KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elchin Xalidbeyli: SSRİ-nin bərpası mümkün deyil, Rusiya isə özü imperiyadır və mütləq dağılacaq

Elchin Xalidbeyli: SSRİ-nin bərpası mümkün deyil, Rusiya isə özü imperiyadır və mütləq dağılacaq

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
313 0

Bütün imperiyalar əvvəl-axır dağılmağa məhkumdurlar, tarixdə onların bərpası ilə bağlı heç bir örnək yoxdur…

Yəni, Kreml strateqləri hazırda postsovet məkanında sadəcə, “Rusiya xofu” yaratmağa çalışırlar. Ancaq Kremlin keçmiş SSRİ-nin bərpası ilə bağlı propoqandası əslində, Rusiya siyasi dairələrində də kifayət qədər ciddi xofun olduğunu göstərir. Kreml strateqləri Rusiyanın tədricən dağılma mərhələsinə yaxınlaşmaqda olduğunu anlayırlar və bundan ciddi şəkildə narahatdırlar.
Buna əmin olmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına diqqət etmək tamamilə yetərlidir. O, bildirib ki, NATO Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra sahibsiz qalmış ərazilərin nəzarət altına alınması üzrə geopolitik layihəyə çevrilib: “Onlar indi bununla məşğul olurlar. Biz NATO-nun Rusiya sərhədlərinə yerləşməsinə laqeyd qala bilmərik”.
Göründüyü kimi, Rusiya özü qorxu içərisində çabalayır. NATO xofu Kreml üçün olduqca ciddi geopolitik diskomfort yaradır. Rusiya NATO hərbi bazaları ilə hərbi-siyasi blokadaya düşmək təhlükəsi qarşısındadır. Və bu proses son nəticədə Rusiyanın öz sərhədləri içərisinə qapadılaraq, parçalanma mərhələsinə keçirilməsi ilə yekunlaşa bilər.
Ona görə də, Rusiya NATO hərbi bazalarının peyda olma perspektivləri ilə yüklənmiş bütün bölgələrə münasibətdə aqressiv addımlar atmağa çalışır. Həm NATO-nu ehtiyatlı davranmağa məcbur etmək, həm də Qərblə yaxınlaşmağa meyl göstərən postsovet ölkələrini hədələmək məqsədi güdür. Yəni, Kreml Rusiyanı daha da zəiflətmək, daha sonra isə dünya üçün yeni kataklizmlər törətməyəcək modeldə parçalamağa cəhd edənlərə müqavimət göstərməyə çalışır.
Kremlin buna nail olub-olmayacağı barədə indidən nəsə demək bir qədər tezdir. Ancaq Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək şansının olmadığı qətiyyən şübhə doğurmamalıdır. Rusiyanın belə bir potensialının olduğuna indiki situasiyada yalnız sadəlövhlər inana bilər.
Məsələ ondadır ki, artıq dünya keçmiş SSRİ-nin yaradıldığı və mövcud olduğu geopolitik şərtlərdən çox-çox uzaqlaşıb. Müasir texnologiyaların inkişaf etdiyi 21-ci əsrdə heç kim Rusiyaya “xalqların yeni həbsxanası”nı yaratmağa imkan verməz. Üstəlik, hazırda Rusiya özü də beynəlxalq maliyyə-iqtisadi sistemin girovudur. Və hər an dərin sosial-iqtisadi böhran içərisində boğulmağa məhkum edilə bilər.
Digər tərəfdən, keçmiş SSRİ ölkələri də artıq 90-cı illərdə olduqları durumdan çox-çox uzaqlaşıblar. Bu ölkələrin əhalisi ciddi nəsil və siyasi-ideoloji düşüncə dəyişikliyinə məruz qalıb. Hər bir postsovet ölkəsi müasir dünya ilə yeni inteqrasiya mərhələsi keçib. Yeni hərbi-siyasi, maliyyə-iqtidadi, ticari və s. münasibətlər sistemi qurulub. Və bütün bunların keçmiş SSRİ-nin bərpası məqsədilə dağıdılması dünyada, xüsusilə də postsovet məkanında ciddi kataklizmlər yarada bilər.
Məsələn, yeni maliyyə-iqtisadi və ticari münasibətlərin pozulması keçmiş SSRİ-nin tərkibində olmuş hər bir postsovet ölkəsində xaos yaradar. Hər halda, keçmiş SSRİ bərpa ediləcəyi təqdirdə, postsovet ölkələrinin xarici ölkələrlə olan iqtisadi-ticari müqavilələri də pozulmuş olacaq. Çünki qarşı tərəf həmin müqavilələri Rusiya ilə davam etdirməkdə yumşaq desək, maraqlı olmayacaq.
Yəni, Kreml postsovet ölkələrinin maliyyə-iqtisadi və sosial problemlərini də öz üzərinə götürməli olacaq. Halbuki, Rusiya iqtisadiyyatının belə bir potensialının olmadığını Kremldə hamıdan yaxşı bilirlər. Və Rusiya tədricən özü sosial-iqtisadi böhrana doğru yaxınlaşır.
Ona görə də, keçmiş SSRİ zorakılıqla bərpa ediləcəyi təqdirdə, postsovet məkanında dərin sosial-humanitar böhran, ictimai xaos baş qaldıra bilər. Belə bir xaosun qısa müddətdə Rusiyanın daxilinə sıçrayacağı isə qətiyyən şübhə doğurmur. Ardınca milli-etnik zəmində silahlı toqquşmaları da nəzərə almaq lazımdır. Üstəlik, Rusiyada yaşayan və vətənləri rus qoşunları tərəfindən işğal edilmiş olacaq onmilyonlarla qeyri-rusun baş verənlərə reaksiyasını da hesabdan silmək olmaz. Çünki Rusiya ərazisi daxili toqquşmalar nəticəsində qısa müddət ərzində qan gölünə çevrilə bilər. Bura Rusiya ərazisində olan milli-etnik mənşəli federasiya subyektlərini də əlavə edəndə baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.
Ona görə də, Kreml heç vaxt keçmiş SSRİ-ni bərpa edə bilməyəcək. Üstəlik, buna cəsarəti də çatmayacaq. Rusiyanın belə gücü və potensialı mövcud deyil. Nəhayət, beynəlxalq siyasi iradə mərkəzləri Kremlə belə bir şans da tanınmaz.
Düzdür, deyirlər ki, tarix təkrar oluna bilər və bu baxımdan, keçmiş SSRİ-nin də dirildilməsi istisna deyil. Ancaq unudurlar ki, tarixdə yalnız hadisələr təkrar olunur, nəticələr isə fərqli məzmun daşıyır. Bu baxımdan, Keçmiş SSRI-nin bir imperiya dövləti olduğunu da unutmaq olmaz. Tarixdə imperiyalar həm yaranıblar, həm də dağılıblar. Ancaq dünya tarixində hər hansı imperiyanın dağıldıqdan sonra bərpa edilməsi barədə heç bir örnək mövcud deyil. Keçmiş SSRİ-də dağılmış bir imperiyadır. Onun yenidən bərpası da qətiyyən mümkün deyil. Ona görə də, hazırda Kremlin davranışlarına keçmiş SSRİ-nin bərpasından daha çox, əksinə, Rusiyanın dağılması ilə bağlı prosesi mümkün qədər ləngitmək cəhdləri kimi yanaşmaq daha doğru olardı.

Elchin Xalidbeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir