KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Liderlərin Moskva görüşündən nəticə çıxmadı

Elhan Şahinoğlu: Liderlərin Moskva görüşündən nəticə çıxmadı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
263 0

 

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin tərəfindən Avrasiya İqtisadi Brilyinin Moskva toplantısına dəvətli idi. Ümumi toplantıdan sonra Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılmışdı. Ancaq Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi. Nikol Paşinyan İlham Əliyevin çıxında səsləndirdiyi koridor ifadəsinə kəskin reaksiya verdi. Paşinyanın məntiqinə görə guya “Zəngəruz koridoru” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddianı əks etdirir, “Laçın koridoru” isə nəzarətdə olmamalıdır. İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.

Nikol Paşinyan Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Önəmli olan budursa, Paşinyan nədən Moskvada İlham Əliyevin “koridor” sözünə sərt reaksiya verib? Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Çünki radikallar Paşinyanı onda ittiham edəcəkdilər ki, “Sən nədən İlham Əliyevin çıxındakı tezislərə reaksiya vermədin?”. Ancaq Paşinyanın İlham Əliyevlə polemikası birincinin xeyrinə olmadı. Çünki Avrasiya İqtisadi Birliyi liderlərini “koridor” ifadəsi narahat etmirdi, onlar üçün önəmli olan Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmasıdır.

Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü cəmi 20 dəqiqə çəkdi. Çünki bəlli oldu ki, liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır deyillər. Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər, bir müddət sonra 3 ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər. Əlbəttə, bu məsələdə razılıq var, ancaq Ermənistan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir, Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir. Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Halbuki, bu məsələdə İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçilyi ilə əldə etmişdilər. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur.

Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid edir. Avropa Siyasi Şurasının Moldova paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paçinyan-Şarl Mişel görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər. Paşinyanın Rusiyaya inamı yoxdur. O Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir