KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Cemil Hasanlı: Putin ve NATO

Cemil Hasanlı: Putin ve NATO

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
369 0

Finlandiya və İsveçin NATO üzvü olmasında Putinin loyal münasibəti Rusiya üçün yaranmış əlverişsiz beynəlxalq şərtlərlə bağlıdır. Əslində Rusiya həmişə finləri təsir və təzyiq altında saxlamağa cəhd göstərmişdir. 1917-ci ilin dekabr ayının 31-də saat 23:58-də Finlandiyanın müstəqilliyi rəsmən tanınsa da Sovet Rusiyası, sonra isə Sovet İttifaqı müxtəlif yollarla onu məhdudlaşdırmağa çalışmışdır. 1939-1940-cı illərin Sovet – Fin müharibəsi Finlandiyanın Fin görfəzi rayonunda yerləşən ərazilərin 11 faizinin, iqtisadiyyatının 30 faizinin Sovetlər tərəfindən işğalı ilə nəticələndi. Bu müharibəyə görə Sovet İttifaqını 1939-cu ildə Millətlər Cəmiyyətindən qovdular.

Bu “qələbəni” qoruyuub saxlamaqdan ötürü Sovet İttifaqı İkinci Dünya Müharibəsindən sonra Finlandiya Kommunist Partiyasına gizli maliyyə yardımları göstərməklə Fin hökumətini daim təzyiq altında saxlayıb. SSRİ-nin dünya kommunist və sosialist ölkələrinə gizli pul yardımlarının siyahısı açıqlananda məlum olduğu ki, Sovet Siyasi Bürosunun gizli qərarları ilə 1946-cı ilin 1 noyabrında Finlandiya Komunist Partiyasına 5 milyon fin markası, 16 yanvar 1948-ci ildə 80 milyon fin markası, 17 fevral 1948-ci ildə 60 milyon fin markası, 17 may 1949-cu ildə 50 milyon fin markası, 31 oktyabr 1949-cu ildə 20 milyon fin markası, 13 mart 1950-ci ildə 100 milyon fin markası, 10 fevral 1952-ci ildə 69 milyon fin markası (300 min ABŞ dolları) gizli yardım göstərilmişdi. Bu yardımlar daha çox Finlandiyada keçirilən seçkilərdə kommunist partiyasının qələbəsini təmin etmək və ölkə hökuməti əleyhinə təbliğat aparmaq üçün verilirdi. Bu məqsədlə özləri ac olan ruslar arada İsveç kommunist partiyasında əl tuturdular. Məsələn, 6 aprel 1950-ci ildə xüsusi məqsədlərlə İsveç Kommunist Partiyasına 20 min İsveç kronu həcmində gizli maliyyə yardımı göstərilmişdi. Əlbəttə, Sovet hökuməti dağılana qədər bu “yardımlar” davam etdi və SSRİ-ni dağıdan amillərdən biri də bu səmərəsiz “yardımlar” idi.

Putin Rusiyası imperiya iddialarını elan etdikdən sonra keçmiş Rusiya müstəmləkəsi kimi Finlandiyanın narahatçılığı anlaşılandır. Finlər NATO-ya daxil olmaqla rus təhdidlərinə qarşı öz təhlükəsizliklərinə etibarlı təminat almaq istəyirlər.

P.S. Finlandiya və İsveç kommunist partiyalarına maliyyə yardımları göstərilməsi haqqında Sovet Kommunist Partiyasının Siyasi Bürosunun gizli qərarlarını şərh bölümündə qoyuram. Həmin qərarlar gizli olduğu üçün qara rəngdədir.

Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir