KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dağlıq Qarabağ: 2016-ci ilin yekunları və 2017-cı ildəki perspektivlər

Dağlıq Qarabağ: 2016-ci ilin yekunları və 2017-cı ildəki perspektivlər

Kafkassam Editör Kafkassam Editör - - 26 dk okuma süresi
416 0

“Atlas” Araşdırmalar Mərkəzinin 2015-ci ilin sonunda keçirdiyi sorğuda respondentlərin əksəriyyəti müharibənin başlaması ehtimalını yüksək qiymətləndirmişdilər. Mərkəz də müharibə ehtimalının yüksək olmasıyla bağlı proqnozlarında bu soruğunun nəticələrinə, aparılan effektsiz danışqlara və cəbhə bölgəsindəki gərgin vəziyyətə əsaslanırdı. Digər tərəfdən ATƏT-in Minsk Qrupu çərçivəsindəki nəticəsiz danışıqlar aprel toqqşumalarını yaxınlaşdırırdı.

ABŞ dövlət katibi Con Kerri ölkəsinin 2016-cı il üçün xarici siyasət gündəliyini açıqlayarkən dedi ki, dondurulmuş münaqişələrin nizamlanmasına ehtiyacı var: “Biz dondurulmuş münaqişələrin həlli istiqamətində nə qədər çox irəliləyiş əldə etsək, o zaman İŞİD-ə qarşı daha effektiv və dayanıqlı mübarizə aparmaq olarıq”. Buna baxmayaraq, Barak Obama administrasiyası il ərzində dondurulmuş münaqişələrin həlli üçün aktiv fəaliyyət göstərmədi. Ümumiyyətlə Barak Obama prezident olduğu 8 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi. Halbuki, digər iki həmsədr dövlət – Rusiya və Fransa prezidentləri bir neçə dəfə münaqişənin həlli ilə bağlı açıqlama verdilər, vasitəçilik mexanizmlərini işə saldılar və bölgəyə səfərlər etdilər.

AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) yanvarın 26-da keçirdiyi sessiyada Azərbaycanın işğal olunmuş topraqları ilə bağlı iki qətnaməsi müzakirəyə çıxarıldı. Birinci qətnamə “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, ikinci qətnamə isə “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlanırdı. Birinci qətnamənin qəbulu üçün Azərbaycana cəmi 4 səs çatmadı. İkinci qətnamə isə səs çoxluğu ilə qəbul olundu.
Buna baxmayaraq, ikinci qətnamə də AŞPA-nın münaqişənin həlliylə bağlı əvvəlki illərdə qəbul etdiyi qətnamələr kimi kağız üzərində qaldı.

2016-c ilin yanvar ayında Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzi (European Policy Center) Dağlıq Qarabağ münaqişəsinə dair hesabat yaydı. Hesabatda vurğulanırdı ki, Avropa Ittifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Hesabatda Azərbaycanın və Ermənistanın Avropa İttifaqının tərəfdaşları olmasına baxmayaraq, Brüsselin Dağlıq Qarabağ münaqişənin kənarında qalması tənqid olundu. Həmin ərəfədə Bakıda olan Avropa İttifaqının xarici məsələlər üzrə komissarı Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəklədiyini bildirdi. Ancaq 2016-ci ildə AŞPA kimi Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilmədi.

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 23-də Rusiyaya nota göndərdi. Notada Rusiyanın Ermənistana silah və hərbi texnikanın alınması üçün 200 milyon dollar kredit verməsindən Azərbaycanın narahatlığı bildirildi. Bundan bir həftə sonra Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozin Azərbaycana səfər edərək prezident İlham Əliyevlə görüşdü. Əslində Roqozinin səfəri əvvəlcədən planlaşdırılmamışdı. Roqozin il ərzində bir neçə dəfə Bakıya səfər etdi.
Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığın inkişafında Roqozin başlıca fiqurdur. Məhz onun sayəsində Azərbaycan Rusiyadan təxminən 4 milyard dollar civarında silah alıb. Ancaq 2016-cı il ərzində Azərbaycan Rusiyadan silahı pulla alarkən, Moskva həmin silahları Ermənistana pulsuz verdi. Rusiyanın il ərzində Ermənistana ötürdüyü “İsgəndər” raketləri də rəsmi Bakını ciddi narahat etdi. Roqozin ilin sonunda yenə Bakıya gəldi, ancaq rəsmi Bakının “Rusiya Azərbaycana “İsgəndər” raketlərini satmağa hazırdırmı” sualına risylaı rəsmi konkret cavab verə bilmədi. Çünki, Rusiya hakimiyyəti Azərbaycana “İsgəndər” raketlərini satmaq istəmir.

2016-cı ildə prezident Ilham Əliyev 13 ildən sonra Vaşinqtona səfər etdi. İlham Əliyev aprel ayının əvvəlində nüvə təhlükəsizliyi konfransı ilə əlaqədar Vaşinqtona getdi. ABŞ-ın vitse-prezidenti Cozef Bayden İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəsklədiyini dedi. Ancaq bu sözlər sadəcə, diplomatik ifadələr olaraq qaldı. Vaşinqton 2016-cı ildə münaqişənin həlli üçün aktivlik nümayiş etdirmədi.

İlham Əliyev Vaşinqtonda səfərdə ikən cəbhə bölgəsində vəziyyət gərginləşdi. 4 günlük döyüşlərdən sonra İlham Əliyev Kremlin istəyi ilə aprelin 6-da atəşkəsə razılaşdı. Azərbaycanın və Ermənistanın baş qərargahlar rəisləri Moskvaya dəvət olundular və Rusiya paytaxtında atəşkəs razılaşdırıldı. Bunun özü bölgədəki nəzarətin Rusiyanın əlində olduğunu göstərdi.

Bu baxımdan həmin günlərdə və elə indinin özündə bu sual aktualdır: Azərbaycan ordusu döyüşləri hələ bir müddət də davam etdirib işğal altındakı daha geniş əraziləri azad edə bilərdimi?

Əlbəttə, Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi və bir neçə rayonun azad olunması prosesini sürətləndirsəydi, rəsmi Bakı Kremlin təzyiqinə baxmayaraq, müharibəni bir neçə gün də davam etdirəcəkdi. Ancaq cəbhədəki vəziyyəti İlham Əliyevdən və müdafiə naziri Zakir Həsənovdan yaxşı bilən yox idi. Ona görə də əgər prezident atəşkəsə razılaşdısa o bu qərarı həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə verdi.

Buna baxmayaraq, Azərbaycanın cəbhə bölgəsindəki uğuru rəsmi Bakıya bir neçə istiqamətdə üstünlük qazandırdı:

Birincisi, 22 ildən sonra Azərbaycan ordusu öz gücünü göstərdi. Azərbaycan ordusu ilə Ermənistan ordusu arasındakı fərqi hamı gördü. Əgər Azərbaycan ordusunun arsenalında modern silahlar və ağır hərbi texnika varsa, Ermənistan ordusunun 1980-ci illərin silahları ilə savaşdığı bəlli oldu. Bunu Ermənistan prezidenti Serj Sərkisyan aprelin 6-də Berlindəki çıxışı zamanı da etiraf etdi.

İkincisi, Azərbaycan ordusunun hücuma keçməsi cəmiyyətdə ruh yüksəkliyi yaratdı. 22 ildən sonra Azərbaycan məğlub sindromundan qurtuldu, insanların ruh yüksəkliyi artdı, Azərbaycan bayrağı evlərdə, küçələrdə, maşınlarda dalğalanırdı.

Üçüncüsü, beynəlxalq aləmə ciddi mesaj verildi. Mesajın əhəmiyyəti onda idi ki, Azərbaycan uzun müddət işğal faktına dözməyəcək. Bu hadisəyə qədər beynəlxalq aləmdə Dağlıq Qarabağ ətrafındakı rayonlar mövzusu aktual deyildi. Cəbhə bölgəsindəki toqquşmalardan sonra beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafındakı rayonlara marağı artdı, hətta Qərbdə “bu rayonlar azad olunmalıdır” fikirləri eşidilməyə başladı.

Buna baxmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin il ərzində əvvəlcə Vyanada, sonra isə Sankt-Peterburqda görüşləri nəticə vermədi. Böyük dövlətlər növbəti hərbi toqquşmanın qarşısını almaq və ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etmədilər. Əksinə böyük dövlətlər münaqişənin həllini sürətləndirmək əvəzinə atəşkəsin ömrünü uzatmaq üçün cəbhə xəttindəki monitorinq xitmətinin gücləndirilməsini istədilər. Bu Azərbaycanın maraqlarına cavab vermirdi. Çünki, monitorinqin gücləndirilməsi və təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması o demək olacaqdı ki, Ermənistan bu vasitə ilə Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını uzatmaq istəyir. Ona görə də monitorinqin gücləndirilməsi məqsədilə cəbhə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması təşəbbüsü 2016-cı ildə reallaşmadı.

Aprelin 26-sında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildi. Forumda BMT baş katibi Pan Gi Munun iştirakı gözlənilirdi. Ancaq o Bakıya gəlmədi, bunun əvəzinə Forumda onun video müraciəti yayınlandı. BMT katibliyi Pan Gi Munun bölgəyə səfərinin təxirə salınmasını baş katibin “təcili işləri” ilə əlaqələndirdilər. Ancaq bu səbəb inandırıcı səslənmədi. Çünki, Pan Gi Mun Bakıdakı forumda iştirakını 2015-ci ildən təsdiqləmişdi.

Görünür, Pan Gi Munun Cənubi Qafqaza səfərinin təxirə salınması cəbhə bölgəsində 4 günlük müharibə ilə əlaqəli idi. Aydındır ki, Bakıda BMT baş katibinə ciddi suallar veriləcəkdi ki, təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 20 il əvvəl qəbul etdiyi 4 qətnamə niyə yerinə yetirilmir? BMT baş katibi isə Bakıda bu çətin suala cavab vermək məcburiyyətində qalacaqdı.

İlham Əliyev iyunun 7-də Almaniyaya rəsmi səfər etdi. Bu səfər ona görə əhəmiyyətli idi ki, Almaniya 2016-cl ildə ATƏT-ə sədrlik edirdi və Qarabağla məşğul olmalı idi. Ancaq aydın oldu ki, keçmişdəki digər ATƏT sədrləri kimi Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xüsusi fəallıq nümayiş etdirmək istəmir. Birgə mətbuat konfransında Almaniya kansleri Angella Merkel dedi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır.

Merkel faktiki bununla demək istəyirdi ki, münaqişənin həlli Almaniyanın imkanı xaricindədir. İl ərzində Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Azərbaycana və Ermənistana səfəri də heç bir nəticə vermədi. Halbuki, aprel döyüşlərindən dərhal sonra Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Berlinin 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer Bakıya və İrəvana səfərləri zamanı bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi.

ABŞ dövlət katibi Con Kerrinin “Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil” açıqlaması Azərbaycanda tənqid olundu. Bundan bir neçə gün sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təxminən eyni fikri söylədi: “Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”. Bu o demək idi ki, Suriya, Ukrayna və digər beynəlxalq mövzularda fərqli yanaşma ortaya qoyan Vaşinqtonun və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışları eynidir. Hər ikisi münaqişənin həllinin sürətləndirilməsi məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etmək istərmir.

Ilham Əliyevin Nazirlər Kabinetinin oktyabrın 7-dəki toplantısında Qarabağ münaqişəsi ilə bağlı belə “qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” cümləsi cəmiyyətdə və siyasi ekspertlər arasında xeyli müzakirə olundu.

Rəsmi Bakı hazırki mərhələdə referendum təklifini qəbul etmir. Əsas tələb Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmasıdır. Ermənistan hakimiyyəti isə referendum təminatı almadan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmaq istəmir. Ilham Əliyev oktyabrın 17-də Rusiyanın “Sputnik” informasiya agentliyinə geniş müsahibəsində münaqişənin həlliylə bağlı vacib fikir söylədi: “Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”.

Əgər Azərbaycan hakimiyyəti əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsini işlədirdisə, indi bunun konkret adını dedi: “Müxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır. İlham Əliyev müsahibəsində belə bir məqamı da vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağda böyük investisiya layihələri reallaşdırmağa hazırdır. Hazırda Dağlıq Qarabağ Ermənistanın dotasiyasındadır və İrəvan bölgəyə ən azı 150 -200 milyon dollar ayırır. Bu məbləğ ağır iqtisadi və sosial vəziyyətdə olan Ermənistan üçün böyük yükdür. Deməli, Azərbaycanın Dağlıq Qarabağa yönəldəcəyi investisiyalar həm Ermənistanı maliyyə yükündən qurtaracaq, həm də Dağlıq Qarabağda birgə yaşayan ermənilərin və azərbaycanlıların sosial və iqtisadi problemlərinin həllinə yönəldiləcək.

Kollektiv Təhlükəsizlik Müvaqiləsi Təşkilatının oktyabrın 14-də İrəvanda keçirdiyi toplantı bu təşkilatın fəaliyyəti tarixində ən uğursuzu idi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev İrəvandakı toplantıda iştirak etmədi və rotasiya prinsipi üzrə təşkilata Ermənistan nümayəndəsini baş katib seçmək mümkün olmadı. Baş katibin seçilməsi təxirə salındı. Təşkilatın dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında da baş katibi seçmək mümkün olmadı. Bu dəfə toplantıya Belarus prezidenti Aleksandr Lukaşenko qatılmadı.

Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezident qatılmasın və baş katibin seçilməsi yenə ləngisin.

Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı – Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirakları xüsusi əhəmiyyətə malik idi.

Birincisi, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər.

İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi.

Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardıqlarını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər.

Bundan sonra azərbaycanlı və erməni fəalların iştirakıyla “Sülh Platforması” təsis olundu. Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri və “sülh platformasının” yaradılması Ermənistan hakimiyyətinin illərdir apardığı “azərbaycanlılar ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatının effektsiz olduğunu göstərdi. Birgə yaşayış mümkündür, sadəcə bunun üçün ədalətli sülh lazımdır.

İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri zamanı aprel döyüşləri zamanı geri alınan Lələtəpə yüksəkliyindən səsləndiridiyi ən yadda qalan mesajı bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev böyük ehtimalla bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tuturdu. Yəni dövlət başçısı demək istəyirdi ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi itifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə başvura bilməz.

Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə müharibə total xarakter daşıyacaq ki, bu heç Rusiyanın da maraqlarına cavab vermir. Çünki, Cənubi Qafqazda total müharibə Şimali Qafqazda da qeyri-sabitlik yaradacaq. Bundan başqa total müharibə Rusiyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərini yenidən gərginləşdirəcək ki, indiki şəraitdə bu Kremlə lazım deyil.

Buna baxmayaraq, Dağlıq Qarabağ və cəbhə bölgəsindəki gərginliyin 2017-ci ildə də davam edəcəyini proqnozlaşdırmaq mümkündür.

Birinci variant. Yay aylarına yaxın yenidən cəbhə bölgəsindəki vəziyyət mürəkkəbləşməsini gözləmək mümkündür. Həm Azərbaycan, həm də Ermənistan intensiv şəkildə silahlanırlar. “Bloomberg” agentliyinin məlumatında Azərbaycanın son 10 il ərzində hərbi büdcəsi ilə birgə silah alışına 22,7 milyard dollar xərclədiyi və bunun Avropada rekord göstərici olduğu bildirildi. Həqiqətən Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğalının uzanmasıdır. Azərbaycanın sonuncu böyük hərbi müqaviləsi İsraildən aldığı “dəmir günbəz” raketlərdən müdafiə kompleksidir.

Məsələ burasındadır ki, 2016-cı ildə aprel savaşına səbəb olan amillər ortadan qaldırılmayıb:

1) Danışıqlarda irəriləyiş yoxdur (ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriyanın priorotetləri sırasında Qarabağın adı ümumiyyətlə çəkilmir);

2) atəşkəs daima pozulur;

3) Ermənistan işğal altındakı torpaqlarda hərbi təlimlər keçirir.

2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində – Qarabağdan uzaq Tovuz rayonu istiqamətində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir. Bu insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəniki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinın təhlükəsizlik təminatı yoxdur. 10 milyon əhalisi olan Azərbaycan işğal faktına son qoymaq üçün cəbhə bölgəsindəki itkilərə hazırdır. Əhalisi, əsasən də gənclərinin sayı azalan 2 milyonluq Ermənistan üçün isə cəbhə bölgəsindəki itkilərin yerini doldurmaq getdikcə çətinləşir və bu erməni cəmiyyətində narazılıq doğurur.

İkinci variant. Türkiyə-Rusiya-İran formatı 20 dekabrda Moskvada ilk toplantısını keçirdi. Suriya böhranı başlayandan bu yana ilk dəfəydi ki, Türkiyə, Rusiya və İran xarici işlər və müdafiə nazirləri bir araya gələrək Suriya probleminin həlli yollarını birgə müzakirə etdilər. Rusiya və Türkiyə, o cümlədən İran Suriyada münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət nəticələr var. Suriya məsələsində ABŞ-ın oyundankənar vəziyyətdə qalması Türkiyə-Rusiya-İran üçlüyünün maraqlarına cavab verir. Hər üç dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, bölgədə kürd dövlətinin yaradılmasını istəmir və beynəlxalq terrorçulara qarşı birgə mübazirə aparacaqlarını elan ediblər.

Bu üçlü formatın 2017-ci ildə Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşması (bir şərtlə ki, Suriyada atəşkəs uzunömürlü olsun) ehtimalı var. Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə Qarabağ münaqişəsinin həlli vacibliyindən də danışır və Kreml əvvəlki illərdən fərqli olaraq Ankaranın Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayıb. Yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru “mərhələli həll” planını Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər. Moskva və Tehranın regional maraqları təmin olunmadan hər iki dövlətin Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqları olmayacaq.

Bu arada, Ermənistanın özündə “mərhələli planı” ətrafında müzakirələr genişlənib. Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışı da bundan xəbər verir. “Ötən 18 ildə vəziyyət daha da ağırlaşıb” deyən Levon Ter-Petrosyan hakimiyyəti “mərhələli həll” planına razılaşmağa çağırıb.

Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər. Bu vəziyyətdən yeganə çıxış yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə barışmasıdır. Ancaq 2017-ci ildə hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyini söyləmək çətindir. Çünki, apreldə Ermənistanda parlament seçkisi keçiriləcək və indiki hakimiyyət əlindən gələn hər şeyi edəcək ki, səlahiyyəti artırılan parlamenti və hökuməti nəzarəti altında saxlasın. Nə vaxta qədər ki, Ermənistana Dağlıq Qarabağda separatizmi başladan insanlar rəhbərlik edəcəklər, bölgədə sülh mümkün olmayacaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir