Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim etdiyi 5 təklifə Ermənistan XİN-dən mənasız cavab verib: “Minsk Qrupu həmsədrləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün vasitəçi olsun”. Absurd təklifdir.
Birincisi, Minsk Qrupunun həmsədrlərinin belə bir mandatı yoxdur. Həmsədrlər keçmişdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idilər. Danışıqlar uzun onilliklər uzandı, işğal davam etdi, Azərbaycan ordusu məsələni özü həll etdi, həll edilməyən hissəni də yaxın gələcəkdə çözməliyik. Bundan sonra Qarabağ məsələsində bizim həmsədrlərə ehtiyacımız yoxdur.
İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda iki həmsədr – ABŞ və Fransa Moskvaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Bundan sonra Vaşinqtonla Parisin Moskvayla birgə hansısa platformda iştirakı mümkün deyil. Bu səbəbdən bir-biri ilə kəskin münasibətlərdə olan bu 3 dövlətin bizim məsələdə də iştirakı real deyil.
Bakı İrəvana birbaşa danışıqlar təklif edib. Ankara da üçüncü vasitəçiyə ehtiyac olmadığını bildirib. İrəvan Bakı ilə birbaşa danışıqlardan çəkinir. Çünki birbaşa danışıqlarda ölkələrin bir-birlərinin ərazi bütövlüklərini və suverenliklərini tanıması bəndi müzakirə olunacaq ki, istənilən iki qonşu dövlət üçün bu normal haldır. Ermənistanın hazırki hakimiyyəti bəlkə də buna razılaşardı, ancaq radikal müxalifətin cəmiyyəti ona qarşı qaldıracağından ehtiyat edir, üstəgəl Kreml də Bakı ilə İrəvan arasında normal münasibətlərin formalaşmasının əleyhinədir.
Elhan Şahinoğlu Kafkassam