KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Qərbin məqsədi Rusiyanı parçalamaq mı

Elhan Şahinoğlu: Qərbin məqsədi Rusiyanı parçalamaq mı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
180 0

Rusiya prezidenti Vladimir Putin son müsahibəsində deyib ki, Qərbin məqsədi Rusiyanı parçalamaq və kiçik dövlətlərə bölməkdir. Kreml sahibi Qərbdə Rusiyanın parçalanmasıyla bağlı konkret sənədin olduğunu iddia edib.

Putin “Qərb Rusiyanı parçalamaq istəyir” deyərkən Ukraynaya qarşı işğalçı müharibəni əsaslandırmağa çalışır. Yəni Kreml sahibinin məntiqinə görə, əgər Qərbin Rusiyanı parçalamaq planı illər öncə tərtib olunubsa, o Ukraynaya qarşı müharibəyə başlamaqla zərbəni birinci endirib. Bu, Putinin illər öncəki müsahibəsində “Leninqrad küçələri mənə bir şey öyrətdi ki, əgər dava qaçınılmazdırsa, birinci vurmalısınız” prinsipinə əsaslanır.

Putinin söylədikləri reallığı əks etdirirmi?

SSRİ dağıldıqdan sonra Qərb ölkələri Rusiya ilə tərəfdaşlıq münasibətləri qurdular, demokratik əsasda prezident seçilən Boris Yetlsinlə sıx əməkdaşlığa başladılar, Rusiyanı “böyük yeddilərin” sıralarına qatmaqla təsisatı “böyük səkkizlərə” çevirdilər. Ancaq Rusiyanın Çeçenistanda başlatdığı dağıdıcı müharibə, şəhər və kəndlərin bombalanması, minlərlə günahsız insanın həlak olması Qərb ölkələrini xeyli düşündürdü. Putin hakimiyyətə gəldikdən sonra Çeçenistana qarşı növbəti müharibəyə başladı və böyük itkilər hesabına bu bölgəni ram etdi. Qərb ölkələri Rusiyanın həddən artıq gücdən istifadə etməsindən narahat oldular.

Buna baxmayaraq, ABŞ və Avropa ölkələri Çeçenistanda iki müharibəni qısa müddətdə unutdular və Putin Rusiyası ilə əməkdaşlığı davam etdirdilər. Çünki bütün hallarda Çeçenistan Rusiya ərazisiydi və Qərb Kremlin ərazi bütövlüyünü təmin etmək hüququnun olduğunu qəbul etdi. 2000-ci illərin əvvəllərində Qərb liderləri Putinlə tez-tez görüşür, onunla geniş fikir mübadiləsi aparırdılar. Ancaq Rusiyanın Gürcüstana qarşı başlatdığı müharibə qırmızı çizgilərin aşılması idi. Buna rəğmən, Qərb yenə də Rusiyanı bağışlamağa hazır idi. Təsadüfi deyil ki, Gürcüstana qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar qəbul edilmədi. Bu, Kremli arxayınlaşdırdı və 2014-cü ildə Krımın ilhaqına həvəsləndirdi. Qərb bu dəfə Kremlin şıltaqlığını bağışlamadı və Rusiyaya qarşı sanksiyalar qəbul etdi. Kreml nəticə çıxarmadı və 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladı.

Qərbin bütün bunlardan sonra Rusiyanı zəiflətmək və ya parçalamaq kimi planının olduğunu istisna etmək olmaz. Belə bir plan varsa, bu Rusiyanın Krımı ilhaqından sonra tərtib olunub. Kreml sahibinin narahatlığı “Rusiyanın yerində kiçik dövlətlər yaratmaq istəyirlər” cümləsindən də anlaşılandır. Qərbin SSRİ kimi imperiyanı dağıtmaq təcrübəsi var. Rusiya isə SSRİ-dən güclü dövlət deyil.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir