Bu sual çoxlarını düşündürür. Bunun səbəblərini zamanın şərtləri daxilində anlayanlar da var, bundan spekulyasiya məqsədiylə Türkiyəyə qarşı istifadə edənlər də var və bu faktdan Mustafa Kamal Paşanın parlaq adına, işıqlı əməllərinə kölgə salmaq istəyənlər də var. Amma ilk növbədə gəlin baxıb görək Məhəmməd Əmin bəy Türkiyəyə necə gəldi? Əslində bu bir macara idi. Rəsulzadə 2 ilə yaxın Satalinin Millətlər Komissarlığında mətbuat məsələləri üzrə müvəkkil vəzifəsində işlədi. Bir müddət Moskva Şərqşünaslıq İnstitutunda fars dilindən dərs dedi. Hətta Millətlər Komissarlığının “Yeni Şərq” jurnalının 1922-ci il, 1-ci nömrəsində belə bir anons verilmişdi: jurnalın növbəti nömrəsində Məhəmməd Əmin Rəsulzadənin “Qədim İranın kommunistləri” adlı məqaləsi çıxacaq. Əvəzində 1922-ci ilin dekabr ayının 30-da İstanbulda nəşr edilən “Yeni Şərq” qəzetində onun Sovetlərin milli siyasətin ifşa edən geniş müsahibəsi dərc olundu.
1922-ci ilin sentyabrında Məhəmməd Əmin Rəsulzadənin Moskvadan Finlandiya gəldi. Bu qorxulu yoldan onu Petroqradda yaşan böyük tatar islam üləması Musa Əfəndi Cərullahı keçirdi. Məhəmməd Əmin bəy hələ Helsinqforsda olanda Sədri Maksudi Arsal sentyabr ayının 13-də Parisdə olan Əlimərdan bəyə onun Sovet Rusiyasından qaçması haqqında məlumat vermişdi. Məhəmməd Əmin bəy Helsinkidə olarkən Bakıdan aldığı gizli intibahnamələrin surətini Əlimərdan bəyə göndərmiş və Topçubaşi Bakıda həbslərlə bağlı xüsusi nota ilə çıxış etmişdi. Həmin vaxt Əlimərdan bəy Parisdəki Türkiyə nümayəndəliyinin başçısı Ahmed Ferid bəydən Rəsulzadəyə aldığı pasportu ona göndərilmiş və Məhəmməd Əmin bəy Finlandiyadan Parisə gələ bilmişdi. Rəsulzadəyə pasport almazdan bir neçə gün əvvəl sentyabrın 9-da türk ordusu İzmiri azad edən günü Əlimərdan bəy Parisdəki Türkiyə nümayəndəliyinə gedib Ahmed Ferid bəyi, Hüseyin Ragıp bəyi və Cevad bəyi təbrik etmişdi. Amma Rəsulzadə Parisdə çox dayanmadı və İstanbula gəldi. Çünki Gürcüstanın sovetləşməsindən sonra orada olan müsavatçılar da Türkiyəyə sığınmışdılar.
“Yeni Şərq” dekab ayının 30-da Rəsulzadənin müsahibəsini belə təqdim edirdi: Bu günlərdə Azərbaycan Milli Şurasının sədri, mənşə etibarı ilə azərbaycanlı və bir türk millətçisi Məmməd Əmin Rəsulzadə bizim şəhərimizə gəlmişdir. Rəsulzadə həmin müsahibədə deyirdi ki, “çarizm zadəganlığa söykənən diktatura idi, bolşevizm isə fəhlə sinfinə söykənən diktaturadır. Çar mütləqiyyətinin ideologiyası Rusiyada yaşayan bütün millətləri ruslaşdırmaq idi, bolşevik mütləqiyyətinin məqsədi isə Rusiyada məskunlaşmış bütün millətləri milli sifəti olmayan kütləyə çevirməkdir. Birinci halda, ağalıq edən ideologiya rus zadəganlığından qidalanıb, rus şovinizmini özündə ehtiva edir. İkinci halda isə, hökmranlıq edən ideologia rus fəhlə sinfinin həqiqətlərindən doğub, kosmopolitizmi özündə əks etdirir. Forma etibarı ilə bunlar fərqli şeyləri özündə əks etdirsə də, lakin məzmun etibarı ilə bu əsl həqiqətdə rus mərkəzçiliyindən və rus imperializmindən başqa bir şey deyildir. Bu mənada qırmızı Rusiya ilə ağ Rusiya arasında elə də fərq yoxdur”. Müsahibəni Ankaradakı Sovet Rusiyasının müvəqqəti işlər vəkili tərcümə edib qoşma məktubla Moskvya göndərmişdi. Bu sözlər Stalinə çox toxunmuşdu. Axı, söhbət Sovet Rusiyasında onun rəhbərlik etdiyi milli siyasətdən gedirdi.
Rəsulzadə İstanbula yetişdikdən Türküiyədəki müsavatçılarla birlikdə 1922-ci ilin sonlarında “Müsavat” partiyasının Xarici Bürosunu qurdu və ona başçılıq etdi. Xarici Büronun işinə əməli xarakter vermək və antis¬o¬vet təbliğatı genişləndirmək məqsədi ilə Rəsulzadə 1923-cü ildə “Yeni Qafqasiya” jurnalının nəşrinə başladı. Jurnal yalnız Azərbaycan məsələsi ilə deyil, bütövlükdə Qafqazda sovet siyasətinin ifşa edilməsini önə çəkir, bolşevik müstəmləkəçiliyinin əsl mahiyyətini ortaya qoyur və regionda gedən proseslərə ümumi Qafqaz maraqları baxımından yanaşırdı. “Yeni Qafqaziya”nın təsisçisi və baş redaktoru Məhəmməd Əmin bəy, onun məsul redaktoru Dağıstanlı Səid Əfəndi, redaksiya şurasının üzvləri Şəfi bəy Rüstəmbəyov, Əhməd Cəfəroğlu, Xəlil bəy Xasməmmədov, Əmin Abid və Buxara Respublikasının keçmiş başçısı Osman Xocayev idi. “Yeni Qafqaziya” Sovet siyasətini elə sərt formada tənqid edirdi ki, Bakıda çıxan “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərinin ona cavab olaraq, dərc etdiyi yazılar kifayət etmirdi. Ona görə də, bəzən Sovetlərin başlıca mətbuat orqanı sayılan “Pravda” və Millətlər Komissarlığının əsas elmi-akademik jurnalı kimi nəşr olunan “Novıy Vostok” işə qarışmalı olurdu.
İstanbula gəldikdən sonra Rəsulzadə köhnə dostunu da unutmadı. 1923-cü ilin yanvar ayının 1-də o, Stalinə məktub yazdı. Orada deyilirdi: “Moskvadan çıxarkən sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizli şəkildə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə sizə qarşı ehtiramsızlıq görməyəcəyinizə ümid edirəm. Səfərim üçün icazə istəmədim. İşin mənfi cəhətini nəzərə aldım. Bəlkə, siz icazə verməzdiniz; o zaman hər nə surətlə olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan təbii olaraq vaz keçmək lazım gəlirdi. Halbuki vaz keçmək mənim üçün qeyri-mümkün idi. Çünki bu, özü-özümü rədd etmək və əbədi surətdə tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və yaranacaq vəziyyətin lal bir müşahidəçisi olmaqdı. Hazırda Rusiyada baş verən hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəl olduğu kimi, indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır. Qədərin hökmü ilə iqtidara gələn Kommunist Firqəsi birdəfəlik məfkurə cəbhələrindən geri çəkilə-çəkilə keçmiş Rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından başqa, hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi məfkurəsi zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur… Bolşevik Firqəsinin mərkəziyyətçi olduğunu bildiyimdən, bu firqənin bir cür özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişiklik keçirəcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi vəziyyətində olduğum üçün bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə Türk qövmlərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım.”
1923-cü ildə Mirsəid Sultanqaliyev həbs ediləndə Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” Mərkəzi Komitəyə məktubunun əlyazması axtarış zamanı onun evindən çıxmışdı. Nərimanovun həbs orderi verilsə də, Mərkəzi Komitə üzvlərindən yalnız Stalin onu imzalamadı. Amma bu hadisəyə görə Nərimanovun fəaliyyətin yoxlamaq üçün bolşevik partiyasında “çistka” məsələlərinə baxan Matvey Şkiryatov başda olmaqla xüsusi komissiya yaradıldı. Komissiyanın hesabatı Moskvada müzakirə ediləndə Mirzə Davud Hüseynov komissiyanın iclasında dedi ki, “bizim əks-inqilabçıları başına toplayıb, əleyhimizə kitab çap etdirən Rəsulzadənin bizim əleyhimizə quduz kampaniya apardığı bir vaxtda, Nərimanov da bizə qarşı öz quduz kampaniyasını genişləndirir. Mən, əlbəttə, fikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə əlaqəsi var. Amma o, Rəsulzadənin dəlillərini sözbəsöz təkrar edir”.
Keçmiş Rusiya mühacirlərinin Türkiyədən çıxarılması məsələsi nə zaman gündəliyə gəldi? 1924-cü ildə Gürcüstanda anti-sovet üsyan qan içində boğulduqdan sonra sağ qalanlar Türkiyəyə keçdi. Belə olduqda SSRİ İstanbul və Türkiyədə məskunlaşan Azərbaycan müsavatçıları və Gürcü menşeviklərini oradan çıxarmağın yolların arayırdı. 1924-cü ilin sentyabr ayının 26-da Sovetlərin Ankaradakı müvəqqəti işlər vəkili Yakov Siruts Xarici İşlər Komissarı Georgi Çiçerinə yazırdı: “Mənə belə gəlir ki, indi Türkiyənin Qafqazda əksinqilabçı ünsürləri müdafiə etməsi məsələsini qaldırmağın əsl məqamıdır və təminat kimi indi bir sıra müsavat və gürcü başçılarının İstanbuldan çıxarılmasın tələb etmək olar” Məsələ burasında idi ki, 1921-ci il 16 mart Moskva müqaviləsində göstərilirdi ki, hər iki ölkənin öz ərazisində müqavilədə olan digər ölkədə hakimiyyətə gəlmək istəyən təşkilatların və qrupların fəaliyyəti qadağan edilməlidir. Yakov Siruts da əsasən bu maddəyə istinadən Qafqaz mühacirlərinin məsələsini qaldırmağı Moskvya tövsiyə edirdi. Eyni zamanda 1925-ci ildə SSRİ ilə Türkiyə Respublikası arasında imzalanmış dostluq və neytrallıq haqqında müqavilə Moskva müqaviləsinin bu tələbini daha möhkəmləndirdi. Bu müqavilələrə əsaslanaraq, Sovet rəhbərliyi dəfələrlə Azərbaycan mühacirlərinin Türkiyədəki siyasi fəaliyyətinə son qoyulması və onların mətbu orqanının nəşrinin dayandırılmasını Türkiyə hökumətindən tələb etmişdi.
Əslində, müsavatçıların təqib olunması haqqında təlimatlar Ankarada olan Sovet səlahiyyətli nümayəndəsi Sergey Natsarensa Moskva müqaviləsi imzalandıqdan az sonra verilmişdi. Hələ 1921-ci ilin iyun ayında Georgi Çiçerin ona yazırdı ki, sizin başlıca vəzifəniz Türkiyə hökumətinin müsavatçılara göstərdiyi yardımın qarşısını almaqdır. O yazırdı: “Moskva müqaviləsinə qədər xüsusilə, Dağıstan və Bakı müsavatçılarına belə yardım göstərilmişdir. Əgər bu mənada nələrisə davam etdirəcəklərsə, bu Moskva müqaviləsinin pozulması deməkdir. Bunu diqqətlə izləmək lazımdır”.
1924-cü ilin noyabrında Moskvadan qayıdan Türkiyə səfiri, keçmiş xarici işlər naziri Əhməd Muxtar bəy Rəsulzadə ilə görüşdə demişdi ki, bolşeviklərin sayılı günləri qalır və onların bütün istehsal müəssisələri ziyanla işləyir. Səfirə görə, Rusiyanın yenidən çökməsi qaçılmaz idi. Bu məlumatdan ruhlanan Rəsulzadə 1924-cü ilin dekabr ayında Əlimərdan bəyə yazırdı: “Sovetlərin ağır vəziyyəti haqqında türklər məlumatlıdırlar, ola bilsin ki, Türkiyə bizim məsələ üzrə daha fəal çıxış etsin”. Belə bir meyl fransızlarda da yaranmışdı və Fransa parlamentinin xarici siyasət komis¬siyasının sədri Anri Franklen-Buyon 1925-ci ilin əvvəllərində Ankaraya yola düşməzdən əvvəl Əlimərdan bəylə görüşüb bəzi müzakirələr aparmışdı. Lakin bu ümidlər doğrulmadı.
Azərbaycandan gələn gizli məlumatlar ölkədə baş verən ruslaşdırma siyasətinin bütün mənzərəsini ortaya qoyurdu. Hətta 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji qurultayda Türkiyənin təmsilçiləri kimi yollanan Fuad Köprülü və Əli bəy Hüseynzadə yola düşməzdən əvvəl Məhəmməd Əmin bəylə görüşüb Azərbaycandakı vəziyyəti müzakirə etmişdilər. Rəsulzadə belə hesab edirdi ki, türk mədəniyyəti məsələlərində bolşeviklər bütün təşəbbüsləri öz əllərinə alması dözülməzdir. Məhz həmin görüşdə Fuad Köprülü İkinci türkoloji qurultayın İstan-bulda keçirilməsi ideyasını irəli sürmüşdü. Sovet rəhbərliyi Əli bəy Hüseynzadənin Bakıda keçirilən Birinci Türkoloji qurultayda iştirakından ciddi narahatlıq keçirirdi. Türk dünyasında böyük nüfuz sahibi kimi onun latın əlifbasına keçidə maneçilik törədəcəyindən ehtiyatlanan siyasi dairələr bu məsələ ətrafında səsvermədə onun mövqeyinin qurultay iştirakçılarına həlledici təsir göstərəcəyini anlayırdılar. Ona görə Əli bəy və Fuad Köprülü Tiflisdən Bakıya yola düşən zaman onların vaqonuna xüsusi xidmət orqanlarının nümayəndələri yerləşdirilmişdi ki, Əli bəy Hüseynzadənin latın əlifbasına keçid və ümumilikdə türk-müsəlman respublikalarında sovet siyasəti ilə bağlı nə düşündüyünü öyrənsinlər. Eyni zamanda qurultayın kommunist nümayəndələrinə tapşırıq verilmişdi ki, əgər Əli bəy Hüseynzadənin namizədliyi qurultayın rəyasət heyətinə təklif edilsə, ona səs verməsinlər.
Məhz, Sovet İttifaqının təkidli tələbi ilə Türkiyə hakimiyyət orqanları 1927-ci ildə “Yeni Qafqaziya” jurnalının nəşrini dayandırmaq qərarına gəldi. Jurnalın bağlanma səbəbini Türkiyə Mərkəzi Mətbuat İdarəsinin direktoru Əkrəm bəy “Yeni Qafqaziya”nın son dövrlərdə Sovet İttifaqı əleyhinə həddindən artıq sərt yazılar verməsi ilə izah edirdi. Zaqafqaziya Siyasi İdarəsinin 1927-ci ilin noyabr ayının 2-də tam məxfi məlumatında göstərilirdi ki, Türkiyə hakimiyyət orqanları İstanbulda nəşr olunan “Yeni Qafqaziya” jurnalını bağlamışdır. Məxfi məlumat Azərbaycan və Ermənistan Siyasi idarələrinə, Cənubi Qafqaz Federasiyasının bütün rəhbər işçilərinə göndərilmişdi. Sovet xüsusi xidmət orqanlarının məlumatında jurnalın bağlanmasını Rəsulzadənin Türkiyə hökumətinin xəbərdarlıqlarına məhəl qoymaması ilə əlaqələndirirdilər və qeyd edirdilər ki, Anadolu Agentliyinin başçısı Əhməd bəy Ağaoğlu yaxın vaxtlarda, Türkiyə hökumətinin “Yeni Qafqaziya”nı bağlayacağı haqqında Rəsulzadəni bir necə dəfə dostcasına xəbərdar etmişdi.
1927-ci ildə “Yeni Qafqaziya”nın nəşri dayandırıldıqdan sonra Rəsulzadə Türkiyədə “Azəri türk” jurnalının nəşrinə başladı. 1928-1929-cu illərdə çıxan bu jurnal mövzu və ideya baxımından “Yeni Qafqaziya”nın işini davam etdirirdi. Lakin “Azəri Türk” jurnalını da davamlı nəşr etmək mümkün olmadı və bu mətbu orqanı 1929-cu ildə öz fəaliyyətini dayandırmalı oldu. Onun ardınca Məhəmməd Əmin bəy 1929-cu ildən başlayaraq, “Odlu Yurd” məcmuəsinin nəşrinə başladı və bu məcmuə 1931-ci ildə Azərbaycan siyasi mühacirəti Türkiyəni tərk edənə qədər dərc olundu.
Məhəmməd Əmin Rəsulzadə Türkiyəyə gəldiyi gündən onun siyasi fəaliyyəti, Azərbaycanla gizli əlaqələri Sovet xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. Kəşfiyyat orqanlarının onun haqqında Vyaçeslav Molotovun adına hazırladıqları arayışda göstərilirdi ki, “mühacirət dövründə Rəsulzadə Azərbaycanda Sovet hakimiyyətinin devirməsinə və kapitalizmin bərpasına yönəlmiş antisovet hərəkatı genişləndirib, ona bilavasitə başçılıq edirdi. Bu məqsədlə Rəsulzadə müsavat gizli mərkəzini, casusluq, üsyançı hərəkat və pozuculuq işlərini təşkil etmək üçün ardıcıl olaraq SSRİ-yə emissarlar göndərirdi”.
Ötən əsrin 20-ci illərinin sonunda Sovet İttifaqının Türkiyə ilə yaxınlaşma siyasəti Türkiyədə fəal siyasi fəaliyyət ilə məşğul olan Azərbaycan mühacirlərinin bu ölkəni tərk etməsi ilə nəticələndi. Rəsulzadə Türkiyənin rəhbərliyi altında Qafqaz mühacir hərəkatını canlandırmağa üstünlük versə də, lakin 30-ci illərin əvvəllərində türk hökuməti Sovetlərə qarşı mübarizə aparan siyasi mühacirlərin fəaliyyətini qadağan etdi. 1930-cu ildə Ankaraya gəlmiş SSRİ Xarici İşlər Komissarının müavini Levon Karaxan Baş Nazir İsmət Paşa ilə görüşdə Türkiyədə yerləşən Qafqaz mühacir təşkilatlarının antisovet fəaliyyətindən Sovet rəhbərliyinin narazılığını ifadə etdi. Bu söhbət hələ 1929-cu ildə Sovet Xarici İşlər Komissarı Maksim Litvinovun Ankaraya səfəri zamanı başlanmışdı. Danışıqların gedişində İsmət Paşa Türkiyədə Sovet İttifaqına qarşı mübarizə aparan Qafqaz və “rus ünsürlərinin” fəaliyyətinə son verilicəyini bildirdi. İsmət Paşa söz verdi ki, Türkiyədə Sovet İttifaqı üçün arzuedilməz sayılan bütün mühacir təşkilat və cəmiyyətləri ləğv ediləcəkdir. Eyni zamanda, 1931-ci ildə Xarici İşlər Nazirlərinin qarşılıqlı səfərləri zamanı 1925-ci ildə imzalanmış dostluq və neytrallıq haqqında türk-sovet müqaviləsinin müddətinin daha beş il müddətinə uzadılması haqqında razılıq əldə edildi. Bu məqsədlə 1931-ci ilin noyabr ayının 30-da Ankarada imzalanmış protokolun gizli maddəsinə görə, Türkiyə SSRİ-dən olan fəal siyasi mühacirlərin ölkədən çıxarılması haqqında öz üzərinə öhdəlik alır və Sovet İttifaqı əleyhinə yönəlmiş bütün təbliğat işlərinə son qoyulacağına təminat verirdi.
1932-ci ildə Baş Nazir İsmət Paşanın Moskvaya səfəri oldu. O, Stalin və Molotovla söhbətdə dedi ki, iki il bundan əvvəl Ankaraya səfər edərək SSRİ Xarici İşlər Komissarının müavini Levon Karaxan ona Türkiyədə məskunlaşmış rus millətçi ünsürlərin antisovet fəaliyyətindən şikayət etmişdi. O, zaman mən söz verdim ki, mümkün olan hər şeyi edəcəyəm və sözümü tutdum, fəaliyyət proqramı hazırladıq və Türkiyədə bu arzuolunmaz ünsürlərin tamamilə məhvinə nail olduq. Beləliklə, indi nə onu, nə Kamalı, nə də türk hökumətini nəinki açıq anti-sovet təbliğatına yol verməkdə, həm də hər hansı bir gizli təbliğat formasının himayə edilməsində qınamaq olmaz. Bu məxfi söhbət olan görüşdə İsmət Paşa xahiş etmişdi ki, Xarici İşlər Nazirləri Maksim Litvinov və Rüştü Aras danışıqlara buraxılmasınlar. Bu sövdalaşma dalğasında Türkiyəni tərk edənlərdən biri də Məhəmməd Əmin Rəsulzadə idi.
Cemil Hasanlı