Gürcüstan “3+3platforması”nda iştirak edə bilməyəcək. Bunu Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. D.Zalkalian məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirdiyini qeyd edib.
Məsələni “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, “3+3platforması”na dair ideyanı cənab prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan irəli sürüb:
“Bununla bağlı regionun altı ölkəsinə də çağırışlar olub. Gürcüstan ilk günlərdən proseslə bağlı müəyyən suallarının olduğunu bildirib. Lakin bu suallar Azərbaycan, Türkiyə və Gürcüstan münasibətindən asılı deyil. Çünki Azərbaycan və Türkiyə Gürcüstanla iqtisadi, hətta hərbi təlimlər kontekstində bir çox sahələrdə əməkdaşlıq edir.
Məncə, Rusiya ilə Gürcüstan arasında müəyyən problemlər olduğunu nəzərə alsaq, Gürcüstanın Rusiyanın da “Altılıq platforma”da yer alacağını bildiyindən bu prosesdən kənarda durmaq istəyi təbiidir”.
Politoloq diqqətə çatdırıb ki, bu yaxınlarda Gürcüstana səfər edən Pentaqonun rəhbər şəxsinin də proseslə bağlı açıqlaması Gürcüstanın ilk günlərdən bu prosesdən uzaq qalacağını göstərirdi:
“Düşünürəm ki, regionun üç güclü dövləti olan Azərbaycan, Türkiyə və Rusiya özəlliklə “3+3formatı”ndadır. Bu baxımdan Gürcüstanın formatdan kənar qalmağı “Altılıq platforma”nın reallaşma imkanlarını qətiyyən təhdid etmir. Altılıq olmayacaqsa, beşlik platforma ola bilər. Burada təbii ki, Ermənistan da təmsil olana bilər”.
Ekspertin qənaətincə, müəyyən cığırlarda Azərbaycan və Türkiyə ilə anlaşılmazlıqları yaşansa da, gələcəkdə rəsmi Tehran da bu prosesdə fəal olacaq:
“Lakin Gürcüstan digər bir formada region ölkələri ilə əməkdaşlıq edir. Azərbaycan və Ermənistan arasında ilk mina xəritələri ilə bağlı danışıqlarda da Gürcüstan fəallıq nümayiş etdirmişdir. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə başqa bir üçlü platformada müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Bu baxımdan Gürcüstanın platformada iştirak etməməyi Azərbaycan və Türkiyənin Gürcüstanla münasibətlərini zədələmir”.
Sücayət Mehti