KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Şuşa bəyannaməsinin yaratdığı yeni reallıqlar

Elhan Şahinoğlu: Şuşa bəyannaməsinin yaratdığı yeni reallıqlar

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
262 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Brüsseldə NATO-nun zirvə toplantısında iştirakdan sonra birbaşa Şuşaya gəldi. Ərdoğan Brüsseldəki mətbuat konfransını bu sözlərlə bitirmişdi: “Azərbaycana gedirəm!”.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iyunun 15-də Şuşa şəhərində Müttəfiqlik Münasibətləri haqqında bəyannamə imzalandı. Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer almışdı. Bəyanatdan keçən bir ildə bu istqamətlərdə bir sıra addımlar atılıb, proses davam edir.

Bəyanatda iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsinə dair də mühüm bəndlər var idi:

– “Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcəklər”;

– “Türkiyə Azərbaycanda pilotsuz uçuş aparatları istehsal edəcək”;

– “Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları fəaliyyətlərini koordinasiya edəcəklər”.

Bir il ərzində iki ölkənin Təhlükəsizlik Şuraları birgə toplantı keçiriblər. Bundan başqa bu ilin mayın 13-də Azərbaycanın və Türkiyənin Təhlükəsizlik Şuraları arasında anlaşma memorandumu imzalanıb. İki ölkənin müxtəlif hərbi texnikaların və pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı müzakirələr davam edir.

Beləliklə, tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci il Qars bəyannaməsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Qars bəyannaməsindən 100 il sonra imzalanan Şuşa bəyannaməsinə görə Türkiyə artıq Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyinin təminatçısına çevrildi. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyırdı. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu Şuşanın və ümumilikdə Qarabağın təhlükəsizliyi baxımından faydalı olacaq.

Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri qorxutdu, Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə bəyannamənin əleyhinə açıqlamalar yayımladılar. Rusiya rəsmi səviyyədə Şuşa bəyannaməsinin əleyhinə çıxmadı. Ancaq Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsinin və Türkiyənin Qarabağda möhkəmlənməsinin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirməyə başladılar.

Azərbaycanın qarşısında dayanan vəzifə bir il öncəki kimi eynidir: İlham Əliyevin dediyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halına gətirilməli, Qarabağda separatçılar tərksilah edilməli, Ermənistanla sərhəd tam nəzarətə götürülməli, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin edilməli və Zəngəzur dəhlizini işə salınmalıdır.

Ərdoğan Şuşada Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ermənistana çağırış etmişdi: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”. Ərdoğan daha əvvəl təklif etdiyi ““3+3” əməkdaşlıq platformasını xatırlatdı: “Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.

Türkiyə prezidenti bununla demək istədi ki,

1) Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi ittidalarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər;

2) Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır.

Üstündən bir il keçsə də, Ermənistan Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab verməyib. Doğrudur, bu bir ildə Türkiyə və Ermənistan təmsilçiləri arasında bir neçə görüş keçirilib, ancaq Ermənistan hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyib, Zəngəzur dəhlizinin açılmasına razılaşmayıb, 3+3 plaftormuyla bağlı da ciddi irəliləyiş yoxdur.

Rəcəb Tayyib Ərdoğan Şuşadan sonra Bakıya gəldi və 16 iyunda Azərbaycan parlamentində çıxış etdi. Ərdoğan çıxışında bir sıra məsələlərə toxundu. Ərdoğan dedi ki, “Türkiyə bütün imkanlarıyla Azərbaycanın yanındadır”, “Qarabağı birgə inşa edəcəyik” və “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır”.

Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək 3+3 platformasından Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə Cumhurbaşqanı onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir.

Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif etdi ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Tiflisin 3+3 platformasıyala bağlı münasibəti bugünə qədər dəyişməyib. Gürcüstan işğalçı Rusiya ilə eyni platformada yer almaq istəmir.

Rəcəb Tayyib Ərdoğan NATO toplantısı, amerikalı həmkarı Co Baydenlə görüşün yekunları, o cümlədən Azərbaycana səfəri ilə tarixi Şuşa bəyanaməsinin imzalanmasına dair türkiyəli jurnalistlər üçün mətbuat konfransı keçirdi. Ərdoğan jurnalistlərdən birinin “Azərbaycan prezidenti İlham Əliyev Şuşa bəyannaməsini Qars anlaşmasına bənzətdi. Azərbaycan cəmiyyətində Türkiyənin Azərbaycan hərbi baza yaratması tələbi var. Yeni anlaşma çərçivəsində Türkiyənin Azərbaycanda hərbi bazanın yaratması mümkündürmü? Şuşa bəyannaməsi hərbi bazanın yaradılmasını nəzərdə tuturmu” sualınma belə cavab verdi: “Bu imzaladığımız sənədin çərçivəsindədir. Bəyannaməni yeni bəndlərlə genişləndirə bilərik”.

Türkiyənin Azərbaycanda hərbi bazalarının varlığı bir il öncə olduğu kimi bu gün də aktualdır. Şuşa bəyannaməsi buna tam şərait yaradır. Bu həm Azərbaycanın, həm Türkiyənini, həm də çox önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqınını tələblərinə cavab verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə hədələməklə reaksiya vermişdi: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”.

Rusiyanın Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarışmağa hüququ yoxdur. Birincisi, bu Azərbaycanın daxili işidir. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası varsa, Türkiyənin Azərbaycanda niyə hərbi bazası olmamalıdır?

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir