Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. “The Economic Times” nəşrinin yazdığına görə, sənəd Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbanand Sonoval və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanıb.
Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinnin tərkib hissəsi kimi qiymətləndirilir.
İranın cənub-şərqində yerləşən Çabahar limanının birgə inkişafı ilə bağlı razılıq Dehli ilə Tehran arasında 2003-cü ildə əldə edilib. Sonrakı illərdə İrana qarşı beynəlxalq sanksiyalar layihənin təxirə salınmasına səbəb olub. Dehli illər keçdikdən sonra bu layihəni yenidən gündəmə gətirib. Hindistanın baş naziri Narendra Modi 2016-cı ildə Tehrana səfər edərək İrandakı liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. Dehli eyni zamanda eyni ildə limanda yeni terminalın tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.
Hindistanla İran arasında əldə edilən razılaşmaya görə, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılacaq. Yüklər əks istiqamətə İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Bu marşrutun fəaliyyətə başlaması üçün Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikilməsi vacibdir. Rusiya dəmir yolunun tikintisi üçün kredit ayırıb.
Ermənistanın da Hindistanla İran arasındakı son razılaşmadan gözləntisi var. İrəvan Hindistandan yola çıxan yüklərin bir hissəsinin Ermənistan üzərindən Avropaya daşınacağına ümidlidir. Ancaq bunun üçün Ermənistanda infrastruktur yenilənməli, yollar genişlənməli, dəmiryolları tikilməlidir. Azərbaycan bunların çoxunu reallaşdırıb. Ona görə də Hindistandan çıxan yüklərin Rusiyaya və əks istiqamətdə daşınmasını Azərbaycanın mövcud nəqliyyat xətləri ilə daşınması daha realdır. Digər tərəfdən Azərbaycanla Gürcüstanı birləşdirən dəmir yolu da mövcuddur ki, Hindistandan çıxan yüklərin Azərbaycan-Gürcüstan dəmir yolu ilə Qara dəniz limanlarına, oradan da Avropa ölkələrinə nəqlini reallaşdırmaq mümkündür.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi