıdır və buna görə də Qarabağda gərginliyi artırmaqla, Azərbaycanı yenidən içinə qapanmağa və sadəcə Qarabağ məsələsiylə məşğul olmasına yönəltmək istəyir.

Rusiya, Ermənistan-Azərbaycan arasındakı hərbi gərginlik fonunda öz moderatorluğunu qorumaq və hər iki ölkəyə təsir imkanlarını öz əlində saxlamaq istəyir, bu isə artıq mümkün deyil.

Rusun xaç atası ermənidir, bunu unutmaq olmaz. Rus imperializminin içində erməni xaçı gizlənir.

Nəticə etibari ilə, Qarabağda Rusiya, öz tərəfsizliyini Ermənistanın lehinə pozsa da, Ermənistan hakimiyyətinin qəryönümlü siyasətinin qarşısını ala bilməyib.

Putin hazırda öz ölkəsinin maraqlarını ön plana qoyan iki siyasətçi ilə üz-üzədir.

Azərbaycan və Ermənistan, yenidən Rusiyanın təsir dairəsində olmaq istəmir, Türkiyədən Ermənistana verilən müsbət qonşuluq mesajları da Ermənistan rəhbərliyini Rusiya qarşısında cəsarətləndirmək xarakteri daşıyır.

Ermənistan və Azərbaycan rəhbərlərinin, Rusiyasız, Fransa, ABŞ yaxud İngiltərənin vasitəçiliyi ilə təkbətək görüş keçirmələrinin vaxtı yaxınlaşır.

Bu və bənzər görüşlərin keçirilməsi, yekun sülh müqaviləsinin imzalanmasıyla regionda yenidən sülhün bərqərar olmasına gətirib çıxaracaq və Rusiyanın cənubi Qafqazdakı mövqelərini itirməsiylə nəticələnəcəkdir.

İki ölkə arasında imzalanacaq yekun sülh müqaviləsi Rusiyanın iştirakıyla mümkün görünmür.

Rusiya, iki qonşu ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına qarşıdır, sülhməramlıların isə məramı sülh deyil, aranı qarışdırmaqdır.

Nə Azərbaycan, nə də Ermənistan, Rusiyanın regiondakı siyasətinin girovuna çevrilməməlidir.

Putin Rusiyası, şahmat masasında hər dəfə uduzduğunu görəndə, oyunu dağıdıb yenidən başladan, yaxud özündən yeni qaydalar çıxaran cığalı xatırladır.

Azərbaycan və Ermənistan bu masanı tərk etsə, Rusiya bu dəfə şahmatı təkbaşına, özüylə oynamalı olacaq.

Elnur Majidli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir