KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elchin Halidbeyli: ABŞ və Qərb Rusiyanın dağılmasına imkan verməz

Elchin Halidbeyli: ABŞ və Qərb Rusiyanın dağılmasına imkan verməz

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
308 0

Əks halda, bütün dünya “dağıtılar”ın altında qala bilər…

Əsas hədəf Ukrayna savaşı və sanksiyalarla Rusiyanın hegemonluq potensialının zəiflədilməsi, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Qərbin təlimatlarıyla idarə edilən siyasi qüvvələrin iqtidara gətirilməsidir…

ABŞ prezidenti Co Bayden açıq mətnlə bəyan etmişdi ki, Ukrayna savaşı prezident Vladimir Putin hakimiyyətdən gedənə qədər davam edəcək. Və bu, Kremldə də ciddi narahatlıq doğuran məsələdir.

Məsələ ondadır ki, Kremldə də Putinin əsas hədəf olduğuna qətiyyən şübhə etmirlər. Hətta Rusiya siyasi dairələri bu məsələdən belə, ABŞ və Qərbin nüvə savaşı ilə şantaj olunması məqsədilə istifadə etməyə çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev prezident Vladimir Putinin hakimiyyətdən çəkilməsinin bütün dünya üçün fəlakət doğura biləcəyini vurğulamışdı. O, bildirmişdi ki, bu halda Rusiya parçalanacaq, nəhəng ölkədə xaos yaranacaq, Rusiyanın nüvə silahı təhlükəli qüvvələrin əlinə keçəcək.

Əslində, belə bir ssenari o qədər də reallıqdan uzaq görünmür. Yəqin ki, ABŞ və Qərb həqiqətən də Putinsiz Rusiya ssenarisini reallaşdırmaqda davam edəcəksə, deməli, belə qlobal təhlükə ehtimalına da hazır olmalıdır. Çünki, Putin olmadan Rusiyanın parçalana biləcəyini yalnız D.Medvedev proqnozlaşdırmır. Hər halda, bir müddət öncə Çinin dövlət telekanalında parçalanmış və qonşu ölkələr arasında bölüşdürülmüş Rusiya xəritəsini yayması qətiyyən təsadüf ola bilməzdi. Nəzərə almaq lazımdır ki, Çin artıq uzun müddətdir ki, Rusiyanın zəngin şərq ərazilərinə sahiblənmək ümidləri içərisindədir.

Bu barədə son açıqlamaya isə prezident Vladimir Putinin uzun müddət həbsdə saxlayıb, müflis etdiyi keçmiş Rusiya oliqarxı Mixail Xodarkovski müəlliflik edib. O, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə, Rusiyanı gözləyən dörd ehtimalı açıqlayıb. Putin rejimi dəyişməyənə qədər Avropada sülh əldə olunmayacağını vurğulayan M.Xodarkovskinin fikrincə, Putindən sonra onun tərəfdarları hakimiyyəti öz əllərində saxlaya bilərlər, bu, baş verməsə, ölkənin parçalanması qaçılmaz olar, müxalif qüvvələrin hakimiyyətə gəlişi və dövlətin ABŞ kimi federallaşması da istisna deyil.

Təbii ki, bu ehtimalların içərisində Rusiyanın dağılması ABŞ və Qərb üçün ən fəlakətli ssenari hesab oluna bilər. Çünki, indiki şəraitdə ABŞ və Qərbin hadisələrin belə inkişafına hazır olduğuna inanmaq sadəlövhlük olardı. Hər halda, Rusiyanın dağılmasının keçmiş SSRİ-nin süqutundan daha ciddi kataklizmlər doğrura biləcəyi qətiyyən şübhə doğurmur.

Birincisi, belə ssenari ilk növbədə Ruisyada ötən əsrin əvvəllərində olduğu kimi, vətəndaş müharibəsinə yol aça bilər. Bu sıraya qeyri-rus millətlər arasında silahlı münaqişələri də əlavə etdikdə fəlakətin əhatə dairəsini təxmin etmək çətinlik törətməz. Deməli, ABŞ və Qərb, daha dəqiq desək, Avropa Birliyi Rusiyadan gələ biləcək onmilyonlarla qaçqını qəbul etməyə hazır olmalıdır. Yəni, yalnız Rusiya çoğrafiyasında deyil, bütövlükdə Avropa qitəsində humanitar böhran yarana bilər. Üstəlik, bu sıraya dünyada yarana biləcək kəskin enerji böhranını və onun doğuracağı nəticələri də əlavə etmək lazımdır.

Digər tərəfdən, ABŞ və Qərb Rusiyanın parçalanma prosesini Çinə uduza da bilər. Çünki, bu halda, rəsmi Pekin Çinlə həmsərhəd Rusiya ərazilırini, o cümlədən, enerji resursları ilə zəngin çoğrafiyanı ələ keçirə bilər. Nəticədə, dünya hegemonluğu Qərbdən Şərqə keçmiş olacaq. Üstəlik, Çinin daha cəld tərpənərək, Rusiyanın nüvə silahı arsenalına nəzarət imkanları olduğunu da nəzərə aldıqda, vəziyyətin ABŞ və Qərb üçün Rusiyanın taleyindən o qədər də fərqlənməyə biləcəyini ehtimal etmək olar.

Nəhayət, hətta Çinin nəzarətinə keçməsə belə, Rusiyanın nüvə arsenalı, dövlətə çevrilməyə imkan tapmamış zəif inzibati siyasi sistemlərin, hətta nəzarətdən çıxmış hərbi qruplaşmaların və terrorçuların da əlinə keçə bilər. Və Qərb dövlətlərinin belə fəlakət qaynağını necə zərərsizləşdirə biləcəkləri hələ məlum deyil.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Rusiyanın bir dövlət kimi parçalanaraq, dağılmasına hazır olmadığı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Qərb siyasi dairələri Rusiyanın dağılmasına imkan verməzlər. Yəqin ki, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ABŞ və Qərbin gələcək hədəfləri üçün ən uyğun ssenaridir.

Bu, baş verərsə, hətta hakimiyyət prezident Vladimir Putinə bağlı qüvvələrin əlində qalsa belə, ABŞ və Qərb Rusiya siyasi çoğrafiyasını parçalanmadan qorumağa çalışacaq. Çünki, Putindən sonra Rusiya istənilən halda, zəifləyəcək, ABŞ və Qərbin tələblərinə daha həssas olacaq.


Elchin Halidbeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir