KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elçin XALİDBƏYLİ: Kreml-Ankara qarşıdurması yaranır

Elçin XALİDBƏYLİ: Kreml-Ankara qarşıdurması yaranır

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
254 0

Ukrayna savaşından sonra Ağ Evdə Türkiyənin ABŞ və NATO üçün önəminin nə qədər əvəzedilməz olduğunu nəhayət ki, anlayaraq, qəbul etmək məcburiyyətində qaldılar… Kreml isə rəsmi Ankaraya qarşı imkanı çatan bəzi regionlarda, xüsusilə də, Suriyada problemlər törətmək niyyətinə düşüb, belə davam edərsə, ABŞ və Qərbin də istədiyi kimi, Türkiyə-Rusiya münasibətlərində kəskin ziddiyyətlər qaçılmaz ola bilər…
NATO-nun son sammitindən sonra beynəlxalq məkanda yeni situasya yaranmağa başlayıb. Bu sammitin nəticələri bir çox qəliz beynəlxalq problemlərə yanaşma tərzini dəyişməkdədir. Və bu prosesin bəzi dünya dövlətləri arasında yaxınlaşma ilə yanaşı, ziddiyyətləri də dərinləşdirəcəyi qətiyyən istisna deyil.

NATO-nun Madrid sammitində ən uduşlu nəticə ilə çıxan ölkənin məhz Türkiyə olduğu artıq qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməsinin arxasında olan əsas səbəblər aydınlaşdıqca, bu, açıq-aşkar nəzərə çarpır. Artıq qətiyyən şübhə doğurmur ki, Türkiyə yalnız İsveç və Finlandıya ilə imzalanmış üçtərəfli anlaşmanın müddəaları sayəsində bu iki ölkənin üzərinə yüklənmiş öhdəliklərlə kifayətlənməyib.

Məsələ ondadır ki, Türkiyə ABŞ-la da bəzi önəmli problemlərin həlli ilə bağlı anlaşma əldə edə bilib. Ağ Ev rəsmi Ankaranın uzun müddətdən bəri gündəmə gətirdiyi bəzi tələblərə müsbət qarşılıq verib. Və bütün bunlar əvvəlcə səhnəarxası siyasi-diplomatik təmasların real nəticələridir.

121978.jpg (515 KB)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden arasında NATO sammitində keçirilmiş ikitərəfli görüşdə isə həmin nəticələr sadəcə, növbəti dəfə təsdiqlənərək, elan edilib. Belə ki, rəsmi Ankara ABŞ-a yeni F-16 savaş təyyarələrinin satın alınması, eləcə də, Türkiyənin sahib olduğu F-16-ların modefikasiyasının modernləşdirilməsi ilə bağlı müraciət etmişdi. Və Ağ Ev bu müraciətə müsbət reaksiya verməyə o qədər də tələsmirdi.

Ancaq indi məlum olur ki, bu məsələnin həlli elə də uzaqda deyil. İki ölkənin prezidenti tərəfindən verilən mesajlar Türkiyənin öz hədəfinə çatmaq üzrə olduğunu göstərir. Çünki ABŞ prezidenti Co Bayden Türkiyəyə “F-16” döyüş təyyarələrinin satıla biləcəyini vurğulayıb. Və bu, rəsmi Ankara üçün olduqca böyük hərbi-siyasi uğur sayıla bilər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ağ Ev sahibi Türkiyəyə “F-16”-ların satışının əsas səbəblərini məhz ABŞ-ın və NATO-nun maraqları ilə arqumentləşdirməyə çalışır. Prezident Co Bayden NATO-nun Madrid sammitinin sonuncu günü mətbuat konfransında bildirib ki, ABŞ Türkiyəyə “F-16” təyyarələri satmalıdır və eyni zamanda, həmin təyyarələri modernləşdirməlidir: “Bunu etmək həm ABŞ-ın, həm də ümumiyyətlə, NATO-nun maraqlarına uyğundur. Prezident P.T.Ərdoğana dedim ki, “F-16”-ları geri qaytarmaq deyil, sadəcə, satmaq məcburiyyətindəyik. Ancaq bunun üçün Konqresin təsdiqi də lazımdır. Düşünürəm ki, biz bu razılığı ala biləcəyik”.

Maraqlıdır ki, Türkiyə prezidenti R.T.Ərdoğanın açıqlaması da Ağ Ev sahibi Co Baydenin dedikləri ilə üst-üstə düşür. İsveç və Finlandiya ilə imzalanmış üçtərəfli anlaşmanı, eləcə də NATO-nun Madrid sammitinin yekun nəticələrinin Türkiyəni böyük diplomatik uğuru hesab edən Türkiyə lideri Ağ Ev sahibi ilə əldə olunan anlaşmanı da yüksək qiymətləndirib. O, bildirib ki, prezident Co Baydenin “F-16”-lar ilə bağlı mövqeyindən məmnundur: “Prezident C.Baydenin mövqeyi Türkiyəyə bu problemi həll etməkdə dəstək ola bilər. Ona görə də, “F-16-lar” ilə bağlı prosesi sürətləndirmək üçün ABŞ-a nümayəndə heyəti göndərmək niyyətindəyik”.

Göründüyü kimi, ABŞ və Türkiyə arasında “buzlar əriyir” və köhnəlmiş bəzi problemlərin həll istiqamətində artıq ciddi addımlar atılmağa başlayıb. Böyük ehtimalla Ukrayna savaşından sonra Ağ Evdə Türkiyənin ABŞ və NATO üçün önəminin nə qədər əvəzolunmaz olduğunu nəhayət ki, anlayaraq, qəbul etmək məcburiyyətində qaldılar. Və bu baxımdan, rəsmi Ankaranın Ağ Evlə Suriya böhranı ilə bağlı da müəyyən anlaşmalar əldə etdiyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi Ankara Suriya ərazisində PKK/YPG terror təşkilatına ABŞ-ın dəstək verməsindən narazıdır. Eyni zamanda, rəsmi Ankara Suriyada terrorçuların nəzarəti altına olan ərazilərdə hərbi əməliyyatlar aparmaqla, Türkiyə sərhədlərində 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq niyyətindədir. Və son vaxtlara qədər PKK/YPG-ni dəstəkləyən ABŞ Türkiyənin antiterror əməliyyatlarına etiraz edirdi.

Maraqlıdır ki, ABŞ və Türkiyədən hələlik bu mövzuda hər hansı açıqlama olmasa da, məhz Rusiya mənbələri Ağ Evin rəsmi Ankaranı məmnun etmək üçün PKK/YPG-ni “qurban” verdiyini iddia edirlər. Üstəlik, Rusiya siyasi dairələri ABŞ və Türkiyə arasındakı son yaxınlaşma meyillərindən qətiyyən məmnun deyillər. Çünki, Kremlə ABŞ-la ziddiyyətləri kəskinləşən Türkiyə ilə tərəfdaşlıq daha cəlbedici görünür.

Onu da qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğanın İsveç və Finlandiyanın üzvlüyü sayəsində NATO-nun genişlənməsinin Ukrayna savaşı ətrafında yaranmış qəliz vəziyyətin nizamlanmasına müsbət təsir göstərəcəyini bildirməsi də, Kremldə qıcıq doğurub. Rusiya siyasi dairələrində Türkiyə liderinin bu mövqeyi rəsmi Ankaranın Ukrayna savaşına münasibətdə NATO ilə eyni xətdə keçməsi kimi dəyərləndirirlər. Yəni, hesab edirlər ki, Türkiyə bundan sonra Rusiyanın maraqlarına zidd olaraq, NATO-nun Ukrayna savaşına yönəlik atdığı addımları daha qətiyyətlə dəstəkləyəcəyini dolayısı mesajını verir.

Ona görə də, Kreml artıq Türkiyənin maraqlarına zidd əks addımlarla reaksiya verməyə başlayıb. Rusiya XİN-dən bəyan ediblər ki, Türkiyənin Suriyada planlaşdırdığı hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünə qəsd hazırlığı xarakter daşıyır və bu, yolverilməzdir. Və nə qədər qəribə də olsa, bunu məhz müstəqil Ukraynaya qarşı işğalçı müharibə aparan bir dövlət – Rusiya bəyan edir.

Bütün bunlar onu göstərir ki, Rusiya Türkiyəyə qarşı imkanı çatan bəzi regionlarda, xüsusilə də, Suriyada müəyyən problemlər törətmək niyyətinə düşüb. Halbuki, Kremldə də yəqin ki, Rusiyanın Türkiyəyə əngəl yaratmasının rəsmi Ankara ilə bir çox digər əməkdaşlıq sahələrində kəskin qarşıdurmaya yol aça biləcəyini anlayırlar. Əgər, Kreml bütün bunları bildiyi halda, rəsmi Ankara ilə qarşıdurmaya qərar vermək niyyətinə düşübsə, deməli, yaxın vaxtlarda ABŞ və Qərbin də istədiyi kimi, Türkiyə-Rusiya münasibətlərində kəskin ziddiyyətlər qaçılmaz ola bilər.

Elçin XALİDBƏYLİ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir