Fransa prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri başa çatıb. Bu səfərin və aparılan danışıqların nəticələri barədə nə demək mümkündür?
Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub. Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır. Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Daha əvvəl Pekində Avropadan Almaniyanın kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sanşes və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borel olmuşdular.
Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Tsi Cinpin Fransa prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki, ortaq mətbuat konfransında Fransa prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb. Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Tsi Cinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Tsi Cinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon zəngi edəcəyini vəd verib. Ancaq Cinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib.
Çin lideri əvvəlkitək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Tsi Cinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı.
Beləliklə, Fransa prezidentinin və Avropa İttifaqının Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb. Bu əvvəlcədən də bəlliydi. Belə olan halda Makron və Ursula Fon der Lyayen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdaqlı əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək. Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyun ayında Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək.
Elhan Şahinoğlu
.