KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elçin XALİDBƏYLİ: Kremldə parçalanma iddiaları: Putin ikitərəfli təzyiqlər altında qalıb

Elçin XALİDBƏYLİ: Kremldə parçalanma iddiaları: Putin ikitərəfli təzyiqlər altında qalıb

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
37 0

Qərb kəşfiyyatına görə, Kremldə bir-birinə zidd qruplaşmalar arasında qarşıdurma mövcuddur və onlar prezident Vladimir Putinə daha çox təsir hüququ uğrunda rəqabət aparırlar; Əgər, bu doğrudursa, Kremldə hakimiyyət uğrunda daxili mübarizənin başlandığını və Rusiya prezidenti Vladimir Putinin hazırda istər-istəməz öz yaxın ətrafının təzyiqləri altında qərarlar verdiyini ehtimal etmək olar…
Ukrayna savaşı Rusiyanı geopolitik dalana salıb. İndi dünyada Kremlə etibar edilmir. Əksər beynəlxalq rəqibləri artıq Rusiyanın açıq düşməninə çevrilib. Kremlin ənənəvi strateji tərəfdaşları isə Rusiyadan mümkün qədər uzaq durmağa çalışır. Hətta onlardan bəziləri Rusiya ilə qarşılıqlı münasibətlərini indi strateji tərəfdaşlıqdan kəskin rəqabət müstəvisinə doğru sürüşdürüblər.

Onu da qeyd etmək lazımdır ki, Kremlin hegemonluğu altında olan MDB məkanında belə, Rusiyanı dəstəkləməyə elə bir ciddi həvəs göstərilmir. MDB dövlətləri hazırda Ukrayna savaşını kənardan fəal şəkildə müşahidə etməklə məşğuldurlar. Həmin dövlətlərin mütləq əksəriyyəti Rusiyanın məğlub olacağı variant üçün öz gələcək xarici siyasət kursunu yeni şərtlərə uyğunlaşdırmağın planlarını indidən qurmağa da başlayıblar. Rusiyanın ən yaxın müttəfiqi olan Belarusun prezidenti Aleksandr Lukaşenko da “Mən Ukraynada xüsusi əməliyyatların bu qədər uzanacağını gözləmirdim” demək məcburiyyətində qalırsa, deməli, yeni geopolitik şərtlər barədə düşünmək üçün əsaslar mövcuddur.

Belə anlaşılır ki, hazırda Rusiyanın Ukrayna savaşında ehtimal olunan qələbəsinə indi Kremldən başqa inanan demək olar, qalmayıb. Kreml hələ də Rusiyanın qələbəsindən danışır. Buna Rusiyanın ətrafından uzaqlaşmağa hazırlaşan tərəfdaşlarını da inandırmağa çalışır. Rusiya prezidenti Vladimir Putinin MDB ölkələrinə göndərdiyi təbrik də əslində, siyasi mesaj xarakteri daşıyır.

Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putin Faşizm üzərində “Qələbə Günü” münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini, eləcə də Gürcüstan və Ukrayna xalqlarını təbrik edib. Burada iki önəmli məqam diqqəti çəkir. Birincisi, Gürcüstan və Ukraynanın rəsmi dairələrinə bu təbrikdən pay düşməyib. İkincisi, Ukrayna siyasi dairələri təbrik edilmirsə, bu ölkənin vətəndaşlarının siyahıya salınması da məntiqə uyğun gəlmir.

Əgər, səbəb Rusiya-Ukrayna müharibəsidirsə, onu rəsmi Kiyev başlamayıb. Rusiya Ukraynaya müharibə elan etmədən savaşa start verib. Digər, tərəfdən Rusiya ilə müharibədə yalnız Zelenski hakimiyyəti vuruşmur. Prezident Vladimir Putinin təbrik etdiyi Ukrayna xalqı Rusiya ilə savaşın iştirakçısı və əks tərəfidir.

Nəhayət, Rusiyanın hərbi təcavüzü ucbatından Ukrayna şəhərləri dağıdılıb, minlərlə ukraynalı – uşaqlar, qadınlar və qocalar həlak olub. İndi Kreml sahibi Rusiya ordusunun qırdığı Ukrayna xalqını faşizm üzərində qələbə münasibətilə təbrik edərkən, heç də səmimi görünmür. Üstəlik, təbrik müraciətinin mətnində yer alan “Rusiya ordusunun əsgərləri öz əcdadları kimi qalib gələcək. Qələbə yenə də bizim olacaq” ifadələri də kəskin ziddiyyət doğurur. Hər halda, Kreml sahibinin faşizm üzərində qələbə münasibətilə təbrik etdiyi Ukrayna xalqına Rusiya ordusunun da qalibiyyətini vəd etməsi yumşaq desək, qətiyyən etik deyil və tamamilə anlaşılmaz davranışdır.

Ümumiyyətlə, Kreml 9 may faşizm üzərində qələbə günü ilə bağlı hər şeyi bir-birinə qarışdırıb. Rusiya siyasi dairələrinin həmin tarixi gün ilə bağlı bir çox planlar qurduğu barədə məlumatlar mövcuddur. Xüsusilə də, 9 mayın həm Rusiyanın Ukrayna üzərində qələbə gününə çevrilməsi yönündə ssenarilərin olduğu iddia edilirdi. Və bu planın baş tutmadığı artıq qətiyyən şübhə doğurmur.

İndi böyük ehtimalla Rusiya Ukrayna üzərində yeni qələbə günü barədə planlar qurmalı olacaq. Ancaq Kremlin hazırda daha çox hərbi məğlubiyyət təhlükəsindən yayınmaq barədə düşündüyünü nəzərə aldıqda, heç bu da asan məsələ təsiri bağışlamır. Və bu baxımdan, Kreml bu dəfə 9 mayı təskinləşdirici addımlar ilə qeyd etməklə, kifayətlənməli olacaq.

Maraqlıdır ki, prezident Vladimir Putinin mayın 9-da Ukraynaya qarşı rəsmən müharibə elan edəcəyi barədə iddialar hələ də aktuallığını saxlayır. Halbuki, bəzi məqamları nəzərə aldıqda, bu, o qədər də inandırıcı görünmür. Çünki, Kreml Rusiya qoşunlarının Ukrayna ərazisindəki hərbi əməliyyatlarının müharibə statusunda rəsmiləşdirilməsində o qədər də maraqlı deyil. Çünki, bu addımın siyasi nəticələri də qaçılmazdır.

Belə bir addımın atılması bir tərəfdən Rusiyanı beynəlxalq hüquq qarşısında açıq hədəfə çevirə bilər. Halbuki ABŞ və Qərb Rusiyanın cəzalandırılması baxımdan, onsuz da hüquqi bəhanələrdən qətiyyən korluq çəkmir. Digər tərəfdən, Ukraynaya savaş elan edilməsi Rusiya daxilində müəyyən siyasi-ictimai proseslərə də yol aça bilər. Belə ki, bu halda, prezident V.Putin Rusiyanın Ukraynaya qarşı müharibə apardığını rəsmən etiraf etməklə, hərbi səfərbərlik mexanizmlərini də işə salmış olacaq. Bu isə Rusiya cəmiyyətində ictimai gərginliyi artıra biləcək addımdır. Üstəlik, hərbi səfərbərliyə cəlb ediləcək vətəndaşların əsasən kasıb təbəqəyə aid olacaqları şübhə doğurmadığından Rusiyada çoxluğun narazılığı Kremlə ciddi problemlər vəd edir.

Digər ehtimallara görə, prezident Vladimir Putinin mayın 9-da müharibənin rəsmiləşdirilməsindən daha çox Ukrayna ərazilərinin ilhaqını elan edə biləcəyi gözlənilir. Hətta Qərb dairələri bu barədə kəşfiyyat məlumatlarının olduğunu da vurğulayır. Xüsusilə də ABŞ və Böyük Britaniya kəşfiyyatın aid edilən həmin məlumatlara görə, bu məsələ Kremldə parçalanma və qruplaşma belə, yaradıb. Və indi həmin qruplaşmalar arasında mövqe ziddiyyətləri dərinləşir.

Qərb mənbələri vurğulayırlar ki, Kremldəki qruplaşmalardan biri prezident Vladimir Putinin mayın 9-da Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını elan etməsinin vacibliyində israrlı mövqe tutur. Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsini tələb edir. Buna qarşı çıxan ikinci qruplaşma isə indiki situasiyada belə addımların atılmasının yolverilməz olduğunu sübut etməyə çalışır. Əsas arqument isə ondan ibarətdir ki, Ukrayna ərazilərinin ilhaq olunduğu rəsmən elan edilərsə, Rusiyanın gələcəkdə danışıqlar üçün hüquqi və siyasi cəhətdən heç bir şansı qalmayacaq.

Əslində, Kreml sahibinin mayın 9-da hansı addımları atacağını dəqiqləşdirmək üçün o qədər də çox gözləmək lazım gəlməyəcək. Prezident Vladimir Putinin Kremldəki qruplaşmalardan hansının daha çox təsiri altında olduğu tezliklə məlum olacaq. Belə ki, Kremldə parçalanma və bir-birinə zidd qruplaşmalar arasında qarşıdurma olduğu artıq müşahidə edilməyə başlayıb. Üstəlik, bu qruplaşmaların prezident Vladimir Putinə daha çox təsir hüququ uğrunda mübarizə apardıqları da qətiyyən şübhə doğurmur. Bu isə o deməkdir ki, Kremldə daxili hakimiyyət uğrunda mübarizə başlayıb və Rusiya prezidenti Vladimir Putin hazırda istər-istəməz öz yaxın ətrafının təzyiqləri altında qərarlar qəbul etmək məcburiyyətində qalıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.