ABŞ-ın təzyiqləri ilə üz-üzə qalan Çin siyasi mövzularda Rusiyaya dəstək verir, Pekin Ukrayna böhranı və NATO-nun genişlənməsi məsələsində Kremlin yanında yer alıb. Ancaq eyni sözləri iqtisadi əlaqələrdə söyləmək çətindir. Misal üçün Çin ticarətdə bəlli səbəblərdən ABŞ-a qarşı yüzlərlə məhduddiyyət həyata keçir. Maraqlıdır ki, oxşar məhdudiyyətləri Pekin strateji tərəfdaş adlandırdığı Rusiyaya qarşı da həyata keçirir. Bəs bunun səbəbi nədir?
Pekin sözdə bu məhdudiyyətləri “pandemiyanın yayılmasına qarşı mübarizə” ilə əlaqələndirir. Ancaq rusiyalı ekspertlər bunun doğru olmadığı qənaətindədirlər. Onların fikrincə, dünyaya müxtəlif mallar ixrac edən Çin öz bazarını xarici məhsullardan qorumağa çalışır. Bu o deməkdir ki, Rusiya Çin bazarına o qədər də ümid etməməlidir. Rusiya Ukraynaya müdaxilə edərsə iki problemlə üzləşəcək. Birincisi, ABŞ və Avropa dövlətləri Rusiyanın müxtəlif məhsullarının ixracına qadağalar qoyacaqlar. İkincisi, Avropa bazarı Rusiya qazından tədricən imtina siyasətinə başlayacaq. Belə olan halda Kreml düşünürdü ki, Qərb ölkələrinə sata bilməyəcəyi məhsulları və qazı bütövlüklə Çinə yönəldəcək. Ancaq Pekin məhdudiyyətlər həyata keçirməklə Kremlə mesaj yollayır ki, ona çox da arxayın olmasın. Çin öz bazarını Rusiya məhsulları üçün məhdud saxlayarsa bu Qərblə üz-üzə qalan Rusiyanın iqtisadi çöküşünü sürətləndirə bilər.
Elhan Şahinoğlu Kafkassam