Yaponiya yay olimpiadasına hazırlaşır. 7 aydan sonra sonra isə Çində qış olimpiadası keçiriləcək. Yaponiya olimpiadasına yalnız pandemiya müəyyən qədər maneə yaradır, qonaqların və tribunalarda izləyicilərin sayı az olacaq. Çində keçiriləcək qış olimpiadasının isə pandemiya ilə yanaşı siyasi problemləri də var.
Çin olimpiadasına idmançılarla yanaşı insan haqları təşkilatları da özünəməxsus şəkildə hazırlaşırlar. Bir neçə gün əvvəl Avstraliyada parlament binası qarşısında Çində uyğur müsəlmanlarına qarşı davam edən soyqırıma etiraz olaraq nümayiş təşkil edildi. Nümayiş iştirakçıları ölkələri Çin olimpiadasını boykot etməyə çağırdılar. Mitinq iştirakçıları eyni zamanda 2020-ci il Pekin Olimpiadasına sponsorluq edəcək şirkətləri də tədbiri boykot etməyə çağırdılar.
Boykot məsələsi getdikcə ciddiləşir. Dünyadakı insan haqları təşkilatları bu məsələdə ortaq məxrəcə gəliblər. Pekin uyğur siyasətini dəyişmədikcə, “əmək düşərgələrini” ləğv etmədikcə insan haqları təşkilatlarının olimpiadaya qarşı mübarizəsi güclənəcək. Dünyadakı 160 insan haqları təşkilatı Beynəlxalq Olimpiya Komitəsinə məktub yazaraq Çin Qış Olimpiadasını başqa ölkəyə keçirməyi təklif edib.
BMT-nin hesabatlarına görə, tək elə 2018-ci idlə Çindəki “əmək düşərgələri”ndə 2 milyona yaxın müsəlman saxlanılıb. Bu insanlar azad edildikdən sonra belə onlar üzərində GPS sistemi üzərindən nəzarət davam etdirilib.
Çində Qış Olimpiadası 2022-ci ilin 4-22 fevral tarixləri arasında keçiriləcək. Bu mənada Pekinin uyğur siyasətini dəyişməsi üçün hələ zamanı var. Əks halda Çin olimpiadası idman oyunları ilə deyil, qarşıdurma ilə yadda qalacaq.
Siyasətlə idman arasında bağlılıq hər zaman olub. SSRİ ordusu 1979-cu ildə Əfqanıstana müdaxilə etdikdən sonra bir çox Qərb ölkəsi 1980-ci il Moskva Olimpiadasına qatılmaqdan imtina etdi. Bunun qarşılığında da SSRİ və müttəfiqləri 4 il sonra ABŞ-da keçirilən qış olimpiadasını boykot etdilər. Yalnız 1988-ci ildə bütün dövlətlər Seul Olimpiadasına qatıldılar.
Pekin olimpiadaya görə siyasətini dəyişdirməyəcək. Çin hakimiyyəti düşünür ki, Qərb dövlətləri uyğurlara görə olimpiadadan imtina etməyəcəklər. Pekin bu halda özünü qalib kimi hiss edəcək. Qərb dövlətlərinin tamamının olimpiadada iştirakı mümkündür. Ancaq olimpiadaya qalan 7 ayda dünyada uyğur mövzusu daha da aktuallaşacaq, bu isə Pekinə əlavə problemlər yaradacaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi