KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elçin Xalidbəyli: Azərbaycan və Ermənistan sülhlə bağlı anlaşmalıdır

Elçin Xalidbəyli: Azərbaycan və Ermənistan sülhlə bağlı anlaşmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
226 0

Bu prosesə ən çox mane olan Rusiya və Fransanın imkanları isə bloklanmalıdır

Yalnız bundan sonra Azərbaycan və Ermənistan ikitərəfli təmaslarla ən qısa müddətdə yekun sülh sazişini imzalaya bilərlər

Avropa Şurasının baş katibi Maria Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan arasında da sülh danışıqlarından danışıb. Deyib ki, Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır. Lakin onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh yalnız iki ölkə liderinin danışıqları nəticəsində əldə oluna bilər: “Biz bugünədək iki ölkə arasında qarşılıqlı inam və dialoqun yaradılmasına səy göstərmişik. Bir neçə həftə bundan əvvəl yüksəksəviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub.

Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Lakin ən əhəmiyyətlisi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki dövlətin lideri bir araya gəlib öz aralarında sülhə nail olmalıdırlar”. Adətən vurğulanır ki, Qərb sadəcə vasitəçilik təşəbbüsü ilə çıxış edir və tərəflər arasındakı müzakirələrə qarışmır. Rusiya isə əksinə, hər ortamda “üçtərəfli” danışıqlardan söz açır, Moskva üçbucağı əsas tərəfi kimi gündəmə gətirir. Yəni Kremlin söz sahibi olduğunu deyir. Belə məqamda Avropanın “iki ölkə öz arasında ortaq məxrəcə gəlməlidir” yanaşması diqqət çəkir.

Politoloq Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ-nin və bəzi Avropa qurumlarının Azərbaycan və Ermənistanı ikitərəfli təmaslarla anlaşmağa çağırması ən doğru yanaşmadır. Analitikin sözlərinə görə, prosesin məntiqi də bunu tələb edir: “Anlaşmaya ehtiyac olan bütün problemlər məhz Azərbaycan və Ermənistan arasındadır.

Ona görə də məhz Azərbaycan və Ermənistan anlaşmalıdır. ABŞ və Qərb, eləcə də Rusiyanın vasitəçiliyi isə yalnız bu ikitərəfli təmaslara şərait yaratmaqdan ibarət olmalıdır. Onlar müzakirə olunan mövzulara müdaxilə etməməlidirlər və tərəf tutmamalıdırlar.

Ancaq hazırda ABŞ və Brüssel prosesləri istisna olmaqla, bunun tam əksi müşahidə olunur. Rusiya üçtərəfli müzakirələr üzərindən Azərbaycan və Ermənistan arasında sülh prosesinin məzmun və istiqamətlərini təkbaşına müəyyən etməyə çalışır. Hətta Kreml Azərbaycan və Ermənistan arasında müzakirələrdə sülhyaratma məqsədi güdən heç bir addım atmır. Əksinə, Kremlin əsas hədəfi ondan ibarətdir ki, əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaqsa, bu sənədin məzmunu yalnız birmənalı şəkildə Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqları üzərində qurulsun. Yəni Kreml sülh prosesinə iki ölkənin normal münasibətlər qurması kontekstindən deyil, məhz Rusiyanın hədəflərindən yanaşır. Belə vasitəçilik yolverilməzdir. Bu, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması cəhdləri qarşısında ən böyük əngəldir”.

Ekspertin qənaətincə, əminliklə demək olar ki, Rusiya sülh yaratmaq məqsədilə deyil, məhz onu pozmaq üçün vasitəçilik edir: “Bu baxımdan, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün ilk növbədə Rusiyanın vasitəçiliyindən imtina etmək vacibdir. Əks halda, Rusiya bu prosesə müdaxilə etmək imkanlarını saxladığı müddət ərzində sülh danışıqları heç bir ciddi nəticə verməyəcək.

Kremlin üçtərəfli anlaşmaları sülh danışıqlarında əsas hüquqi baza kimi qəbul etdirməyə çalışması da məntiqsiz və yolverilməz mövqedir. Çünki üçtərəfli anlaşmalar müvəqqəti çərçivə sənədlərindən başqa bir şey deyil. 10 noyabr üçtərəfli anlaşmasının müddəti isə ümumiyyətlə, 2025-ci ildə sona çatacaq. Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı olacaq. Kremlin əsas cəhdləri indi həmin sənədi başqa məzmunda – sülh sazişi adı altında Azərbaycan və Ermənistana qəbul etdirməyə yönəlib. Yəni Kreml Azərbaycan və Ermənistanın əvəzindən yalnız Rusiyanın geopolitik maraqlarını ifadə edən sülh sazişinin mətnini hazırlayıb, belə bir məntiqsiz sənədi hər iki tərəfə imzalamağa can atır.

Digər tərəfdən, üçtərəfli anlaşmalar sülh prosesində əsas hüquqi baza ola bilməz. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi məhz beynəlxalq hüquq normaları çərçivəsində hazırlanmalıdır. Kremlin Rusiyanı bu prosesdə BMT-nin statusunda ön plana çıxartmağa çalışması təhlükəli məqamdır. Ona görə də Kremlə anlatmaq lazımdır ki, Rusiya sülh prosesində söz sahibi ola bilməz”.

E.Xalidbəyli vurğulayıb ki, bütün bunlarla yanaşı, hazırda baş verənlərdə Fransanın da məkrli davranışları xüsusi rol oynayır:

“Rəsmi Paris də Rusiya kimi, sülh yaratmaq deyil, prosesin pozulması istiqamətində fəaliyyət göstərir. Fransa Ermənistanın silahlandırılmasına başlayıb. Bu, regional sülh prosesinə ən ağır zərbədir. Ona görə də Avropa qurumları Azərbaycan və Ermənistanı ikitərəfli təmaslara çağırmaqla yanaşı, Fransanı da sülh prosesini əngəlləmək cəhdlərindən imtinaya çağırmalıdır. Fransa indiyə qədər iki dəfə – ötən ilin dekabrında və bu ilin iyun ayında sülh prosesini pozmağa nail olub. Ona görə də Rusiya kimi, Fransanın da Cənubi Qafqazdakı bütün proseslərdən təcrid edilməsi vacibdir. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinə ən ciddi əngəl məhz Rusiya və Fransanın timsalında kənar müdaxilələrdir. Ona görə də Rusiya və Fransanın sülh prosesinə müdaxilə imkanlarını bloklamaq lazım gələcək. Yalnız bundan sonra Azərbaycan və Ermənistan ikitərəfli təmaslarla ən qısa müddətdə yekun sülh sazişini imzalaya bilərlər”.
İsmayıl Qocayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir