Pekində qış olimpiadası davam edir. “Olimpiada günlərində müharibəyə yol vermək olmaz” devizinə hələ ki, riayət olunur. Ancaq müxtəlif bölgələrdə lokal toqquşmalara rast gəlinir. Bu arada, beynəlxalq aləmin diqqəti Rusiyadadır. Kreml Pekinin “olimpiada günlərində Ukraynaya hücum etməyin” istəyini yerinə yetirəcəkmi? Avropa İttifaqı Çindən fərqli olaraq olimpiadadan sonrasında da müharibə ehtimalını azaltmaq istəyir. Bu məqsədlə Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Emmanuel Makron fevralın 7-də rusiyalı həmkarı Vladimir Putinlə Kremldə görüşərək onunla 5 saat danışıqlar apardı. Putin Makronun arqumentlərini qəbul etdimi? Hər halda prezidentlərin görüşdən sonrakı mətbuat konfransında Kreml sahibinin sözləri vəziyyətin gərgin olduğunu göstərir. Putin NATO-nu qəsbkar təşkilat adlandıraraq İraq və Liviyanın dağıdılmasını, yaxın keçmişdə Belrqadın bombardman edilməsini xatırlatdı. Bu gedişlə Putin Makronun və ya digərlərini istəyi ilə Ukrayna ilə sərhəddə qoşunları geri çəkməyəcək.
Qayıdaq olimpiadaya. Olimpiadanın açılışını boykot edən Qərb ölkələrinin liderlərindən fərqli olaraq Hindistanın baş naziri Norendra Modi açılışda iştirak etməyi planlaşdırırdı. Ancaq olimpiadanın başlamasına bir neçə gün qalımış Dehli də boykota qoşuldu. Bunun səbəbi nə idi? Məlumdur ki, olimpiadanın açlışına qədər adəti üzrə idman oyunlarının başlanğıcının rəmzi olan alov həmin ölkənin tanınmış şəxsləri tərəfindən qaçışla əldən-ələ keçir. Deməli, alovla estafet qaçanlardan biri Çin ordsunun zabiti olub. Bu həmin zabit idi ki, 2020-ci ilin iyun ayında Hindistanla sərhəddə silahlı insidentdə iştirak etmişdi. Həmin toqquşmada Hindistan 20 hərbçisini itirmişdi. Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Çinin olimpiadanı siyasiləşdirdiyindən Dehlinin təəssüf hissi keçirdiyini bildirdi. Belə çıxdı ki, Pekin olimpiadanın açılışında Hindistanın baş nazirinin iştirakını qəsdən əngəlləyib. Çünki Pekin bilməliydi ki, hindistanla hərbçiləri öldürən zabitin oyunların alovuyla reklam edilməsi Dehlinin imtina qərarına səbəb olacaq.
Elhan Şahinoğlu Kafkassam