KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Qazaxıstanda baş verənlər 1990-cı ilin Bakı, 1968-ci ilin Paraq, 1956-cı ilin budapeşt hadisələrinə çox oxşayır

Cemil Hasanlı: Qazaxıstanda baş verənlər 1990-cı ilin Bakı, 1968-ci ilin Paraq, 1956-cı ilin budapeşt hadisələrinə çox oxşayır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
283 0

Son günlər Qazaxıstanda baş verənlər 1990-cı ilin Bakı, 1968-ci ilin Paraq, 1956-cı ilin budapeşt hadisələrinə çox oxşayır. 1990-cı ilin 20 yanvarı ilə müqayisədə bir Lebed çatmır. Onu da yəqin Qusev əvəz edir. Sözüm onda deyil.

1990-cı ilin yanvarından sonra Şüvəlandan tutmuş Şubanı dağlarına qədər bütün xəstəxanalar yaralılarla dolu idi. Elmira xanım Muradəliyeva və Roza xanım Arazovanın başçılığı ilə ictiami qruplar yaradıldı. Onlar xəstəxanaları gəzib yaralıların böyük əksəriyyəti ilə görüşdülər. Harada, hansı şəraitdə, hansı dərəcədə yara almaları baradə müsahibələr apardılar, anketləri doldurdular. 20 yanvarda şəhid olmuş vətəndaşlar barədə məlumatlar tomlayan ictimai istintaq komissiyasından (Respublika Həmkarlar Təşkilatının binasında yerləşirdi) bəzi rəsmi və qeyri rəsmi məlumatlar, o cümlədən vidio çəkilişlər almaq mümkün oldu (onları Mehdi Məmmədov ala bilmişdi). Onları biz SSRİ Xalq deputatlarının həmin lin mart ayından açılacaq qurultayında nümayiş etdirmək istəyirdik.

Qurultayın açılışı ərəfəsində professor Eldar İsmayılov, tarix fakültəsinin əməkdaşı Mehdi Məmmədov, həmin dövrdə həbsdə olan Etibar Məmmədovun böyük qardaşı Eldar Məmmədov və mən Moskvaya yollandıq. Təəssüf ki, onların artıq üçü də həyatda yoxdur. İlk olaraq Moskvada Memorialın fəalları ilə görüşdük. Toplayıb çoxaltdığımız sənədlərin və lentlərin Rusiya insan hüquqları təşkilatları və SSRİ Xalq Deputatları arasında yayılmasını müzakirə etdik. Onlar bizi həmin vaxt elə də çox olmayan insan hüquqları təşkilatları ilə görüşdürdülər. Biz özümüz yanvar hadisələrindən sonra Bakıya gəlmiş deputat Çelışevlə görüşdük.

Bizi qurultayın keçirildiyi binaya buraxmadılar və materialların sessiya gedən binada paylanmasına izn vermədilər. Belə olduqda biz qərar gəldik ki, SSRİ Xalq deputatlarının böyük əksəriyyətinin qaldığı “Moskva” hotelində bir zal alıb axşam tədbir keçirək və hoteldə yaşayan deputatları ora dəvət edək. Müvafiq yer almaq üçün bizim deputatlar kömək etməyə qorxurdular. O zaman Eldar İsmayılovla Mehdi Məmmədov Qazaxıstandan olan deputat, məşhur qazax yazıçısı Oljas Süleymenovla görüşə bildilər. Oljas Süleymenov “Moskva” hotelində bir toplantı zalı alınmasında onlara yardımçı oldu və biz nəzərdə tutulan tədbiri keçirə bildik. Düzdür həmin vaxt demokratik blokda təmsil olunan rus deputatlarından başqa digər “Xalq” təmsilçiləri tədbirə gəlmədilər. Amma biz yanvar hadisələri ilə bağlı çoxaltdığımız sənədləri onların otaqlarına paylaya bildik. Bu gün Qazaxıstanda baş verən faciənin fonunda Oljas Süleymenovun bu tarixi xidmətini istər-istəməz xatırlamalı oldum.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir