Rusiya Avropanın enerji bazarına alternativ axtarmaqda davam edir. Kreml anlayır ki, keçmiş illərdə olduğu kimi Avropa ölkələrinə qaz sata bilməyəcək. Keçmiş illərdə müxtəlif boru xətləriylə Rusiyadan qaz alan Almaniya bu ildən başlayaraq bu asılılıqdan qurtulub. Belə olan halda Rusiya Almaniya kimi ölkələrə sata bilmədiyi qazı başqa istiqamtələrə yönətlmək məcburiyyətindədir.
Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller yanvarın 18-də Qazaxıstan baş nazirinin müavini Roman Sklyarla görüşüb. “Qazprom” şirkəti Qazaxıstanla qaz sahəsində “yol xəritəsi” müəyyənləşdirib. Qazaxıstan kifayət qədər qaz ehtiyatlarına malik olsa da, Rusiya qazının üçüncü ölkələrə nəqlində maraqlıdır. Bu Qazaxıstanın tranzit imkanlarını artıracaq.
Rusiya Özbəkistanı da qaz nəqli məsələsində inandırmağa çalışır. Qazaxıstan qaz ehtiyatlarına görə Özbəkistanı üstələyir. Buna görə də Özbəkistan ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan müəyyən həcmdə qaz alır. Özbəkistanın iqtisadi imkanları artdıqca qaza ehtiyacı artacaq.
Qazaxıstan hər il Çinə 10 milyard kubametr qaz nəql edir. Ancaq Qazaxıstanın özünün də qaza ehtiyacı artıb. Buna görə də Astana Rusiya qazının Qazaxıstan üzərindən Çinə nəqlinin əleyhinə deyil. Moskva bölgədə Qazaxıstan və Özbəkistanla birgə qaz ittifaqı yaratmağa çalışır. Astana və Daşkənd Moskvanın bu təklifinə ehtiyatla yanaşırlar. Qazaxıstan və Özbəkistan Rusiya qazından asılı duruma düşmək istəmirlər. Vaxtilə Avropa Rusiyadan asılı vəziyyətə düşdü.
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa dövlətlərinin Rusiya qazından imtinası ağrılı prosesə çevrildi. Qazaxıstan və Özbəkistan Avropa dövlətlərinin səhvini təkrarlamaq istəmirlər. Qazaxıstanın Qərb bazarına da ehtiyacı var. Qərbin böyük enerji şirkətləri Qazaxıstanda neft və qaz çalışmaları aparırlar.
Rusiyanın əsas hədəfi Çindir. Rusiya bir tərəfdən Mərkəzi Asiyanın qaz bazarında hegemon rola malik olmaq istəyir, o biri tərəfdən Mərkəzi Asiya üzərindən yeni boru xətləri vasitəsilə Çinə qaz nəqlini artırmaqda maraqlıdır. Çin Rusiya qazının artan həcmindən imtina etmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiya ölkələrindən – Qazaxıstan və Türkmənistandan da qaz almağa davam etmək istəyir. Çin eyni ilə Avropa ölkələri kimi Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşmək istəmir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi