KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Rusiya Azərbaycanın “müttəfiqi” ola bilərmi?

Elhan Şahinoğlu: Rusiya Azərbaycanın “müttəfiqi” ola bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
273 0

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə fevralın 22-də 43 maddədən ibarət saziş imzaladılar. Tərəflər bu sazişi iki dövlət arasındakı münasibətləri “müttəfiqlik” səviyyəsinə qaldırdığını bildirdilər.

Vladimir Putin imzalanmadan əvvəl dedi ki, onun Rusiya imperiyasının bərpa etmək istəyi yoxdur. Putin İlham Əliyevi Ukrayna istiqamətində baş verən hadisələrlə bağlı da məlumatlandırdı: “Bilirsiniz ki, Rusiya dünən Donbasın iki xalq respublikasının suverenliyini tanımaq barədə qərar verdi. Demək istəyirəm ki, Rusiyanın imperiya sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə hazırlaşdığı barədə spekulyasiyalar görürük. Bu, qətiyyən həqiqətə uyğun deyil”.

Görünür, Putin bununla demək istədi ki, Rusiyanın Azərbaycanla imzaladığı sənəd imperiyanın bərpası demək deyil və iki ölkə arasında imzalanan sənəd münasibətlərdə yeni mərhələ olacaq.

Kreml ötən il Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsinə” qısqanclıqla yanaşırdı. “Şuşa bəyannaməsi” fevralın 1-də Azərbaycan və Türkiyə parlamentlərində təsdiq edildikdən sonra Qarabağda təxribatların sayı artmağa başladı. Rəsmi Bakı Türkiyə ilə yanaşı iki böyük qonşusu – Rusiya və İranla da münasibətlərin inkişafına çalışır. Azərbaycan bütün qonşularla qarşılıqlı maraq əsasında əməkdaşlığı genişləndirməyə hazırdı. Rəsmi Bakının Rusiya ilə “müttəfiqlik bəyanatını” imzalaması Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək məqsədi daşıyır.

Moskvada imzalanan bəyannamənin birinci bəndi bundan ibarətdir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəyannamənin təkcə elə bu bəndinə istinad edərək 4 ildən sonra rusiyalı sülhməramlıların Qarabağı tərk etməsini reallaşdırmaq mümkündür. Ancaq buna qədər Moskvanın Azərbaycandan müxtəlif tələbləri olacaq. Sənədin 4-cü bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”.

Bu bəndin yerinə yetirilməsi problematikdir. Misal üçün Rusiya Ukraynanı parçalayıb, Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Deməli, bu məsələdə Azərbaycan xarici siyasətini Rusiya ilə uyğunlaşdıra bilməyəcək.

Sənədin 5-ci bəndində yazılıb: “Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər”.

Bu bəndə görə Azərbaycanın bölgədəki fəaliyyəti Rusiyanın maraqlarına uyğun olmalıdır. Bu mümkündürmü? Azərbaycan Gürcüstanla strateji münasibətlərə malikdir, Rusiyanın isə Gürcüstanla diplomatik münasibətləri yoxdur. Digər tərəfdən Rusiya bu bəndlə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisinin mümkün olmadığını bir daha vurğulayır. Halbuki, Avropa İttifaqı və Türkiyə Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən daşınmasını istəyir. Rusiya isə buna əngəl yaradır.

Sənədin 7-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.

Rusiyanın ABŞ, NATO və Avropa İttifaqı ilə münasibətləri gərgindir. Azərbaycanın isə əksinə ABŞ, NATO və Avropa İttifaqı ilə yaxşı münasibətləri var. Belə olan halda Bakı bu siyasətini Moskva ilə necə uzlaşdıra bilər? Azərbaycan öz ordusunu NATO və bu təşkilatın üzvü Türkiyə standartlarına uyğun inkişaf etdirir.

Sənədin 11-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Azərbaycanda ərazi bütövlüyünə və suverenliyə təhdid yaradan qüvvə Qarabağdakı erməni separatçılarıdır. 11-ci bəndə görə rusiyalı hərbçilərin nəzarətində olan ərazidə həmin erməni separatçılarının fəaliyyəti qadağan edilməli və onlar tərksilah olunmalıdırlar. Və ya Moskvada Azərbaycanın ərazi bütövlüyü əleyhinə yayımlanan internet kanal mövcuddur. Sənədin 11-ci bəndinə görə Moskva həmin televiziya kanalının da yayımını qadağan etməlidir. Bu bəndin necə yerinə yetirilməsi Rusiya üçün ciddi test olacaq. Azərbaycan üçün əhəmiyyətli olan bu bəndin yerinə yetirilməməsi bütövlükdə 43 bəndlik sənədi sual altında qoyacaq.

Sənədin 13, 14 və 15-ci bəndlərində bunlar yazılıb: “Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar”.

Bu bəndə görə Azərbaycan Rusiyadan hərbi texnika almalıdır. Ancaq Azərbaycan son illər hərbi texnikanı tərəfdaş dövlətlərdən – Türkiyədən, İsraildən, Ukraynadan alır. Demək bu bəndlərin yerinə yetirilməsi də Azərbaycan üçün çətindir. Bəyanatda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı çəkilməyib. Çünki Azərbaycanın Rusiyanın istəyi ilə bu təşkilata üzv ola bilməz. Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyir. Rəsmi Bakı buna görə Qoşulmayanlar Təşkilatının üzvü olub.

Sənədin 25-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”.

Azərbaycan Avropa İttifaqı ilə strateji saziş imzalamağı planlaşdırır. Əgər Moskva bu sazişin Rusiyanın maraqlarına cavab vermədiyini bildirsə rəsmi Bakının mövqeyi necə olacaq? İlham Əliyev Moskvaya getmədən bir gün öncə Bakıda Avropa İttifaqının nümayəndə heyətini qəbul etmişdi. İlham Əliyev həmin görüşdə dedi ki, Azərbaycan Avropa İttifaqı ilə strateji sazişin imzalanmasını sürətləndirmək istəyir.

Sənədin 32-ci bəndində yazılıb: “Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər”.

Bu bənd o deməkdirmi ki, Rusiya Türkiyədə olduğu kimi Azərbaycanda da atom elektrik stansiyası tikmək istəyir? Azərbaycana atom elektrik stansiyası lazımdırmı? Azərbaycan hökuməti alternativ – külək və günəş enerjisinə üstünlük verir.

Əslində Moskva ilə “müttəfiqlik bəyanatını” ona görə imzalandı ki, Rusiya hərbçiləri 4 ildən sonra Azərbaycan ərazisini tərk etsinlər. Vladimir Putin İlham Əliyevlə görüşdə bunları dedi: “Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz bütün silahlı qüvvələrimizi oradan çıxartıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır”.

Putin bu açıqlama ilə demək istədi ki, Rusiya 4 ildən sonra Azərbaycandan da hərbçilərini çıxara bilər. Putin bu vədinə əməl edəcəkmi? Putin bunun qarşılığında Azərbaycanın 4 il ərzində Rusiyanın siyasətini dəstəkləməsini tələb edəcək. Bu mümkündürmü? Əsas sual budur.

Bəyanatın imzalandığı gün Rusiya Xarici İşlər Nazirliyinin saytında 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan “Türkmənçay müqaviləsi” barədə təhrif olunmuş xəbəri yayımlandı. Bundan bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi etiraz açıqlaması yaydı. Açıqlamada yazılırdı ki, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.

Liderlərin Moskvada imzaladıqları bəyanatda imzalar qurumamış Rusiya XİN-nin Azərbaycan əleyhinə yaydığı xəbər göstərir ki, Moskva ilə Bakı arasında müttəfiqlik praktik baxımdan mümkün deyil. Rusiya 200 ildə Azərbaycanın xeyrinə heç bir addım atmayıb. Kreml sadəcə Azərbaycanı təsiri altında saxlamaq istəyir. Bu isə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Digər tərəfdən Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyəti Azərbaycanda narazılıq doğurur. Bu haqda Azərbaycan prezidenti İlham Əliyevin də açıqlaması var. İlham Əliyev demişdi ki, rusiyalı hərbçilər Laçın dəhlizindən Azərbaycan ərazisinə qanunsuz olaraq xarici ölkə vətəndaşlarını buraxırlar və rusiyalı hərbçilər ermənilərin Qarabağı tərk etmələrinə mane olurlar. Bunu ona görə edirlər ki, Qarabağda ermənilərin sayı azalmasın. Vladimir Putin İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında dedi ki, Qarabağa 50 min erməni qayıdıb. Halbuki, İlham Əliyev Qarabağda ermənilərin sayının 25 mindən çox olmadığını bildirir. Bu məsələdə də mövqelər üst-üstə düşmür. Rusiya ilə tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq üçün Qarabağda bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü xeyrinə həll olunmalıdır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir