KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elçin XALİDBƏYLİ : Putin Paşinyanla həlledici savaşa başlayıb

Elçin XALİDBƏYLİ : Putin Paşinyanla həlledici savaşa başlayıb

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
200 0

Kreml Rusiyaya xəyanət edən Paşinyan hakimiyyətini Ermənistanda ölkədaxili xaos və dövlət çevrilişi təhlükəsi ilə təhdid edir… Erməni baş nazir isə həm Kremlə müqavimət göstərir, həm də Azərbaycanla yekun sülh sazişini Brüssel prosesi üzrə mümkün qədər tez imzalamaqla, Rusiyanı əsas təzyiq mexanizmindən məhrum buraxmağa çalışır…
Cənubi Qafqaz uğrunda mübarizə amansız xarakter almağa başlayıb. Rusiya artıq regionu itirmək təhlükəsi qarşısında hərəkətə keçib. Kreml ABŞ və Qərbin Cənubi Qafqaz planlarına alternativ ssenarilər qurmağa çalışır. Və hazırda əsas hədəf kimi, Brüssel prosesində əsas müzakirə mövzusu hesab edilən “Vaşinqton sənədi” ön plana keçirilib.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri və mətbuat qurumları “Vaşinqton sənədi”nin Ermənistanın maraqlarına zidd olduğunu xüsusi canfəşanlıqla sübuta yetirməyə cəhd göstərirlər. Burada əsas məqsədin Rusiyaya xəyanət edib, Qərbə yaxınlaşma kursu tutan Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğasına rəvac verilməsi ola biləcəyi də qətiyyən istisna deyil. Çünki, Rusiya siyasi dairələri son vaxtlar açıq-aşkar Azərbaycana qarşı mövqe tutmaqla, Ermənistanı dəstəklədikləri barədə rəy formalaşdırmağa çalışırlar.

Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinin Rusiya əleyhinə ölkədaxili təbliğat kampaniyasını əhəmiyyətdən salmağa can atır. Əvəzindəsə, erməni toplumunda Rusiyanın həmişə olduğu kimi, yenə də Ermənistanın yanında olduğunu qabardır. Və belə bir situasiyada Kremlin Rusiyada üçtərəfli görüşün keçirilməsini planlaşdırması da, Qərblə mübarizənin həlledici mərhələyə yaxınlaşdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə yeni üçtərəfli görüşün keçirilməsi cəhdlərindən qətiyyən məmnun deyil. Hətta Ağ Evdən bununla bağlı açıqlamada Azərbaycan və Ermənistana Kreml sahibinin vasitəçiliyi ilə görüşün sülh prosesinə müsbət təsir edib-etməyəcəyi barədə daha ciddi düşünmək tövsiyyə olunub. ABŞ rəsmi dairələri Azərbaycan və Ermənistana “Putinin vasitəçiliyi”ndən imtina edərək, ikitərəfli təmaslarla mövcud problemləri birbaşa həll etməyi məsləhət görürlər.

Göründüyü ki, üçtərəfli Rusiya görüşü ərəfəsində Azərbaycana və xüsusilə də Ermənistana müəyyən üstüörtülü mesajlar verilir. ABŞ və Qərb hər iki tərəfə həm Brüssel görüşündə əldə olunan nəticələrin, həm də Praqa anlaşmasının əhəmiyyətdən salınmasına imkan verilməməsini eyham vurur. Və bu məsələdə rəsmi İrəvanın necə davranacağı indi böyük maraq doğurur.

Ermənistan baş naziri Nikol Paşinyan Kremlin üçtərəfli görüş təklifinə müsbət cavab verdiyini artıq təsdiqləyib. Erməni baş nazir vurğulayıb ki, bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyinə ümid bəsləyir: “Həmin vaxta qədər sərhədlərin delimitasiya prosesinin də yekunlaşacağını düşünürük. Praqa görüşündə bu barədə bəzi anlaşmalar da əldə edə bilmişik”.

Maraqlıdır ki, Ermənistan parlamentinin spikeri Alan Simonyan bu məsələ ilə bağlı daha operativ davranmağın vacibliyini vurğulayıb. Onun fikrincə, yekun sülh sazişinin mütləq ilin sonunda imzalanması barədə birmənalı anlaşma yoxdur: “Əksinə, sülh sazişinin iki ay ərazində imzalanması nəzərdə tutulur. Yəni, bu, daha tez bir zamanda reallaşa bilər. Əslində, sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanması hər iki tərəfin maraqlarına cavab verir”.

Belə düşünmək olar ki, rəsmi İrəvan yekun sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanmasında maraqlıdır. Paşinyan hakimiyyəti bu məsələ uzandıqca, radikal-revanşistlərin və Rusiyanın təzyiqlərinin davam edəcəyini düşünür. Ona görə də, rəsmi İrəvan bu “yük”dən xilas olmaqla, daxili və xarici təzyiq mövzularından birini gündəmdən çıxartmağa can atır. Və bu məsələnin məhz Brüssel prosesi – Rusiyanın tənqid etdiyi “Vaşıinqton sənədi” üzrə həll edilməsini də istəyir.

Bütün bunları nəzərə aldıqda, Rusiya görüşü ərəfəsində erməni baş nazirin Kremlə yönəlik dolayısı tənqidləri dilə gətirməsi də tamamilə başadüşüləndir. Belə ki, baş nazir N.Paşinyan Rusiyanın mövqeyindən narazı olduğuna yönəlik mesajlar verməkdə davam edir. Onun fikrincə, Rusiya siyasi dairələrindən gələn eyhamlar anlaşılmaz xarakter daşıyır: “Hansısa “dəhlizlər” barədə bəyanatlar verilir. Üstəlik, bu bəyanatlar yalnız Azərbaycan tərəfindən səsləndirilmir. Rusiyada da “anlaşılmaz adamlar” mövcuddur. Onlar bu mövzunu inkişaf etdirməyə çalışırlar”.

Təbii ki, baş nazir N.Paşinyanın bu eyhamları Rusiya siyasi dairələrinin Ermənistanı yenidən nəqliyyat dəhlizlərinin açılmasına həssas yanaşmağa çağırmasına yönəlikdir. Çünki həmin çağırışlarda rəsmi İrəvana Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Ermənistanın iştirakı olmadan işə salına biləcəyi xatırladılır. Və bu halda, blokadada olan Ermənistanın yenə də olduqca sərfəli geoiqtisadi layihələrdən kənarda qala biləcəyi vurğulanır.

Əlbəttə ki, baş nazir N.Paşinyan Kremldən gələn bu mesajların Rusiyanın nəzarətində Zəngəzur dəhlizinin açılmasının vacibliyini ön plana çıxartdığını anlamamış deyil. Ona görə də, erməni baş nazir alternativ iradlarla Rusiyaya yönəlik narazılığını biruzə verməyə çalışır. Üstəlik, KTMT-nın Ermənistan qarşısında müttəfiqlik öhdəliyini yerinə yetirmədiyini gündəmə qaytarmaqla, Rusiyanı növbəti dəfə şantaj edir: “Biz KTMT-dan Ermənistanın ərazi bütövlüyünün bərpasına yönəlik “yol xəritəsi” gözləyirik”.

Bütün bunlar onu göstərir ki, baş nazir N.Paşinyan Kreml sahibinin vasitəçiliyi ilə üçtərəfli görüşə getməzdən öncə Rusiyaya qarşı “hücum taktikası”nı sınaqdan çıxartmaq niyyətinə düşüb. Çünki, erməni baş nazir Kreml sahibi ilə ikitərəfli görüşün də keçiriləcəyini bilir. Və həmin görüşdə Kreml sahibinin qəzəb qarışıq narazılığını indidən dəf etməyin yollarını axtarır.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri və mətbuatı tərəfindən “Vaşinqton sənədi” ətrafında başlatdığı anti-təbliğat kampaniyasının birbaşa Paşinyan hakimiyyətini hədəf aldığı qətiyyən şübhə doğurmur. Çünki həmin anti-təbliğat kampaniyası əsasən, Rusiyanın erməni maraqlarını dəstəkləməsi və Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşması ilə bağlı tezislər üzərində qurulub. Və bununla rəsmi İrəvanın Kremlə qarşı çıxmaqla, yalnız Rusiyaya deyil, həm də Ermənistanın mənafelərinə də xəyanət etdiyi arqumentləşdirilir.

Göründüyü kimi, Kreml Paşinyan hakimiyyətini mümkün qədər küncə sıxışdırmaq taktikasına üstünlük verir. Erməni baş nazir isə bu prosesin onun hakimiyyətinin sonunu gətirə biləcəyini anlamamış deyil. Ona görə də, bir tərəfdən Kremlə müqavimət göstərir. Digər tərəfdənsə, Azərbaycanla yekun sülh sazişini Brüssel prosesi üzrə mümkün qədər tez imzalamaqla, Rusiyanın əsas təzyiq mexanizmini aradan qaldırmağı planlaşdırır.

Elçin XALİDBƏYLİ Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir