KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Diaspor mövzusunda qeydlər

Diaspor mövzusunda qeydlər

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
752 0

ken
Biz yəhudi ola bilərikmi …
Diaspor mövzusunda qeydlər
Bakıda Dünya Azərbaycanlılarının 4-cü qurultayı Almaniya parlamentinin “erməni soyqırımı” qətnaməsini qəbul etməsi ilə eyni vaxta düşdü. Birbaşa əlaqə olmasa da, Türkiyədə Almaniyanın bu qərarı ilə bağlı müzakirələrin hədəflərindən biri də diaspordur.

Məsələ ondadır ki, Almaniya Türkiyə ilə yaxın əməkdaşlığa malik ölkə olmaqla yanaşı, bu ölkədə böyük türk diasporu var. Son rəqəmlərə görə hazırda Almaniyada 4-ci nəsil türklər də daxil olmaqla 3,5 milyon Türkiyə əsilli insan yaşayır. Almaniya parlamentində (Federal Məclis) 11 Türkiyə əsilli deputat var.

Təbii ki, 11 deputat, siyasi fəallarla yanaşı, Almaniyada türklərin çoxlu sayda ictimai təşkilatları, vəqfləri, humanitar qurumları da var. Doğrudur, Türkiyə əsilli olaraq göstərilən insanlar arasında böyük sayda kürdlər də var ki, onlar heç də Türkiyə dövlətinin siyasətini dəstəkləmir, ancaq istənilən halda Almaniyada Türkiyə diasporu böyük bir qüvvədir. Lakin göründüyü kimi son hadisələr də sübut etdi ki, məsələ heç də diasporun böyüklüyündə deyil ; əhalinin sayı və çoxlu təşkilatlar keyfiyyətlə düz mütənasib olmur. Bunun oxşar nümunəsi Rusiyadakı Azərbaycan diasporu sayıla bilər. 2 milyon Azərbaycan əsilli insanın yaşadığı Rusiyada güclü, mütəşəkkil diaspor fəaliyyətindən danışmaq olmaz.

Doğrudur, dövlətlərin siyasi qərarlarına ictimai qurumların, özü də diaspor qurumlarının təsir etmək imkanları o qədər da yüksək deyil, ancaq istənilən halda yaxşı təşkilatlanmış diaspor qurumlarının ciddi təsir gücünə malik olduqlarını da etiraf etmək lazımdır. Müstəqilliyini torpaq itkisi hesabına qazanan və hələ də müharibə şəraitində yaşayan Azərbaycan üçün dünyada sözünü deyəcək, həqiqətlərini yayacaq güclü diaspora ehtiyac var. Bunun üçün necə deyərlər potensial da var: Dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır. Qalır onları təşkilatlandırıb qüvvəyə çevirmək.

Azərbaycan və Türkiyənin diaspor mövzusunda bir neçə zəif nöqtələri mövcuddur. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti İsrailin dünyaca məşhur diaspor siyasətini qurmağa çalışır. Yeri gəlmişkən, dünyada çox az ölkədə, o cümlədən İsraildə diaspor üzrə dövlət qurumu var. Bu qurum dünya ölkələrində yaxşı təşkilatlanmış yəhudi diasporu ilə İsrail dövləti arasında əlaqələri qurur. Azərbaycanın bu layihəyə müraciət etməsi, diasporla məşğul olan dövlət qurumu təsis etməsi, həmçinin Azərbaycan dövlətinin dünya azərbaycanlılarının vahid mərkəzi kimi strukturlaşdırmağa çalışması İsrailin diaspor siyasətinin bənzəridir.
Lakin burda bir kiçik çatışmayan cəhət var: azərbaycanlılar yəhudilər kimi deyillər. Heç türkiyəlilər də yəhudilərə bu mövzuda çata bilməz. Yəhudilərin pərakəndə olaraq dünyaya səpələnməsi tarixinin başlanğıcı eramızdan əvvəl 7-ci əsrə qədər gedib çıxır. Yəhudi xalqı bu istiqamətdə dünyada heç bir etnik qrupun sahib olmadığı tarixi təcrübəyə və geniş imkanlara malikdir.

Azərbaycan və Türkiyə türklərinin isə bu cür “təcrübələri” yoxdur. Üstəlik, dərin təşkilatlanma, şəbəkəyə çevrilmək kimi bir milli konsepsiya da mövcud deyil. Türklərin ən “qədim” diasporu Almaniyadadır. Hansı ki, ötən əsrin ortalarında ilk dəfə hökumətlərarası anlaşma ilə ilk türk mövsüm işçiləri fabriklərdə çalışmaq üçün Almaniyaya gediblər. Azərbaycanlıların isə ümumiyyətlə, diaspor təcrübəsi və təşəbbüskarlığı azdır.

Digər mühüm bir məqam isə diasporu bir arada tutacaq vahid ideyanın zəif olmasıdır. Əksər hallarda siyasi hakimiyyətə münasibət, etnik, dini amillər diaspor təşkilatlarının güclənməsi və əlaqəli çalışması yolunda maneəyə çevrilir. Azərbaycan hökumətinin dövlət mərkəzli diaspor qurmaq çalışmaları daha çox İsrail modelinə bənzəsə də, Azərbaycan kimi fərqli dini, etnik quruluşu olan ölkə üçün bu modelin nə qədər təsirli olacağı bəlli deyil. Doğrudur, Şah İsmayıl və dövlətçilik ideyasının qabardılması bu istiqamətdə dərinə işləyən çalışmaların olmasını göstərsə də, dini amilinin hələ də nəzərə alınmaması və ya zəif olması, eyni zamanda hakimiyyət mərkəzli diaspor qurmaq cəhdləri vahid, güclü diaspor qurulması istiqamətində maneə olaraq qalmaqdadır.

Yazar : Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir