Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş gözlənildiyindən çox çəkib. Bu səbəbsiz deyil, liderlər xeyli mövzu müzakirə ediblər. Bu sıraya müdafiə sənayesinin, azad iqtisadi ticarət müqaviləsinin, regionda sülh və sabitliyin qorunmasından tutmuş, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılması aiddir. Ancaq böyük ehtimalla əsas mövzu Ukrayna-Rusiya gərginliyi və müharibə ehtimalının artması olub.
Rəcəb Tayyib Ərdoğan Zelenskini qəbul etmədən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon danışığının təşəbbüskarı Kreml sahibi olub. Əslində Vladimir Putin bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün təfərrüatları barədə Ərdoğanı məlumatlandırmaq məqsədilə türkiyəli həmkarına zəng etmişdi. Ancaq Putin fürsətdən istifadə edərək Ərdoğanın Ukrayna ilə bağlı mövqeyini də öyrənməyə çalışıb. Putin Rusiya-Ukrayna gərginliyində Ərdoğanın neytral qalmasını istəyir. Ankara Moskva ilə münasibətlərində yeni gərginlik mövzusunun yaranmasını istəmir, ancaq Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və bu ölkəyə modern hərbi texnika satmaq siyasətindən də imtina edən deyil.
ABŞ hərbi gəmiləri Qaradənizə yaxınlaşmaq üzrədirlər. ABŞ hərbi gəmilərinin boğazlardan Qaradənizə girişinə icazə verib-verməmək Türkiyənin əlindədir. Çətin seçimdir. Ankara tərəzinin bir gözünə Rusiyanı, o birisinə Amerika ilə Ukraynanı qoyduqda ikincinin ağır gəldiyi aşkardır. Ancaq Ankara icazənin və nəticədə Rusiya ilə münasibətlərdə soyuqluğun artması qarşılığında Amerikanın Türkiyə siyasətinin müsbətə doğru dəyişməsinə ümid edə bilərmi? Çətin.
Elhan Şahinoğlu