KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Con Boltonun Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ

Con Boltonun Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
274 0

Trampın milli təhlükəsizlik üzrə müşaviri bu ölkələri İranla əməkdaşlıqdan imtina etməyə razı salmağa gəlir
Ramiyə Məmmədova: “Bu səfərin münaqişənin həlli ilə bağlı danışıqlara ciddi təsir göstərəcəyini, hansısa mühüm dəyişikliklərin olacağını gözləmirəm”
Elxan Şahinoğlu: “ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək”
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyaya səfər edib. Qeyd edək ki, Bolton oktyabrın 12-də özünün “Twitter” səhifəsində bir çox təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın mənafelərini inkişaf etdirmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər gedəcəyini açıqlayıb. Onu da bildirək ki, sözügedən səfər çərçivəsində Donald Trampın müşaviri Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Oktyabrın 24-də isə Bolton Azərbaycana gələcək və burada bir sıra rəsmi şəxslərlə görüşüb regional məsələləri müzakirə edəcək.
Məsələ ilə bağlı dailystorm.ru saytında yayımlanan məlumata görə, ABŞ prezidentinin milli təhülkəsizlik üzrə müşaviri Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərliyini İranla əməkdaşlıqdan imtina etməyə, bu ölkədən neft və qaz almamağa razı salmağa çalışacaq. Bununla yanaşı, nəşr iddia edir ki, İrəvanı sözügedən təklifə razı salmaq bir xeyli çətin olacaq: “Çünki Ermənistan məhz İranın hesabına Rusiyadan energetika sahəsində asılılıqdan qurtulmaq istəyir. Belə ki, Tehran Ermənistanda azad iqtisadi zonada gündəlik gücü 200 min barel olan neftayırma zavodu tikmək niyyətindədir. Bununla da İran ABŞ sanksiyalarından yayınmağa çalışır”. Məqalədə o da qeyd olunur ki, Con Boltonun İran üzrə ermənilərlə əməkdaşlığa dair yaxşı olmayan təcrübəsi var: “2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olarkən rəsmi İravan İrana qarşı sanksiyaların əleyhinə çıxıb. Həmin vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşüb və Martirosyan siyasi kartlar vasitəsilə İrəvanın mövqeyini açıqlayıb”.
Bu arada, Con Boltonun Azərbaycana məhz Rusiyadan gəlməsinin əhəmiyyətini vurğulayan newtimes.az-da yayımlanan məqalədə deyilir ki, ABŞ Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirdikdən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Bununla yanaşı, Boltonun Azərbaycan, Gürcüstan və Ermənistanda əsasən İran məsələsini müzakirə edəcəyi təxmin edilir. Qeyd edək ki, Bolton sözügedən səfəri ilə bağlı “Salem Radio Network” radiostansiyasına müsahibəsində bildirib ki, əsas məqsədi bu ilin yayında Tramp və Putinin apardıqları danışıqları davam etdirmək, Amerika-Rusiya münasibətlərindən danışmaq və harada problemlər, fikir ayrılıqlarının, tərəqqinin olduğunu anlamaqdır: “Qafqaz səfərində məqsəd onların (yəni Cənubi Qafqaz dövlətlərinin – red.) İran, Rusiya və Türkiyə ilə münasibətlərdə oynadıqları mühüm geosiyasi rolu qiymətləndirməkdən ibarətdir”. Lakin ekspertlər Boltonun özünün fikirlərinə deyil, başqalarının bu səfər haqqında nə düşündüklərinə daha çox diqqət yetirirlər. Burada da fərqli qiymətləndirmələr vardır. Onların hamısını birləşdirən isə İran məsələsidir. Hesab edirlər ki, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Cənubi Qafqaz dövlətlərinə “xəbərdarlıq” edəcək və hətta müəyyən “təzyiqlər” göstərəcək. Digərləri Suriya mövzusunun da gündəmdə olduğundan bəhs edirlər. Bir başqaları isə Əfqanıstan məsələsinə üstünlük veriləcəyini deyirlər.

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Ramiyə Məmmədova hesab edir ki, Boltonun ilk öncə Moskvaya səfər etməsi ABŞ-la Rusiya arasında “soyuq müharibə”nin nəzəri baxımdan hələ də davam etməsiylə əlaqədardır: “Yəni hər iki ölkənin dünya hegemonluğunu bölüşdürə bilməməsi, bir-birinə güc nümayişi hələ də bitməyib. Bu səbəbdən də Boltonun Rusiyadakı əsas müzakirə mövzularından biri 1987-ci ildə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və SSRİ-nin keçmiş rəhbəri Mixail Qarbaçov arasında orta və kiçik mənzilli raketlərin ləğv edilməsinə dair imzalanmış müqavilədən ABŞ-ın çıxması məsələsidir. Bununla yanaşı, Suriya mövzusu da müzakirə olunacaq”. Politoloq qeyd edib ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Qafqaza gəlmədən öncə Rusiyanın mövqeyini, gələcək perspektivdə Kremlin planlarını analiz edib: “Odur ki, onun Rusiyadan sonra Azərbaycan, Ermənistan və Gürcüstana səfər etməsi heç də təsadüfi deyil. Hesab edirəm ki, Boltonun Bakıya səfəri çərçivəsində ABŞ-ın, o cümlədən bütün dünyanın maraq dairəsində olan enerji layihələri müzakirə olunacaq. Bildiyiniz kimi, bu gün Azərbaycan regionda ən güclü, iqtisadi və mühüm enerji layihələrini həyata keçirən ölkədir. Və bu layihələrdən gələn gəlir, o cümlədən güc əlbəttə ABŞ-ı da kənarda qoya bilməz. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Çünki bu münaqişə həll olunmadan regionda sabitliyin bərpası mümkün deyil. Bunu ABŞ da çox gözəl bilir. Lakin buna baxmayaraq, ABŞ rəsmisi daha çox tövsiyə xarakterli bəyanatlar verməyə çalışacaq. Təbii ki, əgər Bolton istəsə, Azərbaycanın gücünü, regiondakı mövqeyini nəzərə alıb Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvana təsir göstərə bilər. Ancaq ABŞ bu məsələdə Rusiya ilə üz-üzə gəlmək istəmədiyi üçün çalışacaq ki, Minsk Qrupu çərçivəsində öz fəaliyyətini davam etdirsin. Odur ki, bu səfərin münaqişənin həlli ilə bağlı danışıqlara ciddi təsir göstərəcəyini, hansısa mühüm dəyişikliklərin olacağını gözləmirəm”.

Nəzərinizə çatdıraq ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə,

Elhan Şahinoğlu
ABŞ-ın orta və uzaq mənzilli raketlərin məhv edilməsi anlaşmasından çıxmaq istəyi anlaşılandır. Belə ki, anlaşmanın keçmiş SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalandığını xatırladan politoloq bildirib ki, o zaman “soyuq müharibə” hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi: “30 il keçib, SSRİ yoxdur, bu arada Çin, İran, Pakistan və Hindistan kimi ölkələr də orta və uzaq mənzilli raketlərə malik olublar. Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə ABŞ-ı narahat edir. ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır. Bundan başqa, Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb”.
Elxan Şahinoğlu hesab edir ki, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq, orta və uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək: “Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ “Perşinq” raketlərini köhnə qitədə yerləşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür”. Politoloq bu qənaətdədir ki, ABŞ Avropa ölkələri ilə yanaşı, raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər: “Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər. ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur. Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən, ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir”. Elxan Şahinoğlunun fikrincə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton məhz bu mövzuları müzakirə etmək üçün bölgədədir.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir