KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. DAĞLIQ QARABAĞ: 2018-Cİ İLİN YEKUNLARI

DAĞLIQ QARABAĞ: 2018-Cİ İLİN YEKUNLARI

Kafkassam Editör Kafkassam Editör - - 116 dk okuma süresi
332 0

İ
2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı. Birincisi, Ermənistanda 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı. 2018-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri bir daha yada salaq:

İtaliya Qarabağla məşğul olmalı idi…
2018-ci ilin əvvəlində ATƏT-də sədrlik İtaliyaya keçdi. Təbii olaraq Azərbaycan siyasi elitasında və ictimaiyyətində bu cür suallar yarandı: münaqişənin həllində İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində nələr baş verə bilər? İtaliyanın mümkün təşəbbüslərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı?
İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli addımlar atacağı elə ilin əvəlindən sual altında idi. Bəli, İtaliya rəsmiləri və bu ölkənin Xarici İşlər Nazirliyi ATƏT sədri kimi Qarabağla məşğul olacaqlarını açıqladılar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər. Yaxın keçmişdə ATƏT-ə Qazaxıstan və Almaniya da sədrlik ediblər. Eyni ilə İtaliya kimi hər iki dövlətin rəsmiləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirmişdilər. Özü də Qazaxıstanın müxtəlif formatlarda Azərbaycan və Ermənistanla daha sıx əlaqələri var. Ancaq Qazaxıstanın fəallığı və təşəbbüsləri də Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi. Almaniya ATƏT-ə sədrlik edəndə müxtəlif təşəbbüslərlə çıxış etdi, Azərbaycan və Ermənistan prezidentləri müxtəlif vaxtlarda Berlinə dəvət edildilər. Almaniyanın o zamankı xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı plan hazırladıqlarını dedi və Azərbaycana, Ermənistana səfər etdi. Ancaq Astana kimi Berlinin də ATƏT sədri kimi fəallığı və müxtəlif təşəbbüsləri işə yaramadı.
Astana və Berlin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdilər. Ancaq təəssüf ki, bu onlardan asılı olan məsələ deyildi. ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı, Berlin və Astana qədər fəal olmadı.
Ermənistandakı sorğu real durumu ortaya qoydu
2016-cı ilin aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb. Bunu Ermənistanda bu ilin yanvar ayında keçirilən son rəy sorğularından biri də sübut edirdi. Deməli, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə, 34 faiz Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür. “Rusiya Ermənistanın təhlükəsizliyini təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib.
Ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə “qorumayacaq” deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların “bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir.
Lavrovun Qarabağla bağlı 4 bəndlik təklifi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Lavrov həmin mətbuat konfransında müxtəlif beynəlxalq mövzulara toxundu. Sergey Lavrov həmin mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söylədi.
Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi.
İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi.
Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: “Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”.
Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı.
Azərbaycanla Ermənistan arasında psixoloji savaş
ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kasprşik yanvarda Azərbaycanda və Ermənistanda oldular. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdilər. Orada separatçıların lideri Bako Saakyanla görüşdülər.
Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlamada iki əsas tezis var idi:
Birinci tezis: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”;
İkinci tezis: “Tərəfləri gərginliyə yol açan açıqlamalara son verməyə çağırırıq”.
Bu iki tezis ondan xəbər verirdi ki, həmsədrlər Azərbaycanla Ermənistan arasında gərginliyi ortadan qaldıra bilmirlər və atəşkəsin pozulmayacağına da zəmanətləri yoxdur.
Fevralın 13-də Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycandan ayrılmaya yönəlik mitinqlərə başlamasının 30 ili tamam oldu. 1988-ci ilin 13 fevralında Xankəndidə Azərbaycanın əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu. 30 ildir Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti itirib. İşğalın 30 il davam etməsi Azərbaycan üçün böyük müddətdir. Ancaq bu 30 il Ermənistan və Dağlıq Qarabağ əhalisi üçün də gərgin keçdi, onlar istəklərinə nail olmadılar. Azərbaycan torpaqlarının işğalı ermənilərə xoşbəxtlik gətirmədi, çünki hər gün itki ilə üzləşirlər, qorxu içindədirlər və daima “Azərbaycan ordusu nə zaman hücuma başlaya bilər” sualına cavab axtarırlar.
Fevralın 13-də işğalın 30 ili münasibətilə işğal altındakı Xankəndidə mitinq keçirildi. Separatçıların lideri Bako Saakyan bu mitinqdə Azərbaycan əleyhinə xeyli fikir söylədi, Azərbaycanı bir neçə dəfə düşmən ölkə adlandırdı. Bako Saakyan mitinqdə belə bir cümlə də işlətdi: “Azərbaycan 2016-cı ilin aprelində genişmiqyaslı hücuma keçməklə sürətlə Artsax dövlətini məhv etmək istəyirdi”.
Bu açıqlamada həqiqət var. Azərbaycan ordusunun imkanı olsaydı, 2016-cı ilin aprelindəki döyüşlərdə daha çox ərazini işğaldan azad etmək istəyərdi. Rusiya buna imkan vermədi. Ancaq aprel müharibəsi yenə də təkrarlana bilər və bu amil Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər üçün böyük qorxu deməkdir.
İrəvanın iki narahatlığı…

Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının fevral ayındakı qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar.
Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb oldu. Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddia kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. İlham Əliyevin çıxışında “biz Ermənistandakı torpaqları geri alacağıq” sözləri yox idi. Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir.
Buna baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə belə təbliğat aparmağa başladı ki, guya İlham Əliyev məhz Ermənistan torpaqlarının işğalını nəzərdə tutub. Ermənistan hakimiyyəti və erməni lobbisi dezinformasiyalarını gücləndirdilər və məsələyə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oldu. Erməni jurnalistlərdən biri ona bu haqda sual verdikdə Mariya Zaxarova İlham Əliyevin çıxışındakı həmin sözləri tənqid etdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Mariya Zaxarovaya cavab verdi.
Bu arada, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Zakir Həsənov həmin görüşdə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müharibə hər an başlana bilər. Ermənistan hakimiyyəti və erməni lobbisi bu açıqlamadan da öz məqsədiləri üçün istifadə etməyə çalışdı və məsələni belə qoydu ki, guya Azərbaycan müharibəyə başlamağı planlaşdırır.
Azərbaycanın Müdafiə Nazirliyi genişmiqyaslı təlimlər keçirdi. Bu təlimlərə on minlərlə hərbçi və minlərlə hərbi texnika cəlb edildi. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməli idi. Ancaq separatçıların lideri Bako Saakyan həmin anda ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirirdi. Bunun özü də ciddi sual yaradır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə imkan yaradıb?
Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə etiraz olaraq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya etiraz notası verdi. Bu doğru addım idi. Dövlət Departamenti rəsmi Bakının etirazına belə cavab verdi ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağdakı rejimi tanımır.
Bako Saakyanın ABŞ-a səfərinin iki məqsədi var idi.
Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada pul toplayaraq işğal altındakı infrastruktur çalışmalarını genişləndirmək idi. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmasına şərait yaradır. ​

Nikol Paşinyan ikinci yolu seçdi
Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə razılaşmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etmək idi.
Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısı idi, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazım idi. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyirdi. Hakim partiyanın koalisiyası dağıldı.
ABŞ Dövlət Departamentindən aprelin 24-də Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınladı. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırdı. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edirdi: “Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəklədi. Vaşinqton bu bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu.
Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva daha sonra düyməyə basdı. Görünür, Kremldə anladılar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər. Ona görə də Rusiya prezidenti Vladimir Putin aprelin 25-də erməni həmkarı Armen Sərkisyana zəng etdi, həmin gün xarici işlər naziri Edvard Nalbandyan isə təcili Moskvaya çağırıldı. Kremlin bu addımının iki məqsədi var idi. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirdilər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayırdılar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın.
Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın aprelin 24-də keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələr bunlar idi:
Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq.
İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq.
Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır.
Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkdi və bu dövlətin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladı. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilmədi, ya da o bu haqda hələ danışmağa tələsmirdi.
Rəsmi Bakı soyuqqanlı davranıb Ermənistandakı xaosdan yararlanaraq orduya hücum əmri vermədi. Halbuki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək hücuma keçib Dağlıq Qarabağa bitişik əraziləri də işğal etmişdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çox arxayın idi ki, Azərbaycanda və Ermənistanda seçkilər arxada qaldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar intensivləşəcək. Tam tərsi oldu. Bu isə o demək idi ki, danışıqlarda 2018-ci il də itirildi.
Bakı Paşinyana cavab verməyə başladı

Nikol Paşinyan hakimiyyətə gələn kimi iki böyük səhvə yol verdi.
Birinci səhv onun baş nazir seçilməsindən dərhal sonra Dağlıq Qarabağa gəlişi idi. O bununla sübut etmək istəyirdi ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı davam edəcək, yəni o özündən əvvəlki rəhbərlərin siyasətini davam etdirəcək. Halbuki, o keçmiş prezident və baş nazir Serj Sərkisyanı səhvlərinə görə istefaya məcbur etmişdi.
Paşinyanın ikinci böyük səhvi onun Xankəndidə verdiyi açıqlamalar idi. Paşinyan özü ilə Xankəndiyə xarici jurnalistləri də aparmışdı. O Xankəndidə dedi ki, birincisi, Dağlıq Qarabağın “tanınmasına” çalışmaq lazımdır, ikincisi, Bakı birbaşa separatçılarla danışıqlar aparmalıdır. Bunu keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da deyirdilər, ancaq bir nəticə hasil etmədilər.
Azərbaycan heç bir halda Paşinyanın dediyini etməyəcək. Azərbaycan əbədiyyətə qədər savaşar, ancaq separatçılarla birbaşa danışıqlara getməz. Çünki bu halda Ermənistanın işğalda heç bir rolu olmadığı görünə bilər. Rəsmi Bakı isə bu görüntünün yaranmasına imkan verməz.
Nikol Paşinyan Dağlıq Qarabağdan sonra mayın 14-də Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rusiya prezidenti həmin görüşdə Paşinyana qırmızı cizgiləri izah etdi. Qırmızı cizgilər ondan ibarətdir ki, Paşinyan xarici və təhlükəsizlik siyasətində daima Kremllə məsləhətləşməlidir. Maraqlıdır ki, Rusiyada qatı ruspərəst jurnalistlər də Paşinyanı tənqid etməyə başladılar. Həmin jurnalistlər deyirdilər ki, Rusiya olmadan Ermənistan bir gün tab gətirə bilməz, ona görə də İrəvan Qərbə doğru irəliləyə bilməz.

İlham Əliyev Naxçıvanda Paşinyana cavab verdi
Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvanda oldu. 1990-cı illərin əvvəllərindən Azərbaycan-Ermənistan müharibəsi başladıqdan bu yana Naxçıvan blokada şəraitindədir. Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa əlaqəsi yoxdur. Buna görə də İlham Əliyevin mütəmadi olaraq Naxçıvana getməsi zəruridir. İlham Əliyev prezident kimi Naxçıvana bu vaxta qədər 14 dəfə səfər edib.
İlham Əliyev Naxçıvanda hərbi hissələrdə oldu. Prezident dedi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.
İlham Əliyev Naxçıvanda niyə belə bir açıqlama verdi? Məsələ burasındadır ki, Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi Ermənistan Naxçıvan ərazisini də atəşə tutmağa başlayır. Ona görə də Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır.

Diplomatiya bacarmadı, ordu bacaracaq

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu belə bir açıqlama verdi: “Türkiyənin keçmiş illərdə kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi”. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb.
Mövlud Çavuşoğlunun bu açıqlaması əhəmiyyətli idi. Türkiyə ordusu Suriya və İraqda terrorçularla mübarizə aparır, uğurlu hərbi əməliyyatlar keçirir. Heç bir dövlət buna mane olmur və ya mane olmaq istəmir. Bu arada, Azərbaycan ordusu da strateji yüksəklikləri ələ keçirir. Azərbaycan ordusu Naxçıvan istiqamətində böyük ərazini işğaldan azad etdi. Beləliklə, həm Türkiyə, həm də Azərbaycan ordusu strateji əməliyyatlar reallaşdırdılar.
Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesaj idi. Cavuşoğlu sanki demək istəyirdi ki, gələcəkdə Türkiyə və Azərbaycan ordusu birlikdə də hərəkət edə bilərlər.
Ermənistanda Rusiya ordusu olmasaydı, Azərbaycan Türkiyə ilə birlikdə Qarabağ məsələsini çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikləri geri qaytarmasına Rusiya heç nə demir. Ermənistanı da narahat edən budur.
Ermənistan Belarusdan da narazıdır. Çünki Belarus Azərbaycana müasir raketlər satıb. Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin cavabını ilin ortasında da verdi.
Birincisi, o dedi ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil.
İkincisi, Lukaşenko bildirdi ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib.
Yəni Lukaşenko ermənilərə demək istəyirdi ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana aidiyyatı yoxdur. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək.
Zakir Həsənov Azərbaycan ordusunun əsas prioritetlərini izah etdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 20-də mətbuat konfransı keçirdi. Bu mətbuat konfransının ciddi əhəmiyyəti var idi.
Birincisi, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ilk dəfə geniş mətbuat konfransı keçirdi. Buna ehtiyac var idi. Çünki Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi aparır. Buna görə də qarşı tərəfin dezinformasiyasının qarşısı alınmalıdır. Bunu etmək üçün də daima ordu rəhbərliyi cəmiyyətə mövcud vəziyyət barədə məlumat verməlidir.
İkincisi, Zakir Həsənov mətbuat konfransını isti otaqda deyil, döyüş əməliyyatlarının keçirildiyi ərazidə təşkil etdi. Bu da Azərbaycanın Ermənistanla apardığı informasiya müharibəsində vacib amil idi.
Üçüncüsü, Azərbaycan cəmiyyəti ordunun Naxçıvandakı əməliyyatının detallarını bilmək istəyirdi və Zakir Həsənov mətbuat konfransında bu əməliyyatın detallarına toxundu.
Zakir Həsənovun mətbuat konfransında söylədiklərini bir neçə hissəyə bölmək olar.
Birinci hissədə müdafiə naziri Azərbaycan ordusunun vəziyyətinə toxundu. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Azərbaycan ordusunun ərzaqla təminatı güclənib. Azərbaycan hərbçiləri keyfiyyətli ərzaqla təmin olunurlar. Əlbəttə, ola bilsin ki, bəzi hərbi hissələrdə hələ müəyyən problemlər var, ancaq yaxın müddətdə həmin problemlər də həll olunacaq. Müdafiə nazirinin sözlərindən məlum oldu ki, Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir. Dövlət ordunun həm ərzaq, həm də maddi texniki bazasının gücləndirilməsi üçün istənilən maliyyəni ayırmağa hazırdır. Keçmiş illərdə orduda neqativ hallar barədə xəbərlər olardı. İndi bu haqda xəbərlər ya yoxdur, ya da çox azdır.
İkinci hissədə müdafiə naziri Naxçıvandakı hərbi əməliyyatın detallarına toxundu. Erməni tərəfi bu barədə susmağa və ya dezinformasiya yaymağa üstünlük verir. Guya Naxçıvandakı torpaqlar onlara lazım deyildi. Bununla Ermənistan Azərbaycan ordusunun Naxçıvanda qazandığı uğurun miqyasını azaltmağa çalışır. Zakir Həsənov Naxçıvandakı əməliyyatı çox uğurlu adlandırdı. Zakir Həsənov Ermənistan hakimiyyətinin “neytral torpaq” anlayışını bu sözlərlə alt-üst etdi: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi”. Naxçıvandakı əməliyyatın əhəmiyyətini daha bir amil artırır: Laçına gedən yol Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu o deməkdir ki, erməni generalların sözlərindən fərqli olaraq azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir. Bundan sonra Azərbaycan ordusu həmin yüksəkliklərdən işğalçının problemlərini artıracaq.
Nazir üçüncü hissədə Azərbaycanın aldığı yeni hərbi texnikadan danışdı. Nazirin sözlərinə görə, Azərbaycan ordusu üçün yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Digər tərəfdən, Azərbaycan ordusu bu gün ən müasir raket və artilleriya sistemlərinə malikdir. Nazirin sözlərindən də anlaşılırdı ki, bu raketlər Ermənistan ordusunun istənilən hədəfini məhv etməyə qadirdir. Bütün bu texnikalar iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəkdi.

Sergey Lavrov BMT-nin 4 qətnaməsini vacib hesab temir

İyunun 21-də BMT-nin baş katibi Antonio Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçirdilər. Onlara “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələri niyə yerinə yetirilmir” sualı verildi.
BMT-nin baş katibi suala konkret cavab verdi: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”. Ancaq bu cavabda da qüsur var idi. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməli deyillər, bu qərarları yerinə yetirməlidirlər. Yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir.
Sergey Lavrovun suala verdiyi cavab isə mahiyyətdən kənar oldu. Birincisi, o dedi ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Azərbaycan 3 dövlətin 20 illik fəaliyyətindən razı deyil. Lavrovun cavabının sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni Lavrov qətnamələrin əsas əhəmiyyətinə toxunmadı. Lavrovun sözlərindən belə çıxırdı ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi unuduldu.
Bu cavablardan sonra Azərbaycanın BMT qətnamələrinə istinad etməsi çətinləşir. Çünki qətnamələri qəbul edən təşkilat və Təhlükəsizlik Şurasının daimi üzvləri 4 qətnamənin yerinə yetirilməsi və işğal altındakı torpaqların boşaldılması üçün heç nə etmirlər. Bu Ermənistanın maraqlarına cavab verir. Ermənistanda heç zaman BMT qətnamələrindən danışmırlar.

Azərbaycan ordusunun yeni hədəfləri var

İyunun 26-da Bakıda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı hərbi parad keçirildi. Bu paradın keçirilməsinin böyük əhəmiyyəti var idi:
Birincisi, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təchiz olunmuşdu, son illərdə isə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada özünü göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycanın torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi.
İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir, Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var.
İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu: “Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq məsələni öz xeyrinə həll etdiyini düşündü. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu obyektiv prosesdir. Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənədək geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin “Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” sözləri də bundan xəbər verir.
Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günədək Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illərdə yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərin təmir olunmasıdır. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə, əsgərlər məişət işlərindən azad edilib.
İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. “Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər” – deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb.
Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır.
Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertləri yay aylarında qorxurdular ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçsin.

Azərbaycana gələn rusiyalı ekspertlər və deputatlar nədən qorxurlar?

Rusiyanın bir qrup siyasi eksperti və deputatı iyulun əvvəlində Azərbaycanda oldu. Onlar işğaldan azad olunan Lələtəpə yüksəkliyində və Cocuq Mərcanlı kəndində oldular. Cocuq Mərcanlı kəndində rusiyalı ekspertlərin və deputatların iştirakı ilə “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirildi.
Konfransda bu şəxslər iştirak edirdilər: Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov.
Konfransda iştirak edən rusiyalı ekspertlər və deputatlar aşağıdakı eyni fikirləri səsləndirdilər:
– “Dağlıq Qarabağ işğal altındadır və bu bölgə Azərbaycana aiddir, ona görə də Azərbaycana qaytarılmalıdır”.
– “Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayon boşaldılmalıdır”.
– “Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya Ermənistanla Azərbaycan arasında sülh olmasında maraqlıdır”.
– “Rusiya mediası qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını Rusiyadan ayırırlar”.
-“Rusiyanın strateji planlarında Azərbaycanın rolu yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək istəyirik”.
Rusiyanı təmsil edən ekspertlər və deputatlar Azərbaycanı tərk etdikdən sonra maraqlı hadisə baş verdi. Rusiyanın dövlət televiziya kanalı olan “Rossiya 1” telekanalında nümayiş etdirilən “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov çıxış etdi. O, Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı.
Baqdasarov bir çox televiziya proqramında Azərbaycanın və Türkiyənin əleyhinə çıxışlar edir. Buna görə də belə bir ekspertin “Qarabağ Azərbaycanındır” deyən deputatı hədəf alması anlaşılandır. Anlaşılmayan məsələlər aşağıdakılardır:
Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafiə etmədi, əksinə, Baqdasarovun “məhv edilməlidir” şüarına dəstək verdi. Adətən, Jirinovski hamını tənqid edir. Bu dəfə isə o, Baqdasarovla razılaşdı.
İkincisi, proqramın aparıcısı Vladimir Solovyov deputatı məhv etməyə səsləyən ekspertin qanuna hörmət etməsini tələb etmədi. Əksinə, Solovyov Baqdasarova dəstək verərək “necə oldu ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırdı” dedi.
Üçüncüsü, Jirinovski və Solovyov ayrı-ayrı vaxtlarda Bakıya gəlib, Azərbaycan prezidenti ilə görüşüblər. Bu səfərləri və görüşləri təşkil edən şəxsə və ya qrupa belə bir sual vermək olar: Əgər Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirsə, onların Bakıya səfərlərindən və prezidentlə görüşlərindən nə fayda əldə edildi?
Dördüncüsü, Cocuq Mərcanlıya gəlib “Dağlıq Qarabağ Azərbaycanındır” deyən rusiyalı deputat Dmitri Savelyev Moskvada bu fikri təkrarlamadı. Azərbaycanlı jurnalist proqramda səslənən ölüm ittihamıyla bağlı Savelyevin reaksiyasını öyrəndi. Rusiyalı deputat belə cavab verdi: “Belə sayıqlamalara şərh verməyi gərəksiz hesab edirəm”. Halbuki, Savelyev suala cavab olaraq “mən öz fikrimdə qalıram, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” deməliydi. Bu ifadəni Azərbaycanda söyləmək böyük cəsarət tələb etmir. Əsl cəsarət bu ifadəni Moskvada, o cümlədən Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır.
Moskvada erməni lobbisi güclüdür. Erməni lobbisinin Rusiya mediasında da təsir imkanları genişdir. Ona görə də Azərbaycana lobbiçilik etmək istəyən rusiyalı deputatlar və ekspertlər ehtiyatlıdırlar. Ancaq Azərbaycan üçün vacib olan onların Dağlıq Qarabağla bağlı Moskvada fəallıqlarını artırmaqdır. Yoxsa yalnız Azərbaycana gəlib “Dağlıq Qarabağ Azərbaycanındır” deməklə Rusiya elitasının mövqeyinə təsir etmək problematikdir.

Erməni separatçıları həyəcanla sentyabr-oktyabr aylarını gözləyirdilər
Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakyan iyulun 24-də Xankəndidə mətbuat konfransı keçirdi. O dedi ki, cəbhə xəttində sakitliyə baxmayaraq, sentyabr-oktyabr aylarında durum gərginləşə bilər. Erməni separatçılarının təmsilçisi onu da dedi ki, Azərbaycan ordusu cəbhə xəttində qoşun hissələrinin və hərbi texnikanın sayını artırır. Levon Mnatsakyan mart ayından başlayaraq Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə hərbi təlimlərinin sayının artdığını da vurğuladı.
Levon Mnatsakyan müharibə başlayarsa, Mingəçevir su elektrik stansiyasını vura biləcəklərini dedi. Bu, növbəti təxribatçı açıqlama idi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycan ordusunun Ermənistanda vura biləcəyi onlarla strateji obyekt olduğunu xatırlatdı. Ermənistan ordusunun Mingəçevir su elektrik stansiyasına qarşı təxribatına qaşı Azərbaycan ordusu Ermənistandakı nüvə elektrik stansiyasını hədəf götürəcək.
Levon Mnatsakyanın mətbuat konfransı keçirməkdə və məlum açıqlamaları səsləndirməkdə məqsədi var idi. Ona da aydındır ki, danışıqların nəticəsiz qaldığı indiki mərhələdə toqquşma ehtimalı artır. Ona görə də Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” açıqlamaları səsləndirməklə İrəvana mesaj yollayır: “Mən ictimaiyyət qarşısında sizi xəbərdar etdim, hücuma məruz qala bilərik”. Erməni separatçı həm də onu demək istədi ki, indiki nisbi sakitliyin arxasında böyük təhlükə var. Azərbaycan ordusunun təlimlərinin sayını artırmasında, tez-tez yerdəyişmələr etməsində ciddi planları var.
Nikol Paşinyan üçün sentyabr-oktyabr aylarında Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq prioritet məsələ deyildi. O, həmin aylarda erkən parlament seçkisində necə qələbə çalacağı haqqında düşünürdü. Çünki Nikol Paşinyan həmin aylarda azlığın baş naziri idi. Bu arada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Ermənistan tərəfi yüksək səviyyəli görüşün keçirilməsi üçün vaxt istəyib. Paşinyan bu yolla danışıqları parlament seçkilərinə qədər uzatmaq istəyirdi. Çünki onun İlham Əliyevlə görüşdə deyəcəyi söz yox idi. Paşinyan onu da anlayırdı ki, nəticəsiz danışıqlar cəbhə bölgəsində gərginliyi artıra bilər. O isə bunun qarşısını almaq istəyirdi.
Bu arada, İrəvandan maraqlı açıqlama gəldi. Ermənistanın müdafiə naziri dedi ki, Ermənistanın İranla və Türkiyə ilə sərhədini qoruyan Rusiya sərhəd qoşunlarının statusu dəyişdirilə bilər. Bu status Rusiya ilə Ermənistan arasında 1992-ci ildə imzalanan sazişlə müəyyənləşib. Bundan sonra Rusiyanın Ermənistandakı hərbi bazası təlim keçirdi və bu, Ermənistan hakimiyyətini qorxutdu. Çünki Ermənistan tərəfi dedi ki, bu hərbi təlim İrəvanla razılaşdırılmamışdı. Paşinyan “razılaşdırılmayan hərbi təlimi” Ermənistana qarşı təxribat kimi qiymətləndirdi. Halbuki, rus generallar qeyd etdilər ki, 2018-ci il üçün Ermənistan ərazisindəki bütün hərbi təlimlər İrəvanla razılaşdırılıb.
Serj Sərkisyan Ermənistan prezidenti olarkən Rusiya İrəvana 200 milyon dollar kredit ayırdı. Ermənistan bu kreditlə Rusiyadan silah və hərbi texnika aldı. Ermənistanın Rusiyadan uzaqlaşması həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalı az idi. Paşinyan Qərbin onu dəstəkləyəcəyinə əmin deyildi.

İlham Əliyev Nikol Paşinyanla nə zaman görüşəcəkdi?
Prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində iştirak etdi. İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışdı. Prezident dedi ki, NATO-nun toplantısında iştirak edib, Brüsseldə sənəd imzalayıb. Hər iki tədbirdə qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü vurğulanıb. Bu faktor Azərbaycanla Avropa İttifaqı və NATO arasındakı əməkdaşlığın genişləndirilməsinə fayda verir.
Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinin siyasətini analiz etdi. Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşdı. İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar:
Birincisi, İlham Əliyevin “Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur” sözlərindən anlaşılan o idi ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkirdi: “Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin”. Əslində bu, İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarə idi. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyildi.
İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyətli bəyanatlarına da toxundu. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir, lakin rəsmi Bakı heç zaman buna razılaşmayacaq. İkinci tərəfdən, bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyan belə deyib: “Danışıqlarda separatçılar da iştirak etsin”. Ancaq bu tələbi bizimlə yanaşı, beynəlxalq aləm də qəbul etmir.
Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına “kriminal xunta rejimi” ifadəsini işlətmişdi. Ancaq Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində “onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik” cümləsinə də yer verirdi. Bundan sonra prezident məsələyə bu şəkildə nöqtə qoydu: “Ermənistanı daha da sarsıdacağıq”.
Dördüncüsü, İlham Əliyev sülh bəyanatlarına diqqət yetirdiyini göstərdi. Bu bəyanatları son zamanlar Ermənistanda verirlər. Prezident “Biz bu bəyanatları eşidirik” – dedi. ​O, sülh üçün zəruri olan şərti təkrarladı: “Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” İlham Əliyev Ermənistandan sülh bəyanatı verənlərə müsbət mesaj verdi: “İşğala son qoyularsa, bölgədə sülh yaranar. Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə və uzunmüddətli sülh yarana bilər”.
Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri görüşmədən də bir-birləri ilə qiyabi müzakirə aparırdılar. Bu müzakirə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırırdı.

Paşinyan Türkiyə ilə dost olmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan müsahibələrinin birində dedi ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və sərhədi açmağa hazırdır. İlkin şərt nə deməkdir?
Türkiyənin Ermənistanla diplomatik münasibətləri bərpa etməsi və sərhədi açması üçün ilkin şərti budur: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan bu şərti yerinə yetirmədiyinə görə Türkiyə ilə münasibətlərin normallaşmasına nail ola bilmir.
Nikol Paşinyanın açıqlamasında yeni ideya yox idi. Eyni sözləri Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Onlar da ilkin şərt irəli sürülmədən Türkiyə ilə münasibətlərin normallaşmasını arzu edirdilər. Ancaq onlar da Türkiyənin Qarabağla bağlı ilkin şərtini yerinə yetirmədilər.
Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaratdı. Türkiyənin bəzi qəzetləri Paşinyanın açıqlamasına geniş yer verdilər. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün “tarixi fürsət” adlandırdı. O, “Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik” dedi. Mustafa Sarıgül cümləsini belə tamamladı: “Bizim əlimiz elə qardaş Azərbaycanın əlidir”.
Mustafa Sarıgül sonuncu cümləsi ilə Azərbaycanın da maraqlarının nəzərə alınacağına işarə edib. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq fikri yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunarsa və torpaqlar azad olunarsa, Azərbaycan da Ermənistanla normal münasibətlər qurmağa hazırdır.
Nikol Paşinyan müsahibəsində başqa bir fikir də işlətdi: “Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”. Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa da, Ankara “erməni soyqırımının tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”.
Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Türkiyədə Mustafa Sarıgül kimi düşünənlər az olmaya bilər. Türkiyədə liberal dairələr Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Onlar Azərbaycan faktorunun əsas götürülməsini istəmirlər. Türkiyədəki liberal dairələrin yanaşması belədir ki, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa etsə və sərhədi açsa, gələcəkdə Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinin həllinə mövqeyi dəyişəcək. Ancaq bu səhv yanaşmadır. Əksinə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırandan sonra blokada zəifləyəcək. Bu faktor isə Ermənistan hakimiyyətini işğal etdiyi torpaqları boşaltmaq zərurətindən azad edəcək. İndiki vəziyyətdə isə Ermənistan işğalçı siyasətinə görə həm Azərbaycanın, həm də Türkiyənin təzyiqi altındadır.
Rusiya Ermənistanla Azərbaycan arasında sülh istəmir

Ermənistanda maraqlı fakt aşkarladılar. Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytı var. Bu saytı Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirdi. Hərbi baza 2016-cı ildə erməni saytına 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu fakt göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. O, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əleyhinə aparılan təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” var.
Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verirdi ki, əslində Ermənistanda Azərbaycan və Türkiyə ilə düşmənçiliyin zərərini anlayırlar. Məsələn, eks-prezident Levon Ter-Petrosyanın partiyasından olan deputat belə dedi: “Biz Azərbaycan torpaqlarını işğal etmişik”. Yəni deputat demək istəyib ki, işğal altındakı torpaqları azad etmək lazımdır. Bu olmayana qədər Ermənistan Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. Haqlıdır. Vaxtilə Levon Ter-Petrosyan da bunu istəyirdi. Ancaq ona bu addımı atmağa Rusiyadakı dairələr imkan vermədilər. Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar.
Azərbaycanla sülhün vacibliyi haqqında ifadənin işlədilməsi təsadüfi deyil. Həmin deputat bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməzdi. Çünki o illərdə Azərbaycanla sülh aktual deyildi. Görünür, Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri fəallaşdırıb. Ancaq Rusiyanın maneəsi yenə də hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsinə tənqidi yanaşırdı. Bunu Lavrovun “biz Ermənistanda baş verənlərdən narahatıq” ifadəsindən də aydınlaşdırmaq olar.
Paşinyan Nazarbayevə niyə zəng etdi?

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng etdi. Telefon söhbətinin təşəbbüskarı Paşinyan idi.
Telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olundu. Qazaxıstanla Ermənistan arasında güclü iqtisadi əməkdaşlıq mövcud deyil. Ona görə də Paşinyanın Nazarbayevlə söhbətində iqtisadi mövzudan az danışdığı ehtimal olunur. Əsas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövzusu oldu.
Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, Qazaxıstan da satacaq. Qazaxıstan təşkilatda Ermənistanın müttəfiqi sayılsa da, Azərbaycanla əlaqələrdə maraqlıdır. Astana Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidentu İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu oxumuşdu.
Nazarbayevin mövqeyində dəyişən bir şey yoxdur. Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək. Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katibi ilə Astananı tanış etmək olub.

Putin Qarabağ münaqişəsinin həllini istəyirmi?
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-dəki səfərinə böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyini bildirmişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-nə keçirildi.
Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı.
Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər də var. Ancaq bunun üçün Azərbaycan da addım atmalıdır. Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir.
İkinci yanaşma. Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcəkdi. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqdılar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməzdi.
Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.
İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik”.
Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.
Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olunub. Buna baxmayaraq, Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirmək çətindir. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı qeyri-müəyyən qalır. Buna görə də Azərbaycanın Rusiyanın xeyrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması doğru deyil. Çünki Moskva Qarabağla bağlı Azərbaycana təminat vermir.
Rusiya prezidenti Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etdi. Robert Köçəryan Azərbaycan torpaqlarını işğal edən separatçıdır. Putinin Köçəryanı təbrik etməsi Azərbaycana xoş olmayan mesajdır. Putin Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir.
Paşinyanın təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırır
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü.
Paşinyan görüşdən məmnun qaldığını söylədi.
Birincisi, Paşinyan dedi ki, görüşdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi müzakirə olunmadı. Ermənistan bu məsələdən narahatdır. Paşinyanın bu sözlərinə baxmayaraq, rəsmi Yerevanın narahatlığı azalmayıb. Məsələn, sentyabrın 13-də Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Yerevanda Rusiya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Həmin görüşdə Şarmazanov dedi ki, “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cənub istiqamətinə təhlükə yaradır”. Bu açıqlama onu göstərir ki, ermənilər Moskvanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük istəyinə müsbət yanaşmasından qorxur.
İkincisi, Paşinyan Putinlə görüşdən sonra eks-prezident Robert Köçəryanın məsələsinin müzakirə olunmadığını dedi. Buna inanmaq çətindir. Çünki Robert Köçəryan Putinin dostudur və Rusiya prezidenti dostunun həbs olunmasını istəmir.
Üçüncüsü, Paşinyan Putinlə görüşdən sonra dedi ki, Ermənistanda “məxməri inqilab” baş verib və bu inqilabın nəticələrini analiz etmək üçün Moskvaya vaxt lazımdır. Bu sözlərin özü göstərir ki, Moskvanın Nikol Paşinyanın siyasətindən şübhələri var.
Ermənistanın baş naziri Moskvada erməni lobbisinin nümayəndələri ilə görüşdə dedi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. Bundan sonra Paşinyan dedi ki, “Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarıla bilməz” və “Dağlıq Qarabağda referendum keçirilməlidir”.
Bu açıqlamalar bölgədəki vəziyyəti gərginləşdirməyə xidmət edirdi. “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” sözləri danışıqların dayandırlmasına səbəb ola bilərdi. Paşinyanın Ermənistan daxilindəki problemləri də artırdı. Nazirlərin telefon danışıqları internetdə yayıldı. Məlum oldu ki, Paşinyanın nazirləri Robert Köçəryanı yenidən həbs etmək istəyirdilər və hakimə təsir edirdilər. Halbuki, Paşinyan mitinqdə demişdi ki, hakimlərin qərarlarına qarışmayacaq. Nazirlərin telefon danışığının dinlənməsi ondan xəbər verirdi ki, Paşinyan sentyabr və oktyabr aylarında administrativ resurslara nəzarət edə bilmirdi. Və ya Paşinyanın siyasətindən narazı olan Rusiyanın kəşfiyyat strukturları Ermənistan nazirlərinin telefon danışıqlarını dinlədikdən sonra internetdə yerləşdiriblər. Bu danışığın internetdə yayınlanması Paşinyanın hakimiyyətinə zərbə mahiyyəti daşıyırdı. Buna baxmayaraq, Paşinyan bu telefon danışıqlarından itkisiz çıxa bildi.

İlham Əliyev Paşinyana və erməni cəmiyyətinə mesajlar göndərdi

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi. Azərbaycan prezidenti İlham Əliyev parlamentdə çıxış etdi. Prezident Ermənistanın siyasəti və işğal altındakı torpaqlarla bağlı da danışdı.
Birincisi, prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Bu o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır.
İkincisi, prezident qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. İlham Əliyevin fikrincə, hazırki Ermənistan hakimiyyəti nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir.
Üçüncüsü, prezident qeyd etdi ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Çünki beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev haqlıdır. 2008-ci ildə Ermənistanda prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt tənqid etmədilər. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanla Robert Köçəryanı həbs etmək istəyir.
Dördüncüsü, Azərbaycan prezidenti qeyd etdi ki, Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə yolu var: Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır! İlham Əliyev ona işarə etdi ki, Ermənistan hakimiyyətinin siyasəti müharibəyə aparır.
Beşincisi, prezident qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq: “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək”.
İlham Əliyevin bu bölmədə digər əsas açıqlaması bu oldu: “Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək.
İlham Əliyevin tezislərindən görünürdü ki, Azərbaycan prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını və siyasətini ciddi analiz edir. İlham Əliyev bu çıxışında faktiki Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları göndərib.
Rəsmi Bakı Nikol Paşinyana qarşı sərtləşdi
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərləri artdı. Bununla da o, separatçılara dəstək verməyə çalışırdı. Çünki həm Paşinyan, həm də separatçılar bilirlər ki, işğal davam etdikcə bölgədə müharibə risqi artır. Ancaq Paşinyanın Qarabağa səfərləri və verdiyi açıqlamalar bölgədə sülhə xidmət etmirdi.
Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı şəhərdə böyük hərbi parad keçirildi. Bu, il ərzində Bakıda keçirilən ikinci böyük hərbi parad idi. Azərbaycan hərbi paradlar vasitəsilə ən müasir silahlarını nümayiş etdirir. Rəsmi Bakı bununla göstərir ki, işğal altındakı torpaqları hərbi yolla azad etməyə üstünlük verəcək. Azərbaycan ordusu 2016-cı ilin aprel ayında Qarabağda və 2018-ci ildə Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyatı təkrarlaya bilər. Ermənistan-Azərbaycan sərhədində döyüşlər qeydə alınır, hər iki tərəfdən itki var. Atəşkəs tez-tez pozulur. Paşinyanın payız aylarındakı açıqlamaları təxribat xarakteri daşıyırdı. Paşinyan gah dedi ki, “Dağlıq Qarabağda referendum keçirilməlidir”, gah da dedi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. Bu, təxribatçı açıqlamalar idi. Buna görə də rəsmi Bakı bir ara Paşinyana qarşı ritorikasını sərtləşdirdi.
Bu arada, Paşinyanın ABŞ prezidenti Donald Trapmla BMT-də görüş istəyi baş tutmadı. Ermənistanın baş naziri belə bir görüşə çox ümidli idi. Ümumiyyətlə, Paşinyan Qərb ölkələrindən ümid etdiyi dəstəyi ala bilmədi.
Nikol Paşinyan sentyabrda BMT Baş Assambleyasının sessiyasında iştirak etdi. Onun iki əsas məqsədi var idi.
Birincisi, Nikol Paşinyan BMT-də çıxış edib özünü beynəlxalq aləmə bir daha tanıtdırmaq istəyirdi.
İkincisi, Nikol Paşinyan Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşmək istəyirdi.
Paşinyan ikinci məqsədinə nail olmadı. O, bir neçə ay əvvəl köməkçisini Vaşinqtona göndərmişdi. Paşinyanın köməkçisi bir neçə konqresmenlə görüşmüşdü. Konqresmenlər Trampı Paşinyanla görüşə inandırmalı idilər. Ancaq Donald Tramp Nyu-Yorkda Paşinyanla görüşmədi. Tramp keçmiş SSRİ dövlətlərinin liderlərindən Ukrayna prezidenti Petro Poroşenko ilə görüşməyə üstünlük verdi.
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır deyildi. Bunu Paşinyanın BMT-dəki çıxışı da göstərirdi. Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu görüşdən də nəticə çıxmadı. Çünki Qarabağ məsələsində Ermənistanın yeni hakimiyyəti də köhnə hakimiyyət kimi düşünürdü. Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir.
Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin Düşənbədəki toplantısında İlham Əliyevlə görüşdü. Prezidentlər atəşkəsə riayət edəcəklərinə razılaşdılar.
Qarabağa hansı ölkələrin sülhməramlıları göndəriləcək?

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda Atlantik Şura analitik mərkəzindəki çıxışı maraq doğurdu. O dedi ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupu həmsədlərinin razılaşması olub. Bu razılaşmaya görə, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdirildikdə onların tərkibində danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin və qonşu ölkələrin sülhməramlıları olmamalıdır. Bu o deməkdir ki, sülhməramlıların tərkibində Rusiya, Fransa, ABŞ, Türkiyə, İran və Gürcüstan hərbçiləri olmamalıdır.
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub: “O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir”.
Beləliklə, amerikalı diplomatın Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılar mövzusunda fikir bildirməsi diqqət çəkirdi. Çünki münaqişənin həlli hələ ilk mərhələsində də deyil.
Ceyms Uorlikin sözlərinə baxmayaraq, Rusiya Dağlıq Qarabağ münaqişəsinin bütün mərhələlərində iştirak etmək istəyir. Rusiya bölgəyə öz sülhməramlılarını göndərmək istəyir. Ermənistan və Dağlıq Qarabağ separatçıları da bunda maraqlıdırlar. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil.
ABŞ diplomatları Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsini istəyirlər. Ümumiyyətlə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması həmişə müzakirə predmeti olub. Bunu Ermənistan siyasətçiləri də etiraf edirlər. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryan müsahibəsində dedi ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. “Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır”. Bu Robert Köçəryanın cümləsidir.
Köçəryan həm də onu dedi ki, Yerevan öz mövqeyini dəqiqləşdirməlidir. Köçəryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Köçəryan onu da dedi ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.
Köçəryanın bu açıqlama ilə iki məqsədi var idi.
Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır.
Onun ikinci məqsədi baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətmək idi. Çünki Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Köçəryan erməni cəmiyyətinə mesaj göndərirdi ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusunu müzakirə etmək məcburiyyətində qalacaq.

Vasitəçilərə ehtiyac yoxdur
ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti dəfə bölgəyə səfər etdilər. Onlar əvvəlcə Yerevanda, sonra Xankəndi və Bakıda oldular. Həmsədrlərin yeni planı yoxdur. Onlar sadəcə dialoqu davam etdirmək üçün bölgə ölkələrinə gəlmişdilər.
Həmsədrlər səfər üçün yanlış zaman seçmişdilər. Çünki Ermənistanda dekabr ayında parlament seçkiləri keçiriləcəkdi. Parlament seçkilərinə qədər Ermənistanda heç bir siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır olmayacaqdı.
Nikol Paşinyan həmsədrlərlə görüşsə də, onlara münaqişənin həlliylə bağlı konkret fikir bildirmədi. Paşinyan seçkidə qələbəni əldə etdikdən sonra yeni hökumət formalaşdıracaq və iqtisadi islahatlar proqramını açıqlayacaqdı. Yəni ən azı 3 ay Paşinyan Qarabağ danışıqlarına hazır deyil.
Buna baxmayaraq, Nikol Paşinyanın Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə şifahi razılaşması yerinə yetirilirdi. Cəbhə bölgəsində atəşkəs pozulsa da, əvvəlki illərdə olduğu kimi intensiv pozuntu deyildi. Bu, İlham Əliyevin Paşinyana seçki öncəsi jesti idi. İlham Əliyev Robert Köçəryanın və ya Serj Sərkisyanın Ermənistanda hakimiyyətə qayıdışını istəmirdi. Nikol Paşinyan Bakı üçün münasib fiqur sayıla bilərdi. Ona görə də İlham Əliyev Nikol Paşinyana parlament seçkisini normal şəraitdə keçirmək üçün şərait yaratdı.
Bu arada, Rusiya rəsmiləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevanda verdiyi açıqlamaları tənqid etdilər. Rusiyalı rəsmilər Boltonu ona görə tənqid etdilər ki, Vaşinqton Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəyir. Əslində Rusiya rəsmilərinin açıqlamaları rəsmi Yerevana da xəbərdarlıqdır ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmağı düşünməsin.
Deputat Zahid Oruc Azərbaycan parlamentində maraqlı fikir səsləndirdi. O dedi ki, Bakı birbaşa Yerevanla danışıqlar aparsın. Həqiqətən ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur danışıqlar aparırlar, ancaq nəticə yoxdur. Turistik səfərlər münaqişənin həllini yaxınlaşdırmır. Danışıqları vasitəçisiz birbaşa Ermənistanla davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq danışıqları birbaşa işğalçı dövlətlə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət Yerevanın üzərində qalsın.
Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıqdır

Azərbaycan ordusu oktyabrın 30-da Naxçıvanda hərbi təlimlər keçirdi. Hərbi təlimləri Naxçıvan parlamentinin sədri Vasif Talıbov və müdafiə naziri Zakir Həsənov müşahidə etdilər. Həbri təlimlərdə Azərbaycan ordusunun müasir hərbi texnikası nümayiş olundu.
Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlərin xüsusi əhəmiyyəti var idi.
Birincisi, bu hərbi təlimlər Naxçıvanın təhlükəsizliyinin artırılması üçündür. Naxçıvan Ermənistanın əhatəsindədir, Azərbaycanla quru sərhədi yoxdur. Bu baxımdan Azərbaycan Naxçıvanın təhlükəsizliyinə diqqəti artırmalıdır. Bunun üçün Azərbaycanın Naxçıvandakı hərbi qüvvələri daima döyüş hazırlığı vəziyyətində olmalıdır.
İkincisi, Azərbaycan ordusu bir müddət əvvəl Naxçıvanda işğal altındakı ərazilərin bir hissəsini azad edib. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi təlimləri izlədikdən sonra işğaldan azad edilmiş ərazilərdə oldu. Bu ona görə vacibdir ki, Ermənistan müharibə başlanacağı təqdirdə ona hər istiqamətdən problem yaranacağını anlasın.
Azərbaycanla Ermənistan arasındakı növbəti müharibə yalnız Dağlıq Qarabağı əhatə etməyəcək. Ermənistana bütün sərhəd boyu problemlər yaradılacaq. Bu ona görə vacibdir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalının onlara problem yaratdığını anlasın. Vaxtilə Ermənistan da eyni üsuldan istifadə edib. Ermənistan ordusu Dağlıq Qarabağa aidiyyəti olmayan torpaqları da işğal edib. Demək, Azərbaycan ordusu da Tovuz, Qazax, Gədəbəy, Naxçıvan istiqamətlərindən Ermənistana problemlər yarada bilər. Bunun üçün isə Azərbaycan ordusunun gücü artırılmalıdır, modern hərbi texnikalar alınmalıdır.Yəni Azərbaycan ordusu Ermənistan ordusundan güclü olmalıdır ki, işğala son qoya bilsin.
Ermənistan hakimiyyəti uzun illər düşünürdü ki, Azərbaycan ordusu Naxçıvandan Ermənistana təhlükə yaratmayacaq. Ancaq Azərbaycan ordusu Naxçıvanda işğal altındakı torpaqları azad etməklə göstərdi ki, bu istiqamətdə ermənilərin arxayın olmaları yanlışdır. Digər tərəfdən, Türkiyənin də Naxçıvanın təhlükəsizliyinə təminat verdiyi unudulmamalıdır.
Bu arada, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından zərbə aldı. Nikol Paşinyan təşkilatın baş katibi Xaçaturovu 2008-ci il hadisələrinə görə həbs etmək istəyirdi. Paşinyan Xaçaturovu geri çağırıb onun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına başqa erməni generalı göndərmək istəyirdi. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin liderləri Paşinyanla razı deyildilər.
Noyabrın 8-də Astanada təşkilatın toplantısı keçirildi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda dedi ki, onlar Xaçaturovun əvəzinə təşkilata Belarus nümayəndəsinin baş katib seçilməsini istəyirlər. Çünki əlifba sırasına görə Ermənistandan sonra Belarus nümayəndəsi baş katib olmalıdır. Halbuki, Ermənistanın baş katiblikdə müddətinin bitməsinə hələ 1 il var. Buna baxmayaraq, digər dövlətlər Paşinyanın bir başqa erməni hərbçisini təşkilata baş katib göndərməsini istəmirlər. Nazarbayev dedi ki, təşkilata işlək baş katib lazımdır. Təşkilata üzv dövlətlərin liderləri bir də dekabrın 6-da Sankt-Peterburq şəhərində toplandılar. Baş katib məsələsi orada həll olunmalı idi. Ancaq bu məsələ yenə təxirə salındı.
ABŞ, Fransadan sonra Rusiya gəlir…
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Fransadan sonra ABŞ-da oldu. Bu səfər də Azərbaycanda etirazla qarşılandı. Azərbaycan XİN separatçıların liderinin ABŞ-a səfərinə etiraz etdi. Bundan əvvəl eyni etiraz Fransaya ünvanlanmışdı.
İki sual aktual idi:
Birinci sual: Separatçıları Parisə, Vaşinqtona və Moskvaya kim və ya kimlər dəvət edib?
İkinci sual: Separatçıların bu səfərdən məqsədləri nədir?
Aydındır ki, erməni separatçılarını ilk olaraq Fransaya hansısa siyasi mərkəzlər dəvət ediblər. Və həmin mərkəzlər bilirdilər ki, bu səfər Azərbaycanın xoşuna gəlməyəcək. Buna baxmayaraq, həmin mərkəzlər separatçıların liderini dəvət ediblər və bununla Fransa-Azərbaycan münasibətlərini təhlükə altına atıblar. Əlbəttə, bu səfərin təşkil olunmasında Fransadakı erməni lobbisinin də rolu var idi. Onlar separatçıların liderinin Fransaya səfərini maliyyələşdiriblər. Erməni lobbisinin məqsədi həm Fransanın müxtəlif mərkəzlərinin separatçılara dəstəyinin artırılmasına nail olmaq, həm də Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdır.
Eyni sözlər ABŞ-a da aiddir. Bako Saakyanın ABŞ-a səfərini də böyük ehtimalla Amerikada erməni separatçılarına rəğbət bəsləyən mərkəzlər və Amerikadakı erməni lobbisi təşkil edib. Fransada olduğu kimi bu mərkəzlərin də iki məqsədi var. Birincisi, Amerikanın erməni separatçılarına dəstəyini artırmaq, ikincisi, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır.
Rəsmi Bakı həm Fransa, həm də ABŞ-dan narazı qalmağında haqlı idi. Çünki Paris və Vaşinqton istəsəydi, separatçıların səfərlərinin qarşısını ala bilərdi. Məsələn, Abxaziya, Cənubi Osetiya və ya Donbas separatçılarının liderləri Fransaya və ya ABŞ-a gedə bilmirlər. Onlara qadağa var. Demək, Qərbin məsələyə ikili yanaşması var. ABŞ və Fransa erməni separatçılarını digər separatçılardan ayırırlar, onlara daha xoş münasibət var. Bu siyasətin davamı həm Azərbaycan-Fransa, həm də Azərbaycan-ABŞ münasibətlərinə problemlər yarada bilər.
Azərbaycan-Fransa və Azərbaycan-ABŞ iqtisadi və ticarət əlaqələri Ermənistan-Fransa və Ermənistan-ABŞ iqtisadi və ticarət əlaqələrini dəfələrlə üstələyir. ABŞ-la Azərbaycan arasında isə ümumiyyətlə strateji əlaqələr qurulub. İki dövlət arasında ciddi fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Dövlət Departamentinin erməni separatçıların liderinin ABŞ-a səfərinə mane olmaması münasibətlərə kölgə salır. Ən azı Dövlət Departamenti Bako Saakyana viza verməyə bilərdi. Ancaq həm Paris, həm də Vaşinqton separatçıların liderinə bu vizanı veriblər.
Buna baxmayaraq, Fransa və ABŞ-la münasibətlərdən imtina da edə bilmərik. Hər ikisi dünyanın aparıcı dövlətidir və Azərbaycanla sıx əlaqələrə malikdir. Əgər Bako Saakyanın səfərinə görə Paris və Vaşinqtonla münasibətləri zəiflətsək, buna həmin ölkələrdəki erməni lobbisi və erməni separatçıları sevinəcəklər. Əlbəttə, həm Parisi, həm də Vaşinqtonu tənqid etməliyik, ancaq düşmənlərimizi də sevindirməməliyik.
Erməni separatçılarının lideri Fransa və ABŞ-dan sonra Rusiyaya getdi.
Paşinyan əsirləri niyə dəyişmək istəmir?

Nikol Paşinyan Dağlıq Qarabağdakı iki azərbaycanlı girovu qaytarmaq istəmir. Onun iddiasına görə, iki azərbaycanlı girov Dağlıq Qarabağda adam öldürüb. Buna görə də Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar. Onlar ölkənin strateji əhəmiyyətli yollarını kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək verirlər.
Paşinyan müqavimət göstərirdi. Ermənistanın baş naziri bildirirdi ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyirdi ki, iki azərbaycanlı girov Bakıda qəhrəman kimi qarşılanacaq.
Paşinyan haqlı idi. İki girovumuz Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaq. Bu isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir.
Azərbaycan sərhəddə daha çox erməni diversantı həbs etməyə çalışacaq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə edəcək.
1992-ci ildə yaradılan ümumerməni “Hayastan” fondu bu il də Los-Ancelesdə növbəti telemarafon keçirdi. Dünyada yaşayan ermənilər telemarafona təxminən 11 milyon dollar göndərdilər. Ermənistanın baş naziri Nikol Paşinyan da fonda pul köçürüb. Prezident Armen Sərkisyan isə ümumiyyətlə yarım illik maaşını fonda köçürüb.
Buna baxmayaraq, yığılan pulların miqdarı getdickə azalır. 2016-ci ildə telemarafonda 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il isə bundan bir milyon dollar az pul yığılıb. Əlbəttə, bu o demək deyil ki, erməni lobbisinin varlı üzvləri kasıblaşıb. Sadəcə, erməni lobbisinin üzvləri pulların Ermənistanda və Dağlıq Qarabağda “təyinatı” üzrə xərclənmədiyindən şübhələnirlər.
Nikol Paşinyan hakimiyyəti dövründə ilk dəfə telemarafona qoşulmuşdu. O istəyərdi ki, erməni lobbisi ona inansın və keçmiş illərdən fərqli olaraq Ermənistana və Dağlıq Qarabağa daha çox pul versin. Ancaq hələ ki, erməni lobbisinin varlı təmsilçiləri Paşinyana inanmırlar. Əks halda, builki telemarafon zamanı toplanan pullar Serj Sərkisyanın prezident olduğu ildə keçirilən telemarafonda yığılan məbləğdən çox olmalı idi.
Yığılan pulların əsas hissəsi həmişəki kimi işğal altındakı torpaqlarda layihələrin reallaşması üçün nəzərdə tutulub. Bu dəfə iki layihə maliyyələşdiriləcək. Separatçılar yığılan pulla Dağlıq Qarabağda torpaqların damcı texnologiyası ilə suvarılmasının tətbiqinə başlamaq istəyirlər. İkinci layihə də diqqəti cəlb edir. Separatçılar Dağlıq Qarabağda enerji qaynaqlarını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlayacaqlar.
Dağlıq Qarabağda nə neft var, nə də qaz. Olsaydı, SSRİ illərində aşkarlanardı. Böyük ehtimalla separatçılar işğal altındakı torpaqlarda, özəlliklə də Kəlbəcərdə qazıntıları genişləndirmək istəyirlər. Azərbaycan separatçıların bu planlarına mane ola bilmir. Separatçılar topladıqları 11 milyon dollarla Ermənistan vasitəsilə üçüncü ölkələrdən silah da ala bilərlər.
Qarabağın azərbaycanlı icması fəallaşmalıdır
Nikol Paşinyan parlament seçkilərinə hazırlıq məqsədilə baş nazir postundan istefa verdi. Paşinyan seçkidə tam qələbə çalmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Nikol Paşinyan tərəfdarları ilə təxminən 37 kilometrlik yürüş etdi. Paşinyan bu yürüşlə xalqın içindən çıxan siyasətçi olduğunu göstərməyə çalışdı. Digər tərəfdən, Paşinyan korrupsiya ilə mübarizədə uğur qazandığını bildirdi. Paşinyan yürüş vasitəsilə tərəfdarlarına başqa bir mesaj da yolladı. O, gələcək baş nazir kimi iqtisadi islahatları dərinləşdirəcəyini vəd etdi. Yəni Paşinyan demək istədi ki, 5 ayda iqtisadi islahatlara başlaya bilməyib, buna gücü çatmayıb, növbəti mərhələdə məhz iqtisadi problemlərin həlli ilə məşğul olacaq.
Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri dəyişməyib. O, rəsmi Bakının İrəvanla yanaşı Qarabağ separatçıları ilə danışıqlar aparmasının da vacibliyini bildirirdi. Paşinyan separatçıların rəyini nəzərə almadan addım atmayacaq. Əslində Paşinyan separatçıların “Qarabağ klanı”ndan qorxur. Paşinyan hesab edir ki, bu iki güc onu hakimiyyətdən zorla uzaqlaşdıra bilər, buna görə də separatçıların rəyi olmadan Bakı ilə anlaşmaq istəmir. Paşinyan yalandan onu da deyirdi ki, guya keçmiş prezident Serj Sərkisyan Azərbaycanla razılığa gəlməyə hazır idi və bu zaman Qarabağ ermənilərinin rəyi nəzərə alınmayacaqdı. Bu gün Paşinyana müxalifətdə olanlar bunun tam tərsini deyirlər.
Paşinyana müxalif olanlar məhz onun seçkidən sonra Azərbaycanla razılaşacağını iddia edirdilər. Azərbaycanla razılaşma o deməkdir ki, Paşinyan qeyd-şərtsiz Dağlıq Qarabağ ətarfındakı rayonları boşaldacaq. Lakin bu həqiqət deyil. Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyə hazır deyil. Çünki hakimiyyətdə olan şəxs düşünür ki, Azərbaycanla razılığa gəlmək daxildə hakimiyyəti, hətta həyatı itirmək təhlükəsi deməkdir. Misal üçün, Paşinyanın özü 1990-cı illərin sonuna qədər Azərbaycanla sülhün tərəfdarı olub. O bu haqda yaxın ətrafındakılara da deyirdi ki, Ermənistanın iki qonşusu – Azərbaycan və Türkiyə ilə barışması vacibdir: “Bu olmadan Ermənistan inkişaf etməyəcək”. Ancaq Paşinyan deputat seçilən kimi sülhpərvər fikirlərindən daşındı. Çünki hakimiyyətdə bu sözlərin ona baha başa gələcəyini düşündü.
Ermənistanın heç bir prezidenti və ya baş naziri öz istəyi ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Ermənistanın daxili vəziyyəti buna imkan vermir. Odur ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir. Bunun yolları məlumdur. Azərbaycan Ermənistana qarşı gələcəkdə hərbi təzyiqi yenə artıracaq. Bundan başqa, Azərbaycan müxtəlif dövlətlərdən hərbi sursat və texnika almaqda davam edəcək.
ABŞ Ermənistandakı prosesləri diqqətlə müşahidə edirdi. Vaşinqton Gürcüstan və Azərbaycanın siyasətindən razıdır, hər iki dövləti özünün strateji tərəfdaşı sayır. Vaşinqton Ermənistanın Rusiya və İrandan asılılığından narazıdır. Vaşinqton Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasını istəyir. Amerikalı rəsmilər və diplomatlar İrəvana açıq deyirlər ki, bunun üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Buna baxmayaraq, Vaşinqton bu məqsədlə Nikol Paşinyana təzyiq etmir və etməyəcək. Ancaq o da aydındır ki, Ermənistan işğalçı siyasətinə qon qoymadıqca Qərb ölkələrindən böyük investisiyalar əldə edə bilməyəcək. Heç bir dövlət iki qonşusu ilə münaqişədə olan dövlətə investisiya qoymaz.
Bu arada, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Paris, Vaşinqton və Moskvaya səfərləri Azərbaycanda müzakirə edilirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın hər 3 səfəri ilə bağlı etiraz bəyanatı ilə çıxış etdi. Əlbəttə, bu bəyanatlar vacib idi. Ancaq rəsmi Bakı yalnız nəticə ilə mübarizə aparır. Separatçıların lideri gələcəkdə də səfərlərini davam etdirəcək. Erməni separatçılarının lideri böyük ehtimalla həmsədr dövlətlərdəki görüşlərində yalan danışıb. Birincisi, yəqin deyib ki, guya separatçılar sülh istəyirlər, ancaq Azərbaycan sülhə razı deyil. İkinci yalan isə odur ki, guya o, Dağlıq Qarabağı təmsil edir. Qərbdə buna inananlar tapıla bilər.
Rəsmi Bakı Qərb ölkələrinin paytaxtlarında səslənən bu iki yalanla mübarizə aparmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırmalı və həmin qrupu eyni ölkələrə göndərməlidir. Daha sonra başqa dövlətlərə də səfərlər təşkil edilə bilər. Bunun üçün ilk növbədə Azərbaycanın həmsədr dövlətlərdəki səfirləri Dağlıq Qarabağın azərbaycanlı icmasından formalaşan heyətin görüşlərini planlamalı və təşkil etməlidirlər. Bununla rəsmi Bakı bir neçə məqsədə nail ola bilər.
Birincisi, həm erməni separatçıların liderinin xarici ölkələrə səfərlərinin effekti azalar, həm də beynəlxalq aləmə Dağlıq Qarabağda azərbaycanlı icmanın da varlığı göstərilər.
İkincisi, Qərbin siyasi mərkəzlərində anlayarlar ki, azərbaycanlılar geri qayıtmadan və hüquqları bərpa olunmadan sülh mümkün deyil. Rəsmi Bakı bunu edə bilər. Azərbaycanlı rəsmilər və diplomatlar xarici səfərlər zamanı bu məsələlərə toxunurlar, ancaq Dağlıq Qarabağdan köçkün düşən, evini və yaxın qohumlarını itirən şəxslərin fikirləri daha faydalıdır. Azərbaycan icmasının nümayəndələri erməni separatçılarının təmsilçiləri ilə üçüncü ölkələrdə də görüşüb polemika aparmalıdır.
Putin Paşinyanı qorudu
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dekabrın ilk günlərində dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb. Bunu Ermənistanın baş naziri Nikol Paşiyan Rusiya prezidenti Vladimir Putindən xahiş etmişdi. Bundan sonra Paşinyanın müşaviri dedi ki, Ermənistanın baş naziri belə bir xahiş etməyib. Bu, inandırıcı deyildi. Putinin köməkçisi niyə yalan danışsın? Uşakov Rusiya prezidenti Vladimir Putinin təlimatı əsasında açıqlama verib.
Paşinyan Putindən etdiyi xahişi inkar etməyə çalışırdı ki, Ermənistanda parlament seçkisindən əvvəl mövqeləri zəifləməsin. Paşinyanın bəxti onda gətirdi ki, KTMT-nin toplantısı Rusiya ərazisində keçirilməli idi. Toplantı Qazaxıstan və ya Belarusda keçirilsəydi, baş katib məsələsi Ermənistanın əleyhinə həll olunacaqdı. Belarusun təşkilatın baş katibliyinə 3 namizədi var. Əgər toplantı Minskdə olsaydı, bu 3 nəfərdən biri təşkilatın baş katibi seçiləcəkdi.
KTMT-nin Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə Ermənistanın baş katib olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko da dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan narazı qayıtmışdı. Çünki KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Təkcə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla mübahisəsinə qarışmadı, susdu, mövqe bildirmədi. Bakıda bəziləri “Putin Paşinyanı sıxışdırır”, “Paşinyan Putinin nəzarətindən çıxıb” və ya “Rusiya Paşinyanı cəzalandıracaq” kimi açıqlamalar verdilər. Ancaq bu açıqlamalar reallığa uyğun deyildi. Çünki Putin Paşinyanın xeyrinə qərar verdi və toplantının tarixini dəyişdi.
Paşinyan Putinlə telefonla əlaqə saxlayıb xahiş etdi ki, baş katib məsələsi təxirə salınsın. Bu, Paşinyana dekabrın 9-da parlament seçkisini rahat keçirmək üçün lazım idi. Çünki Belarus nümayəndəsi baş katib seçilsəydi, bu, Ermənistandakı parlament seçkilərində Paşinyanın mövqelərinə zərbə olacaqdı. Ermənistan müxalifəti baş katibin dəyişməsindən Paşinyanın əleyhinə istifadə edəcəkdi.
Putin Paşinyanla razılaşıb baş katib məsələsini təxirə saldı. Deməli, Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaratdı. Odur ki, “Putin Paşinyanı dəyişmək istəyir” açıqlamalarının əsası yox idi. Doğrudur, Putinin Paşinyandan xoşu gəlmir, ancaq Rusiya prezidenti Ermənistanda gərginlik yaradılmasını da istəmir. Putin baş katib məsələsində Qazaxıstan və Belarus prezidentlərini dəstəkləmədi, Paşinyana dəstək oldu. KTMT-də baş katib məsələsi 2019-cu ildə həll olunacaq. Paşinyan istəyinə nail oldu. Seçkidən sonra təşkilatın baş katibinin kim olacağı Paşinyanı seçkidən əvvəlki qədər narahat etmir.
Nikol Paşinyan 3 problemi həll etməlidir
Nikol Paşinyan parlament seçkisində böyük qələbə əldə etdi. Bu proqnozlaşdırılırdı. Ancaq seçkidə az sayda vətəndaş iştirak etdi. İki ermənidən biri seçki günü səs vermədi.
Bəs niyə fəallıq zəif oldu?
Bunun səbəbi odur ki, Ermənistanda bundan əvvəlki bütün seçkilərdə saxtakarlıqlar olub. Keçmiş prezidentlər və hakim partiya administrativ rerurslardan istifadə etmişdilər. Seçki günü rəqəmlər şişirdilirdi. Paşinyan seçki saxtakarlığına getmədi. Keçmiş illərdən fərqli olaraq seçki məntəqələrinə insanlar avtobuslarla gətirilmədi. Seçici passivliyi Paşinyanı narahat etmirdi. Çünki Paşinyan bilirdi ki, seçkiyə az sayda vətəndaş qatılsa da, əksəriyyət ona səs verəcək.
Nikol Paşinyan fəaldır. Paşinyan təkbaşına hökuməti formalaşdıracaq. 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. “Qarabağ klanı” parlamentdən də kənarda qaldı. Buna baxmayaraq, Nikol Paşinyanı yaxın aylarda ən azı 3 problem gözləyir:
1. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmalıdır. Əks halda, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Nikol Paşinyan Qarabağda həbsdə olan 2 azərbaycanlı girovu da azad etməlidir. Əgər Paşinyan həmin girovları azad etməsə, bu faktor da vəziyyəti gərginləşdirəcək.
2. Nikol Paşinyan iqtisadi islahatlar aparmalıdır. Ancaq bunun üçün Ermənistanın maliyyəsi yoxdur. Digər tərəfdən, Ermənistanın xarici borcları artır. Nikol Paşinyana borc vermək istəyən dövlətlərin sayı çox deyil.
3. Nikol Paşinyan xarici siyasət kursunu müəyyənləşdirməlidir. Paşinyan Rusiya və Qərb arasında seçim etməlidir. Paşinyanın Qərbə yaxınlaşması Moskvanın xoşuna gəlməyəcək.
Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə təbrik etmədi. Yerevan bundan narahat oldu. Bunun səbəbi məlumdur. Çünki Nikol Paşinyan Putinin dostu, eks-prezident Robert Köçəryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, bu, Köçəryanın həbsi ilə razılaşması demək olacaqdı. Putin isə bu həbsdən narazıdır və dostunun həbsdən azad olunmasını istəyir.
Buna baxmayaraq, Kreml Paşinyanla əməkdaşlıq edəcək. Paşinyan Rusiyanın yerinə Qərbi seçməsə, onu Kremldən təhlükə gözləməyəcək. Kreml Paşinyanı devirmək istəməyəcək. Çünki Paşinyanın hazırda Ermənistanda tərəfdarı çoxdur. Bunu Moskva da görür. Moskva zorla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyərsə, Ermənistanda vətəndaş müharibəsi başlayacaq. Moskva isə Ermənistanda xaos yaratmaq istəmir. Ermənistandakı xaosdan Azərbaycan istifadə etmək istəyəcək. Bu isə Moskvanın maraqlarına cavab vermir.
Robert Köçəryanın Ermənistanda reytinqi yüksək deyil. Parlament seçkisindən sonra Köçəryanın tərəfdarları Yerevanda etiraz mitinqi keçirdilər. Ancaq həmin mitinqdə az adam iştirak edirdi.
Nikol Paşinyanın problemləri 2019-cu ilin ortalarında artacaq və bundan “Qarabağ klanı” istifadə etməyə çalışacaq. Paşinyanın ən böyük problemi qonşu dövlətlərlə münasibətləri necə quracağıdır. Məsələn, Ermənistan şaxtalı havalarda Gürcüstan üzərindən mallarını Rusiyaya keçirə bilmir. Bu, Ermənistanı Rusiya ilə birləşdirən yeganə nəqliyyat yoludur. Bu yol isə qışda tez-tez bağlanır. Çünki dağ yolunda qar uçqunları yaranır.
Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Ancaq bunun üçün Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməlidir. Bu, Ankaranın əsas şərtidir. Yerevan bu şərti yerinə yetirməyənədək Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Paşinyan isə özündən əvvəlkilər kimi Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə hazır deyil. Ona görə də Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışsa da, bu alınmayacaq. Bu o deməkdir ki, Paşinyan da eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan kimi işğalçılıq siyasətinə davam edəcək.
Nikol Paşinyan parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdü. Paşinyanın bu görüşdən bir neçə məqsədi var idi.
Birincisi, Paşinyan separatçıların lideri ilə görüşməklə erməni cəmiyyətinə mesaj göndərir ki, o da əvvəlkilər kimi işğalçı siyasəti davam etdirəcək. Paşinyana bu görüş həm də ona görə vacib idi ki, daxildəki və xaricdəki millətçilər narahat olmasınlar.
İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki Paşinyanın əsas rəqibləri ona qarşı “Qarabağ kartını” istifadə etməyə çalışacaqlar. “Qarabağ klanı” Paşinyana qarşı mübarizədə Bako Saakyandan istifadə etməyə çalışacaq.
Paşinyan Saakyanı başa salmaq istəyir ki, Qarabağ separatçılarının lideri Robert Köçəryan və Serj Sərkisyan tərəfdarlarının yanında olmasın, əks halda Paşinyan Dağlıq Qarabağın maliyyəsini azalda bilər. Təsadüfi deyil ki, Yerevandakı görüşdə Ermənistanla separatçıların birgə büdcəsi müzakirə olundu.
Bako Saakyan hələ ki, güclünün yanında olacaq. Ermənistanda isə güclü hələ ki, Nikol Paşinyandır. Buna baxmayaraq, Qarabağ separatçıları öz yerliləri olan Köçəryan və Sərkisyan tərəfdarları ilə də gizli təmaslarına davam edəcəklər. Bako Saakyan həm Nikol Paşinyanla əməkdaşlıq edəcək, həm də Köçəryan və Sərkisyan tərəfdarları ilə gizli təmaslarına davam edəcək.
Bu şərtlər altında Nikol Paşinyan Azərbaycanla sülhə hazır olmayacaq. Paşinyan status-kvonu davam etdirəcək. Ancaq status-kvonun davamı cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirəcək. Nikol Paşinyan isə müharibədən qorxur. Deməli, Azərbaycanın əlindəki müharibə alətilə də Paşinyana təzyiq etmək olar. Buna Azərbaycan prezidentinin Qarabağla bağlı son çıxışı da dəlalət edir. Rəsmi Bakı Ermənistanda 20 ildən sonra “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən məmnundur. Ancaq Azərbaycan Ermənistanda hakimiyyətdə “Qarabağ klanı”nın yerinə gələn Nikol Paşinyana da rahat həyat vəd etməməlidir.
Bakı Yerevana ultimatum verməlidir!
Ermənistanda hakimiyyətə “Qarabağ klanının” yerinə Nikol Paşinyan gəldi. Bu, rəsmi Bakı üçün yaxşı variantdır. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin son çıxışlarından birində qeyd etdi ki, Ermənistanda “Qarabağ klanının” hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Çünki İlham Əliyev hər çıxışında “Qarabağ klanını” kriminal hakimiyyət adlandırırdı və sonra Ermənistan cəmiyyəti də bu fikri qəbul etdi. Ona görə də İlham Əliyev ümid edir ki, yaxın müddətdə Qarabağ münaqişəsinin həllində irəliləyiş mümkündür.
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğalında iştirak etməyib. Yəni İlham Əliyev Nikol Paşinyanla danışıqlardan müsbət nəticə gözləyə bilər. Mümkündür ki, 2019-cu ildə iki ölkənin lideri bir neçə dəfə görüşsün. Ancaq bu görüşlərdən nəticə çıxması üçün Nikol Paşinyanın mövqeyi dəyişməlidir. Nikol Paşinyan “Qarabağ separatçıları da danışıqlarda iştirak etsin” tələbindən imtina etməlidir.
Paşinyanın Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməyə də bilər. Yəni Paşinyan mübarizə apardığı Köçəryanın və Sərkisyanın Qarabağ siyasətini davam etdirə bilər. Bu halda Bakı ilə Yerevan arasındakı danışıqlardan nəticə çıxmayacaq. Bu halda rəsmi Bakı da mövqeyini sərtləşdirəcək.
Hələ ki Paşinyan Azərbaycanla sülhə ümid verən heç bir açıqlama verməyib. Tam əksinə, Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir. Əgər Paşinyan Qarabağ münaqişəsinin həllində heç bir addım atmayacaqsa, rəsmi Bakı üçün Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir fərqi olmayacaq. Əsas odur ki, Ermənistan hakimiyyətindəki şəxs işğal altındakı torpaqları azad etməyə hazır olsun.
Son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək “Qarabağ klanını” həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək. Azərbaycan ordusu fəallaşacaq.
Mümkündür ki, rəsmi Bakı İrəvana ultimatum versin. Regional şərait də Azərbaycan üçün əlverişlidir. Rusiya-Ermənistan münasibətlərində soyuqluq hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına son müsahibəsində deyib ki, Ermənistanla saziş imzalamağı planlaşdırırlar. Sazişdə göstəriləcək ki, Ermənistan öz ərazisində Rusiyadan başqa heç bir dövlətin hərbi qüvvəsini yerləşdirməməlidir. Əslində bu saziş Ermənistanın Rusiyadan asılı olduğunu göstərir. Yəni Moskva Nikol Paşinyana təzyiq edir ki, ABŞ və NATO ilə sıx əməkdaşlıq etməsin.
Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Rəsmi Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.
Bu arada, Azərbaycan prezident vacib qərar verdi. Bundan sonra Azərbaycan-Ermənistan sərhədini Azərbaycanın quru qoşunları deyil, sərhəd qoşunları qoruyacaq. Bu qərar ciddi müzakirə olunur. Yerevan da bu qərardan narahatdır. Çünki Azərbaycan sərhəddə yerləşdirdiyi ordu hissələrini Dağlıq Qarabağ ətrafında cəmləşdirə bilər. Əvvəl Azərbaycan ordusu Ermənistanla sərhəddə əlavə qoşunlar yerləşdirmək məcburiyyətində idi. İndi isə bu işi sərhəd qoşunları yerinə yetirəcək.
Rəsmi Bakının bu sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır. İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etdi. Bundan sonra Vaşinqton İraq lideri Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ ”səhrada fırtına” əməliyyatına başladı. Rəsmi Bakı bu təcrübədən faydalana bilər.
Prezident Qarabağ azərbaycanlılarının liderini niyə dəyişdi?

Dekabrın son günlərində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirildi. Qurultayda təşkilata yeni sədr seçildi. Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri oldu. Bayram Səfərov Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik etmişdi. Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildə yaradılıb, 65 min üzvü var.
Bayram Səfərovun 68 yaşı var. Təşkilatın yeni sədri Tural Gəncəliyev 1980-ci ildə Şuşada anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Gəncəliyev Ombudsman Aparatında, Xarici İşlər Nazirliyində, Azərbaycanın Çexiyadakı səfirliyində də işləyib.
Azərbaycan prezidenti Qarabağın azərbaycanlı icmasının rəhbərini dəyişməklə doğru qərar verdi. Bayram Səfərov fəal deyildi. Bu vəzifədə fəal şəxsə ehtiyac var.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti və erməni lobbisi ilə dialoq aparmağı bacarmalıdır. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır.
İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. Məhz bu faktorları nəzərə alaraq Azərbaycan prezidenti gənc diplomatı Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri təyin etdi.
Birincisi, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri 2019-cu ildən başlayaraq xarici ölkələrə səfərlər edib müzakirələr aparmalıdır. Məsələn, Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan tez-tez xarici ölkələrə səfərlər edərək müxtəlif konfrans və seminarlarda iştirak edir.
İkincisi, Dağlıq Qarabağın iki icması arasında fəal dialoq olmalıdır. Bu dialoqu müxtəlif ölkələrdə keçirmək olar. Gürcüstan dialoq üçün ən münbit yerdir. Ermənistan hakimiyyətinin əsas tələbi budur ki, rəsmi Bakı Dağlıq Qarabağın erməni təmsilçiləri ilə danışıq aparmır. İndi isə rəsmi Bakı Dağlıq Qarabağın iki icması arasında dialoqa şərait yaradacaq.
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ümidlər hər ilin sonu növbəti ilə ötürülür. Ancaq 2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.
Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir