KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Vaşinqton Çinlə uzunmüddətli mübarizəyə hazırlaşıb

Elhan Şahinoğlu: Vaşinqton Çinlə uzunmüddətli mübarizəyə hazırlaşıb

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
372 0

Amerika Birləşmiş Ştatlarının mübarizə apardığı iki ölkə var – Rusiya və Çin. Amerikada bu iki ölkədən hanısını özləri üçün daha təhlükəli sayırlar? Vaşinqtonda Rusiyanı SSRİ-nin varisi kimi qiymətləndirsələr də, bu ölkəni keçmiş sovetlər birliyindən zəif kimi dəyərləndirirlər. Çin Rusiyadan fərqli olaraq həm hərbi, həm də iqtisadi zəmində güclənməkdə davam edir. Əlbəttə, Çin Rusiya kimi qonşu ölkələrin torpaqlarını işğal etmir, ancaq Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ın ciddi narahat edir.

Moskvada ABŞ-Çin qarşıdurmasını ciddi izləyir və analiz edirlər. Bu mənada Rusiyanın məşhur “Valday” diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabat diqqəti çəkir. Hesabatda qeyd edilir ki, ABŞ-la Çin arasında münasibətlər “soyuq müharibə” illərinin gərginliyini xatırlatmır. “Soyuq müharibə” illərində SSRİ ilə ABŞ arasında münasibətlər gərgin olsa da, hər ikisi müəyyən oyun qaydalarına tabe idi. ABŞ-Çin gərginliyi isə heç bir qaydalara tabe deyil. Hesabatda digər fərqlər də göstərilir:

“Birincisi, Çin keçmiş SSRİ-dən fərqli olaraq ABŞ-la açıq qarşıdurmaya can atmır.

İkincisi, Çin SSRİ-dən fərqli olaraq öz ideologiyasının ixracına çalışmır.

Üçüncüsü, hazırki mübarizədə ideoloji koalisiyalar yoxdur. Misal üçün Avropa İttifaqı ABŞ-ı dəstəkləsə də, Çinə qarşı koalisiyada yer almaq istəmir”.

Hesabatda ona da diqqət çəkilib ki, ABŞ-la Çin uzun illər möhkəm ticarət tərəfdaşı olublar: “Donald Tramp prezident seçildikdən sonra Vaşinqtonun Çinə siyasəti dəyişdi. ABŞ-ın 2017-ci ildə hazırladığı milli təhlükəsizlik strategiyasında Çindən gələn təhlükənin miqyası artırıldı. Çinin və Rusiyanın siyasəti Amerikanın maraqları və dəyərlərinə tamamilə tərs kimi qiymətləndirildi. Amerikada hesab edirlər ki, Çin regional layihələr və investisiyalar vasitəsilə başqalarını öz təsiri altına salmağa çalışır. Amerikada gəlinən bir başqa qənaət bundan ibarətdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 40 il keçdikdən sonra Çin Amerikanın liderliyinə, təhlükəsizliyinə və iqtisadiyyatına başlıca təhlükədir. Ona görə də bu ölkə hədəf alınmalıdır”.

Rusiyalı hesabat müəllifləri Amerikanın Çinə qarşı siyasətini bu şəkildə qiymətləndirirlər: “Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək”.

Hesabat müəllifləri Çinin Amerikaya meydan oxumasını aşağıdakı kimi sıralayıblar:

“Birincisi, Çin bazar iqtisadiyyatına malik dövlətlərlə ədalətsiz rəqabət aparır.

İkincisi, Pekin Amerikanın dəyərlərini aşağılamağa çalışır.

Üçüncüsü, Çin öz ordusunu və hərbi texnikasını gücləndirməklə məşğuldur”.

Həqiqətən əgər Çin keçmiş illərdə yalnız iqtisadiyyatını gücləndirməklə məşğul idisə, hazırda hərbi-sənaye kompleksini də sürətlə modernləşdirir. Bunu ilk anlayan Barak Obamanın administrasiyası oldu və müvafiq addımlar atmağa başladı. Hesabat müəllifləri hesab edirlər ki, ABŞ-Çin qarşıdurması uzun illər davam edəcək, nəticə isə bəlli deyil.

Çin keçmiş illərdə xarici siyasətdə ehtiyatlı idi, başqalarının işlərinə qarışmırdı. Başqa sözlə Çin xarici siyasətdə passiv idi. Ancaq 2000-ci illərdən başlayaraq durum dəyişdi. Çin hazırda ətraf aləmdə hegemoniyasını gücləndirməyə çalışır və azad cəmiyyətlərə müxtəlif təhlükələr yaradır. Bu təhlükəni Amerika ilə yanaşı, Avropa İttifaqı və Çinə qonşu olan Hindistan, Yaponiya və Avstraliya kimi dövlətlər də görür və birgə mübarizə metodları barədə düşünürlər.

Bəs “Valday” klubunun ekspertləri ABŞ-Çin qarşıdurmasının gələcəyini necə görürlər?

Hesabat müəllifləri hesab edirlər ki, Çin hərbi qüdrətini artırmaqda davam edəcək. Çin həmin qüdrətini zaman-zaman nümayiş etdirməyə də çalışacaq. Misal üçün Çin son bir neçə ildə Hindistanla sərhəddə toqquşmalara şərait yaradıb və nəticədə hər iki tərəfdən itkilər olub. Və ya Çin özünə yaxın adalarda hərbi istehkamlar qurur ki, bu həmin adalara yaxın olan Yaponiyanı ciddi narahat edir. Buna görə də Yaponiya İkinci Dünya Müharibəsindən sonra formalaşdırdığı pasifist Konstitusiyasında bəzi dəyişikliklər etməyə qərar verib. Həmin dəyişikliklərə görə Yaponiya ordusunu gücləndirmək hüququ əldə edəcək. Halbuki, İkinci Dünya Müharibəsindən sonra ABŞ Yaponiyaya böyük ordu saxlamağı qadağan etmişdi. Ancaq hazırda Amerikanın özü Çin təhlükəsi qarşısında Yaponiyanın güclü ordusunun olmasını zəruri sayır.

Rusiyalı müəlliflər adətən ABŞ-Çin qarşıdurmasının baiskarı kimi Vaşinqtonu göstərməyə çalışırlar. Bu belə olsaydı, Çinin siyasətindən yalnız Amerika narazı qalmalıydı. Məsələ burasındadır ki, Çinin siyasətindən narazı qalanların sayı çoxalır. Bu sıraya Çin hakimiyyətinin ölkədəki milli azlıqlara, o cümlədən uyğurlara qarşı yürütdüyü siyasəti də əlavə etmək lazımdır.

Beləliklə, beynəlxalq birlik və ekspert dairələri iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyəyini proqnozlaşdırmağa çalışırlar. SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir