KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

Elhan Şahinoğlu: Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
391 0

ABŞ prezidenti Co Bayden geri çəkildi. Ağ Evin keçmiş sahibi Donald Tramp Rusiyanın “şimal axını -2” layihəsinə və bu layihədə iştirak edən şirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Bu sanksiyalar Almaniyaya qaz nəql etmək istəyən Rusiyanın işini çətinləşdirmişdi. Çünki, Amerika sanksiyalarından çəkinən bir qrup şirkət layihəni tərk etmişdilər. Digər tərəfdən Amerikanın Avrpodakı əsas müttəfiqlərindən biri Almaniya üzərində Vaşinqtonun artan təzyiqini hiss edirdi. Trampdan fərqli olaraq Bayden Almaniyaya rahat nəsəf almağa imkan vermək üzəridir.

Baydenin təlimatıyla Dövlət Departamenti “şimal axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib. Bu qərarın izahı belədir ki, boru xəttinin təxminən 95 faizi tikilib, ona görə də prosesə mane olmaq mümkün deyil. Bu izah xaricdə Ukrayna və Polşanı, daxildə isə respublikaçıları qane etməyib. Ukrayna prezidenti Vladimir Zelenski son çıxışında Ağ Ev administrasiyasının qərarından məyus olduğunu gizlətməyib. Zelenski ona işarə edib ki, Rusiya ilə mübarizədə Amerikaya çox da arxayın olmaq mümkün deyil. Kiyev hesab edir ki, “şimal axını – 2” layihəsi işə düşdükdüdən sonra Moskvanın Ukraynaya qarşı hərbi təzyiqi artacaq. Digər tərəfdən Rusiya “şimal axını – 2” boru xətti ilə Avropaya qaz nəqlinə başladıqdan sonra Ukraynadan keçən boru xəttinə ehtiyacı olmayacaq. Demək, Moskva bu yolla Ukraynaya iqtisadi təzyiqini də artıracaq. Varşava da Baydenin qərarından narazıdır. Çünki, Varşava da Kiyev kimi düşünür ki, Rusiya “şimal axını – 2” layihəsi vasitəsilə həm Avropanın enerji bazarında möhkəmlənəcək, həm də Arvopaya təzyiq imkanı qazanacaq.

Buna baxmayaraq, Ukrayna və Polşa ABŞ-dan asılıdırlar və Vaşinqtonda hesab edirlər ki, Varşava ilə Kiyevi yola gətirməyi bacaracaqlar. Ağ Ev üçün əsas problem daxildədir, Respublika Partiyasının üzvləri Baydenin qərarını tənqid edir və bununla Ağ Ev sahibinə qarşı ilk dəfə böyük cəbhə açmaq imkanı qazanıblar. Məsələ burasındadır ki, respublikaçı prezident Donald Tramp Rusiya ilə münasibətləri nizamlamağa qərar verəndə demokratlar, o cümlədən Co Bayden onu sərt tənqid edirdilər. Ancaq Bayden prezident olduqdan sonra faktiki Moskvanın istəyini yerinə yetirdi – boru xəttinə qarşı sanksiya qərarını ləğv etdi. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Departamentinin qərarını “müsbət siqnal” kimi dəyərləndirib. Elə bil müsahibəsində Rusiya prezidentini qatil adlandıran Bayden deyildi.

Baydenin boru xəttinə qarşı sanksiyadan imtina etməsinin başqa səbəbi də var. ABŞ prezidenti Avropa turnesinə hazırlaşır. Ağ Ev sahibi boru xəttinə qarşı sanksiya qərarından imtina etməklə Almaniyaya səfərinin uğurlu nəticələnəcəyinə ümid edir. Tramp Avropaya yuxarıdan aşağı baxırdı, Bayden isə göstərmək istəyir ki, Avropa ilə ittifaqa sadiqdir.

Buna baxmayaraq, Bayden respublikaçılarla mübarizəyə hazır olmalıdır. Baydeni satqınlıqda ittiham etməkdən tutmuş Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını qurban verməsinə qədər addımlarda ittiham edə bilərlər. Elə Donald Trampın özü də Baydeni sancmağı unutmayacaq.

Beləliklə, Putin nisbi qələbəsini qeyd edə bilər. Doğrudur, Vaşinqqtonun Rusiyaya qarşı digər ünvanlı sanksiyaları qüvvədə qalır, hələ yeniləri də əlavə oluna bilər. Ancaq Putin üçün əsas məsələ “şimal axını – 2” layihəsini bitirmək idi ki, bu boru xəttin ilin sonuna qədər işə düşəcək.

Baydenin qərarı və “şimal axını – 2” layihəsinin işə düşməsinin Azərbaycana hər hansı təsiri ola bilərmi? Məsələ burasındadır ki, Azərbaycan da bu ildən başlayaraq qazını Avropaya nəql edir. TAP boru xətti “şimal axını – 2” boru xəttinə rəqib deyil, qaz fərqli bazarlara nəql olunur. Bəlkə də “şimal axını – 2” boru xəttinin işə düşməsi Avropa ölkələrinin və Amerikanın TAP-a marağını artıra bilər. Çünki, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ köhnə qitənin tamamən Rusiya qazından asılı olmasını istəmirlər. Bu isə Azərbaycan qazına marağı artıracaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir