KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. DAĞLIQ QARABAĞ VƏ FƏLƏSTİN MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İRAN VƏ AZƏRBAYCANIN ƏMƏKDAŞLIĞI

DAĞLIQ QARABAĞ VƏ FƏLƏSTİN MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İRAN VƏ AZƏRBAYCANIN ƏMƏKDAŞLIĞI

Gülnara İnanç Gülnara İnanç - - 12 dk okuma süresi
482 0

DAĞLIQ QARABAĞ VƏ FƏLƏSTİN MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İRAN VƏ AZƏRBAYCANIN ƏMƏKDAŞLIĞI
gulnarainanc
Yaxın Şərqdə baş verən siyasi proseslər geosiyasi hadisələrin axarına yeni stimul verdi. Nə qədər təzadlı olsa da, ərəb cərəyanları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni mərhələ açdı. Lakin bu mərhələ artıq tamamilə yeni oyun şərtləri tələb etməyə başladı. Daqlıq Qarabaq münaqişəsinin qismən, yaxud mərhələli həllinin mümkün olduğu geosiyasi dönəmlər olub. Məsələn, 2009-cu ildə rəsmi Bakı dünyanın aparıcı güclərini Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına demək olar ki, razılığını almışdı. Ermənistan hökuməti isə Azərbaycanın ona qarşı blokadasını yumşaltmaq qarşılığında buna razı idi. Bu ərəfədə Ağ Evin və Avropa Birliyinin təzyiqi ilə Ermənistan-Türkiyə danışıqları intensiv şəkildə aparılırdı.

Ermənistan vasitəsilə Rusiyaya siyarət etmək istəyən Qərb o aralar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına xüsusi israr edirdi. Bu planın icrası üçün hərbi əməliyyatlar başlanmalı, erməni silahlı qüvvələri işğal olunmuş rayonlardan sıxışdırılıb çıxarılmalı idi. Bu əməliyyatlar erməni millətçilərini sakitləşdirəcək, erməni ictmaiyyətini 5 rayonun qaytarılmasının vacibliyinə inandıracaq və münaqişənin birinci mərhələsinin həlli barədə anlaşma imzalananda Ermənistan tərəfi öz simasını itirməyəcəkdi.(1) Həmin mərhələ təəssüf ki, sona çatdırılmadı. O dövrdə Xəzər dənizinin qaz layihələri hələ dəqiqləşdirilməmişdi deyə, Qərb və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini təzyiq vasitəsi kimi daha sonraya saxladı. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələləi həlli üçün yeni bir şans yaranıb. Bu dəfə meydana Qərblə yanaşı, şərqli oyunçular da qoşulur. Azəbaycan apardığı nizamlı və gələcəyə istiqamətlənmiş siyasəti nəticəsində yalnız öz coğrafiyasında deyil, dünyada, o cümlədən müsəlman dünyasında yeni siyasi və iqtisadi mərkəzə çevrilib. Erməni-Azərbaycan münaqişəsinin həllinin hazırki mərhələsini araşdırarkən Azərbaycanla xüsusi münasibətləri olan iki ölkəni Fələstin və İranı diqqət mərkəzinə gətiririk. 2012-ci ilin payızında BMT Baş Assambleyası Fələstinin müşahidəçi statusunda təşkilata üzv qəbul edilməsinə dair qətnamə qəbul etdi. Bununla da dünya ictimaiyyəti yavaş-yavaş Yaxın Şərqdə Fələstin dövlətini görməyə hazırlandı .

Qeyd edək ki, hələ 1947-ci ildə BMT-nin qərarı ilə İsraillə yanaşı yaranmalı olan Fələstinin artıq dövlət kimi tanınmağa başlanması da «ərəb baharının» həyəcanı fonunda baş verir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Fələstinin BMT-də müşahidəçi statusunun lehinə səs verməsi təsadüfi deyil. Rəsmi Bakı həmişə Fələstin dölətinin yaradılması hüququ olduğunu və Qüdsün bölünməsini dəstəkləyib. 2013-cü ilin yazında isə bunun davamı olaraq Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun Ramallaha səfərindən sonra iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməyə başladı. Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edib. (3) Bununla Ramallah Azərbaycanın bu qurumlarla gələcəkdə də dəstəyini gözlədiyinə işarə edib. Azərbaycanın Qüdsi-Şərifə və Fələstinə yardım etmək məqsədilə Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirlərinin iyun ayında Bakıda konfransını düzənlədi. Bu konfransda Azərbaycan Qüds şəhərində Fələstinin mühüm obyektlərinə yardım üçün beş milyon dollar yardım etmək təşəbbüsü irəli sürüb. Azərbaycan və Fələstin arasında əlaqələr heç vaxt bu qədər pozitib olmayıb. Fələstin-Azərbaycan münasibətləri hər iki tərəfə siyasi, iqtisadi, ticari və mədəni baxımdan qarşılıqlı fayda gətirir. Gələn il Bakıda Azərbaycan və fələstinli ticarətçilərin və iş adamlarının forumu çağırılacaq. (2)

Ötən ildən başlayaraq isə rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin İslam dünyasının ictimai fikrində tanınması, ictimailəşməsi üçün çalışmalara başlayıb. Məqsəd Dağlıq Qarabağ münaqihəsinə İslam dünyasında Qüdsə olan statusu verməkdir . E.Məmmədyarovun Ramallaha səfərində də bu məsələ gündəmdə olub. Bu məsələni inkişaf etdirmək üçün Fələstin İslam dünyasının diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldə və bununla da Azərbaycan İslam dünyasında münaqişənin həllində Azərbaycanın mövqeyini dəstəklənməsinə nail ola bilər. Digər tərəfdənsə, Qüdsü dəstəkləməklə dünyadakı erməni lobbisinin Ərəb ölkələrində yaşayan soydaşları vasitəsilə həmin dövlətlərin siyasətinə təsirini neytrallaşdırmaq mümkündür. Münaqişənin mərhələli həlli və Dağlıq Qarabağa İslam dünyasının problemi statusunun verilməsində başqa bir önəmli amil isə İrandır. Aprel ayının sonlarında Azərbaycanın Prezident Aparatı Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Qafqaz Müsəlmanları Ruhani idarəsinin sədri Allahşükür Paşazadənin İran səfərində də Qüds və Dağlıq Qarabağ münaqişələrinin İslam dünyasında və beynəlxalq aləmdə paralel gündəmə gətirilməsi müzakirə olunub. İranın Azərbaycandakı səfiri Möhsün Panayinin «Fələstin xalqına dəstək olan hər bir dövləti biz himayə edəcəyik. Bu , bizim Azərbacanla eyni mövqedə olduğumuz məsələlərdən biridir» sözləri rəsmi Tehranın münaqişə ilə bağlı mövqeyini bir daha təsdiqləyir (4) Ağayi Paknayin başqa bir müsahibəsində məsələyə bir qədər açıqlama verib: «İran münaqişənin həllində öz imkanlarından istifdə etmək istəyir. Rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərə təqdim etmək üçün həll planı hazırlayıb.Vaxtı gələndə onu təqdim edəcəyik.» (5)

Yaxın Şərqdəki gərginliyin coğrafiyası genişləndikcə, İran bölgədə damamlı stabilliyə və sülhə şərait yaratmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır. Tehran hesab edir ki, bölgədə təhlükəsizliyin istənilən şəkildə pozulması İrana mənfi təsir edəcək. ATƏT-in Minsk qrupunun münaqişənin həllində doğru yol tutmaması məsələsində Bakı ilə Tehran həmfikirdir. Tehran həmçinin münaqişəsinin həllinə yalnız bölgə dövlətlərinin yardım edə biləcəyini vurğulayır. İran İslam lideri Əli Xamneyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı Tehranın mövqeyini baxımından önəmlidir: “ Qarabağ İslam torpağıdır … İran parlamentində Qarabağı və oranın Azərbaycana, İslama aid olması güclü müdafiə ediləcək. … Nə qədər zaman keçsə də, nə qədər il ötsə də, Qarabağ İslam torpağı olması həqiqətini yadın çıxarmayacağıq. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək ”. Araşdırmalar göstərir ki, hazırda İranın münaqişənin həllinə cəlb olunma yolları araşdırılır. Azərbaycan, Fələstin və İranın dünyada yaranmış situasiyadan yararlanması üçün imkan yaranıb. İran söz verməklə işin bitmədiyini nümayiş etdirmək üçün Təbrizdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlər düzənləyir. Bununla İran ictimai fikrində və təbii olaraq, İranda yaşayan azərbaycanlılar arasında münaqişənin Qüds problemi səviyyəsinə qaldırmaqdır. İranın hər iki münaqışə tərəfi ilə əməkdaşlığı olduğu üçün Tehranın münaqışənin həll olunmasına cəlb olunmasının şansı var. Lakin Azərbaycan ictimai fikrində İranın Ermənistana dəstək verən bir ölkə deyil, Ali Dini Lider Seyid Əli Xamneyinin dediyi “damarlarımızda eyni qan axır» kəlmələrinin yalnız gəlişi xoş sözlər olmadığını sübut etmək lazım olacaq. Azərbaycanlı ekspertlərin fikrincə Azərbaycan bunun üçün ilk növbədə İrandan Ermənistana qarşı iqtisadi təzyiqlərin artıralması istəyəcək.

Bununla Azərbaycan ictimai fikrində İran dost ölkə imici formalaşmağa başlayar. (6) Bu mənada R.Mehdiyevin İrana səfərində səsləndirdiyi fikirlər rəsmi Bakıqnın niyyətini çox gözəl xarakterizə edir: «Azərbaycan İranı özünün böyük dostu sayır.Azərbaycan İranın dəstəyinə böyük önəm verir. Hesab eirik ki, ölkələrimiz bir-birin yanında olmalı, bir-birini dəstəkləməlidir. Azərbaycanın yanında güclü və stabil İranın olmasını məqsədəuyğun sayırıq». (7) İranda Həsən Rohaninin prezident seçilməsi ilə bütün dünyanın Tehran hakimiyyəti ilə illər boyu davam edən gərginliyin aradan qalxacağına ümid artıb. Çünki İran ətrafında yaranmış gərginlikdən bölgə dövlətlərinə, o cümlədən Azərbaycan da payını alır. Azərbaycanın digər ölkələrlə İkitərəfli əlaqələrində İran həssas qonşu kimi gündəmə gəlir. Bu isə, şəksiz rəsmi Bakının xarici siyasətində açıq oyun oynamasına mane olur, ara –sıra ölkələrimiz arasında gərginliyin yaşanmasına səbəb olur . İran və Azərbaycan rəsmiləri arasında Tehranda və Bakıda baş tutan son görüşlər münasibətlərin yeni bir müstəviyə keçdiyini düşünməyə ümid verir.

Ölkələr arasınla qarşılıqlı etimadın yaranması İranın və Azərbaycanın Qüds və Dağlıq Qarabağ məsələsində fəaliyyətlərini birləşdirməyə imkan verə bilər. Bu günlərdə Almaniya kansleri Angela Merkelin İranın Suriya problemində təklif edilən vasitəçi rolunu alqışlayıb. Fransa da Tehran Dəməşqlə danışıqlar aparan vasitəçilər sırasında görmək istəyir. Uzun illər davam edən İranla ABŞ arasındakı siyasi durğunluqdan sonra İran prezidenti H.Rohaninin həmkarı B.Obama ilə telefon danışığı bölgədə ciddi dəyişikliklərin olacağına ümid verir. Belə olduğu halda Qərb İranla dost münasibətlər qurmaqda səmimi olduğunu göstərmək üçün rəsmi Tehranı bölgədəki münaqişələrdə, o cümlədən Dağlıq Qarabağ konfliktində vasitəçi roluna cəlb edə bilər.
Gülnara İnanc, «Etnoqlobus» (ethnoglobus.az ) Beynəlxalq Onlayn informasiya analitik mərkəzinin direktoru
***************************************************************
1. http://www.1news.az/authors/84/20090725122015632.html

2. http://www.gumilev-center.az/r-smi-baki-t-l-vivi-f-l-stin-il-bagli-birt-r-fli-movqed-n-uzaqlasdira-bil-r/

3. http://www.faktxeber.com/A/nazir-elmar-mmmdyarov-flstinin-xarici-ilr-naziri-riad-al-maliki-il-grb_h423746.html

4.gumilev-center.az

5. http://interfax.az/view/581413

6. ethnoglobus.az

7. Azerbaijan in the world, ADA Biweekly Newsletter, vol 6,№ 14. jule 15, 2013

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir