Böyük Britaniyanın baş naziri Boris Consonun Hindistana iki günlük səfərindən dərhal sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də Dehliyə gedərək bu ölkənin baş naziri Narendra Modi ilə görüşdü.
Brüssel də London kimi Hindistanın Rusiya ilə siyasi və hərbi əməkdaşlığını yenidən dəyərləndirməsini istəyir. Ursula fon der Lyayen Dehlidə verdiyi açıqlamada başda Hindistan olmaqla Hind-Sakit okean ölkələrinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəkləməsinin vacib olduğunu bildirib.
Bundan başqa Avropa İttifaqı Hindistanla ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Brüssellə Dehli günəş enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə qərara gəliblər. Brüssel bu təklifləri ilə Dehli-Moskva münasibətlərini zəiflədəcəyini düşünür. Brüssel tələsir. Çünki Avropa İttifaqında hesab edirlər ki, Moskva Qərbin sanksiyaları fonunda Avropaya sata bilmədiyi məhsulları Çin və Hindistana satacaq, bu iki ölkənin bank sistemindən yararlanacaq. Brüsselin Pekinə təsir imkanları zəifdir. Çindən fərqli olaraq Hindistan demokratik ölkə sayılır və Qərbdə Dehli ilə ümumi dil tapacaqlarına ümid var.
Avropa İttifaqı Hindistanla azad ticarət əlaqələrinə üstünlük verir. Ursula fon der Lyayen bu mövzuda Dehlidə geniş müzakirələr aparıb. Bundan başqa Brüssellə Dehli arasında birgə texnoloji şuranın təsisi planlaşdırılıb. Hindistanın informasiya texnologiyaları sahəsində uğurları Brüsselin diqqətindən yayınmayıb.
Buna baxmayaraq, Moskva təslim olmayacaq və Hindistan bazarına müxtəlif məhsullarını ixrac etməyə çalışacaq. Rusiya eyni zamanda Hindistanla dərman istehsalı sahəsində ortaq layihələrə maraq göstərir. Sanksiyalar fonunda Rusiya zəruri dərmanları Qərb ölkələrindən ala bilmir. Rusiya Hindistana hərbi texnikasının satmaq planlarından da əl çəkməyib. Bu əməkdaşlıq Vaşinqtonla yanaşı Brüsseli də narahat edir. Ona görə də Brüssel Avropanın Hindistanla hərbi əməkdaşlığını da ön plana çəkir. Dehliyə elə maraqlı təkliflər edilməlidir ki, Hindistan hərbi texnikanı Rusiyadan deyil, Qərb ölkələrindən almağa üstünlük versin.
Ursula fon der Lyayen Dehlidəki müzakirələrdə Rusiya-Çin münasibətlərinə də toxunub. Brüssel Pekinlə Dehli arasında fikir ixtilafından yararlanmağa çalışır. Ursula fon der Lyayen deyib ki, Dehli gərək Pekinlə münasibətlərdə də ehtiyatlı olsun, Çin yatırımlarından imtina etsin, nəqliyyat, sənaye və texnologiyalar sahələrindən əməkdaşlıq etməsin.
Əslində Ursula fon der Lyayen Dehlini Çinlə bağlı xəbərdarlığına ehtiyac yoxdur. Pekinin yürütdüyü siyasət və iki ölkə arasındakı sərhədin dağlıq hissəsindəki gərginlik onsuz da Hindistanla Çin arasında əməkdaşlığa əngəldir. Belə vəziyyətdə Hindistan Çindən yatırım xəlb etməyi, ortaq layihələr reallaşdırmağı planlaşdırmır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi