Cemil Hasanlı: vətənpərvər ziyalı Firudin Şuşinski
Tanınmış vətənpərvər ziyalı Firudin Şuşinskinin anadan olmasının 100 illiyi tamam olur. Mən onu tanıyırdım. Filarmoniya bağındakı çayxanada maraqlı söhbətlərinə də qulaq asmışdım. Odlu-alovlu bir vətənpərvər idi. Hələ 1962-ci ildə onun Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı tərəfindən “Doğma ölkəmizə səyahət” seriyasında “Şuşa” adlı kitabçası (Azərbaycan dilində) çap olunmuşdur. Ermənilər tərəfindən çox kəskin qarşılanmasına baxmayaraq, Firudin müəllim 1967-ci ildə “Şuşa” kitabının genişləndirilmiş variantı yenidən çap üçün “Azərnəşr”ə təqdim etmişdi.
Kitab nəşriyyat tərəfindən tarixçi Firudin Əsədova rəyə verilmişdi. 1967-ci il sentyabrın 18-də imzalanmış rəydə göstərilirdi ki, “Şuşa, XVIII əsrin ikinci yarısında əmələ gələn Azərbaycan şəhərlərindən biri olub, Vətənimizin tarixində mühüm və diqqətə layiq yerlərdən birini tutur. Bu şəhərin tarixi keçmişi barədə əsərin yazılması çox vacibdir. Bu sahədə təşəbbüsdə olan Firudin Şuşinski diqqətə layiq və nəcib iş görüb. Firudin Şuşinskinin 1962-ci ildə Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı tərəfindən “Doğma ölkəmizə səyahət” seriyasında “Şuşa” adlı kitabçası (Azərbaycan dilində) çap olunmuşdur. Hazırda çapa hazırladığı “Şuşa” kitabı qeyd edilənin təkrarı olsa da, bir qədər geniş yazılmışdır. Əlbəttə əsər çap olunarsa oxucuların diqqətini cəlb edəcəyinə şübhə ola bilməz.”
Bununla yanaşı Firudin Əsədov qeyd edirdi ki, müəllif hadisələri nağıl etmə yolu ilə izah etməkdən uzaqlaşıb, konkret faktlardan istifadə etməli, mərhum professor Həzi Abdullayevin XVIII əsrə aid kitabından yararlanmalı, arxiv sənədlərinə istinad etməlidir. Rəyçinin fikrincə, müəllifin gətirdiyi faktlar əsasən məlum olan məsələlərin təkrarıdır və Şuşada 2000 ev olması, 10.000 əhali yaşaması haqqında səyyahların məlumatı Fuad Əliyevin “Şimali Azərbaycan şəhərləri” kitabından götürülüb.
Firudin Əsədov qeyd edirdi ki, Firudin Şuşinski “Şuşanın inkişafı və tərəqqisini bütövlükdə Pənah Əli xanın adı ilə bağlayır, burada xalqın iştirakı unudulur…Kitabda belə bir fakt gətirilir ki, Ağa Məhəmməd xan Qacar öldürüldükdən sonra Pənah xanın (?) (Ağa Məhəmməd şah Qacar olmalıdır – C.H.) başı İbrahim xanın hüzuruna göndərilir (s.25). Bu fakta aid məxəz yoxdur. XIX əsrə aid faktlar azdır. Tarixi hadisələr əsasən Qarabağa aiddir. Kitabda belə başlıq vardır: “Kiçik Paris”, lakin müqayisə üçün faktlar azdır. Nəzərdən keçirdiyim səhifələrdə daha kiçik nöqsanlar vardır. Heç şübhə yoxdur ki, müəllif əsəri çapa verərkən bir daha nöqsanları təkrar etməyəcək, tənqidi qeydləri nəzərə alacaqdır.”
Rəy hazır olduqdan sonra Akademiyanın Tarix institutunun direktoru Əlövsət Quliyev onu “Azərnəşr”in direktoru Qılman Musayevə (İlkin) göndərmişdi. O, yazırdı: “Azərbaycan SSR EA Tarix institutu institutun elmi əməkdaşı, tarix elmləri namizədi Firudin Əsədov yoldaşın Firudin Şuşinskinin “Şuşa” adlı əlyazması haqqında rəyini Sizə göndərirəm. Rəydən göründüyü kimi, müəllif əsəri hazırlayarkən xeyli zəhmət çəkmiş, maraqlı materiallar toplamış, onları ümumiləşdirməyə cəhd göstərmişdir.
Lakin əlyazması üzərində işi davam etdirmək, onu təkmilləşdirmək, documental əsası olmayan ibarələr və müddəalardan xilas etmək lazımdır. Firudin Şuşinski yoldaş Şuşanın tarixi haqqında danışarkən tarixi sənədlərə daha çox müraciət etməli, əsərin faktik əsasını zənginləşdirməlidir. Zənnimcə Azərnəşrin müəlliflə işi davam etdirməsi, bu əsərin səviyyəsini yüksəltmək üçün müəllifə lazımi kömək göstərməsi məsləhətdir.”
Əlövsət Quliyevin məktubunun üzərində Qılman Musayev dərkənar yazır ki, “müəllif rəyi əsasında əsəri yenidən işlədikdən sonra nabora göndərmək olar.” Firudin Əsədovun rəyinin sonunda Firudin Şuşinskinin oktyabrın 18-də yazdığı belə bir qeyd vardır: “Firudin Əsədovun mənim kitabıma yazdığı rəydən məlum olan nöqsanları düzəltdim. Həm də tənqidi qeydləri nəzərə alıb əsərdə müəyyən dəyişikliklər etdim.”
Bu əlavə və düşəlişlərdən sonra “Şuşa” kitabı 1968-ci ildə nəşr edildi. Kitabın 80-ci səhifəsində yazılırdı ki, qəddar daşnak, qatı millətçi Andronikin Qarabağı işğal etmək, Şuşanı tutmaq niyyəti iflasa uğradı, onun Qarabağı Azərbaycandan ayırmaq cəhdləri sonrakı dövrdə davam etsə də, onlar üçün uğurlu nəticə vermədi.
Ermənilər “Şuşa” kitabının bu yerlərini Azərbaycanda millətçiliyin tüğyan etməsi kimi əsaslandırıb Sovet rəhbərliyinə göndərdilər. Ermənilərin bu hayküyündən sonra Qlavlitdən kitabın nə üçün nəşrinə icazə verilməsi barədə arayış tələb olundu. İdarənin məsul işçisi İ.Axundov bildirdi ki, “nəşr ərəfəsində respublika Qlavliti “Şuşa” kitabının yığılmış vərəqlərini MK-nın təbliğat və təşviqat şöbəsinə göndərdi və mənə tapşırıldı ki, şöbənin rəhbərliyini materialla tanış edib öz fikirlərimi ona bildirim.
Mən öz qeydlərimi şöbə müdirinə dedim və onun göstərişi ilə “Azərnəşr”in direktoru Qılman Musayev çağırıldı və həmin qeydlərlə tanış oldu. Bizim qeydlərimizin indi hamısını xatırlamaq çətindir, çünki onlar şifahi deyilmişdi, yığılmış vərəqlər isə üzərindəki qeydlərlə birlikdə Qılman Musayev tərəfindən itirildi. Bizim kitab haqqında fikrimiz Qılman Musayevə mənim tərəfimdən deyildi, sonra biz şöbə müdiri Teymur Əliyevin yanına dəvət edildik və o, yenidən nöqsanlar haqqında öz qeydlərini göstərdi.”
İ. Axundov həmin nöqsanların Qarabağ nəslindən olan xanların və bəylərin həddindən artıq təriflənməsi, İbrahimxəlil xanın lazım olmayan bütün ailə xronikasının verilməsi, sadalanan bütün zadəgan familiyalarının çıxarılması, adlısanlı şuşalıların tərkibinə yenidən baxmaq, bütün şəkilləri eyni ölçüdə vermək, kitabı konkret kiməsə həsr etməmək və müasir partiya və dövlət xadimlərinin adlarını ora əlavə etmək, Şuşa istirahət evində dincələnlərin fikirlərini çıxarmaq və onun əvəzinə arı pətəkləri, ferma və digər yardımçı təsərrüfatları vermək, inqilaba qədərki Şuşanın vəsf edilməsini aradan qaldırmaq və sairdən ibarət olduğunu yazırdı.
İ. Axundov qeyd edirdi ki, bu abzas ya kitabdan çıxarılmalı, ya da redaktə edilməlidir: “Qeyd etmək lazımdır ki, Qarabağ xanlığının tarixindən, İbrahim xanın həyatı, onun Azərbaycan tarixindəki rolu haqqında yazan yazıçılar içərisində yalnız Yusif Vəzir doğru mövqe tutur və sair.” Qlavlitin fikrincə Qarabağ xanlığındakı hadisələrin yazılmasına belə münasibət açıq-açığına Səməd Vurğunun “Vaqif” dramının doğru olmadığına işarə etməkdir. Qlavlit əməkdaşı bildirirdi ki, onun yuxarıdakı qeydlərinin heç biri nəşriyyat tərəfindən nəzərə alınmayıb və müvafiq düzəlişlər olmadan kitab çapa imzalanıb.
“Şuşa” kitabı nəşr edildikdən sonra Mərkəzi Komitənin Təbliğat və Təşviqat şöbəsinin müdiri Teymur Əliyev 1969-cu il yanvarın 15-də onun haqqında Azərbaycan KP MK-ya arayış hazırladı. Orada qeyd edilirdi ki, kitabda oxucular üçün maraqlı olan xeyli fakt və epizod vardır və müəllif şəhərin İran işğalçılarından qəhrəman müdafiəsi, Şuşa bolşevik təşkilatının çar mütləqiyyətinə qarşı gizli mübarizəsi, Kommunist Partiyasının Nəriman Nərimanov, Serqo Orconikidze kimi görkəmli xadimlərinin Qarabağda Sovet hakimiyyətinin möhkəmləndirilməsində iştirakı, son illərdə Şuşanın kurort şəhəri kimi inkişafına dair maraqlı məqamlara toxunur. Lakin arayış daha çox tənqidi məsələlər üzərində qurulmuşdu.
Teymur Əliyev yazırdı ki, hər şeydən əvvəl “Şuşa” kitabında ayrı-ayrı hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsində sinfi yanaşma yoxdur, orada Qarabağ xanlarının, bəylərinin, məlik və çar hərbi komandanlarının rolunun ideallaşdırılmasına yer verilmişdir. O, göstərirdi ki, müəllif Şuşanın bünövrəsini qoyan Pənah xanın xidmətlərini vəsf edir, onun geniş həyat hekayətini, xan nəslinin tarixini verir, Pənah xanın müdrik dövlət xadimi, qəhrəman döyüşçü olması haqqında ağız dolusu danışır. Arayışda göstərilirdi ki, Firudin Şuşinski “kitabda bununla sakitləşməmiş, Pənah xanın oğlu İbrahimxəlil xanı oxucuya müdrik, mehriban, uzaqgörən idarəçi, istedadlı dövlət xadimi və sərkərdə kimi təqdim edir.
Firudin Şuşinskiyə görə bilavasitə İbrahimxəlil xan, onun vəziri və bir neçə saray əyanı İran şahı Qacarın orduları üzərində qələbə çalmışdır. Qanı tökülən, şəhəri müdafiə edən, onu dağılmaqdan xilas edən xalq kütlələri haqqında müəllif sadəcə olaraq susur.”
Teymur Əliyev qeyd edirdi ki, inqilaba qədərki Şuşanı Firudin Şuşinski yoxsul adamları və heç bir ehtiyacı olmayan, sinfi ziddiyyətlərdən uzaq cənnət kimi təsvir edir, şəhərin rolunu Azərbaycanın həyatında şişirdir, heç bir mənbə göstərmədən Şuşanı “Kiçik Paris” və “Qafqazın konservatoriyası” adlandırır, Şuşadan istedadların çıxmasını “təbiətin məftunluğu” və “soyuq bulaqlarla” izah edir.
MK-nın şöbə müdiri kitabın aşağı ədəbi-bədii səviyyədə yazıldığını, pis redaktə edildiyini, orada çoxlu ehtiyatsız ifadələrin olduğunu vurğulayır, onun rəhbər işçi kimi Əliş Ləmbəranskiyə həsr edilməsini qeyri-ciddi addım hesab edirdi. Sonda o, “Azərnəşr”in ciddi ideya, elmi və ədəbi qüsurları olan “Şuşa” kitabını nəşr etməsini siyasi laqeydlik və məsuliyyətsizlik kimi qiymətləndirirdi.
Lakin Teymur Əliyev 3 səhifəlik arayışda ermənilərin kitab haqqında irəli sürdüyü “millətçilik”, Andronikin ifşa edilməsi və sair məsələlərə toxunmurdu. Arayışın aşağısında Mərkəzi Komitə katibi Cəfər Cəfərovun imzası var idi.
Bu arayış əsasında Azərbaycan KP MK bürosu 1969-cu il aprelin 17-də Firudin Şuşinskinin “Şuşa” kitabı haqqında qərar qəbul etdi. Arayışda olan tənqidi məqamlara əlavə olaraq qərarda göstərilirdi ki, “Şuşa” kitabı birtərəfli və yerliçilik ruhunda yazılıb, nəşrə qədər onun haqqında yazılan rəylərdəki tənqidi məqamlara məhəl qoyulmayıb, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi tərəfindən göstərilən qüsurlar nəzərə alınmayıb.
Bu səbəbdən qərarda bu məsuliyyətsiz münasibət “Azərnəşr”in direktoru Qılman Musayevin və baş redaktoru Mustafa Əfəndiyevin nəzərinə çatdırıldı; Mətbuat komitəsinin sədri İsrafil Nəzərova tapşırıldı ki, bu məsələni komitənin kollegiyasında müzakirə edib tabeçiliyində olan nəşriyyatlara tələbkarlığı artırsın; Müvafiq orqanlara tapşırıq verildi ki, Firudin Şuşinskinin “Şuşa” kitabı haqqında rəylər çap edib kitabın ciddi ideya və elmi nöqsanlarını göstərsinlər; MK-nın Təbliğat və Təşviqat şöbəsinə tapşırıldı ki, nəşriyyatların işinə və respublikada ədəbiyyat buraxılışına
nəzarəti gücləndirsin.
Bu kitaba görə Firudin Şuşinskinin başı sonralar da çox ağrıdı. Onun “millətçiliyi” haqqında Azərbaycan KGB-si çoxlu arayışlar hazırlamışdı.
Cemil Hasanlı
Share this content:



Yorum gönder