Həftədə 2-3 dəfə Whatsapp üzərindən söhbətləşirdik, xəbərləşirdik, zarafatlaşırdıq. Məndən xahiş etmidi ki, arxivdə, mətbuatda Nazim Hikmətlə bağlı nə görsəm ona göndərim. Dünən Axundov kitabxanasında “Literaturnaya qazeta”ya baxırdım. 1953-cü ildə Nazim Hikmətlə bağlı iki yazıya rast gəldim. Qəzetin 4 iyul və 17 oktyabr saylarında. Birinci yazı Nazim Hikmət Moskvada gəzintidə adlanırdı. Orada onun çox nadir bir fotosu verilmişdi. Hər iki yazını çəkib Mayis bəyə göndərdim, birinci yazını saat 14:17-də, ikinci yazını isə saat 14:29-da. Birinci dəfə idi ki, Mayisdən cavab gəlmədi. Sən demə…
Mayis Əlizadəni ötən əsrin 90-cı illərindən tanıyırdım. O zamanlar Mayis bəy Akademiyanın Ədəbiyyat İnstitutunda işləyirdi. Səhv etmirəmsə 1991-ci ildə “Kitabi Dədə Qorqudun” poetikası mövzusunda namizədlik dissertasiya müdafiə etmişdi. Mənim bu yaxınlarda Dədə Qorqud dastanının başına gətirilənlərlə bağlı sislsilə yazılarımı oxuduqca dərhal zəng edir, öz təəssüratlarını bölüşürdü.
Mayis bəy ötən əsrin 80-90-cı illərində Ədəbiyyat institutunda, ədəbi jurnallarda, “Yazıçı” nəşriyyatında, bütövlükdə ədəbi mühitdə baş vermiş hadisələrin şahidi olmuşdu və hətta “Azərbaycan” jurnalında Əkrəm Əylislinin partiya biletinin oğurlanmasına qədər məsələləri çox yaxşı bilirdi. Həmin dövrün işıqlı adamları haqqında onun maraqlı xatirələri vardı. Yaşar Qarayev, Əziz Mirəhmədov, Tofiq Hacıyev, Əkrəm Əylisli, Mövlud Süleymanlı (məlum olayla bağlı Əkrəm Əylisliyə münasibətdə tutduğu mövqeyə görə bir az incimişdi ondan), İsi Məlikzadə, İsa İsmayılzada, Natiq Səfərov, Kamil Vəli Nərimanoğlu, Azər Abdulla, Tofiq Abdin və digərləri haqqında böyük maraqla danışırdı. Biz Mayis bəylə demək olar ki, Səməd Qaraçöpün hər çıxan yeni şeirini müzakirə edirdik.
Ötən əsrin 90-cı illərindən başlayaraq keçirilən türk qurultaylarının hamısında Mayis bəylə birgə iştirak etmişdik. Türkiyənin harasında olmasından asılı olmayaraq qatıldığım bütün konfranslara, tədbirlərə özünü yetirirdi. 1997-ci ilin aprel ayının 4-də çox qarlı-çocğunlu bir gündə Türk milliyyətçi hərəkatının əvəzsis lideri Alp Arslan Türkeşin dəfnində birgə (Səlcuq Alkın da daxil) birgə iştirak etmişdik. Dəfn mərsaimindən sonra İstanbulda keçiriləcək türk qurultayına yollandıq. Çoxlu qar yağdığından Boluda avtobuslar hərəkət edə bilmirdi. Qarşıdakı lokantaya qədər bir neçə km yolu piyada getməli olduq.
Mayis Əlizadəni 1992-1993-cü illərin milli hökuməti Abbas Abdulla ilə birlikdə İstanbulda açılan Azərbaycan konsulluğuna ezam etmişdi. Bu konsulluğun qurulmasında onun böyük əməyi vardı. Hökumət devriləndən sonra Mayis bəy Azərbaycana qayıtmadı və İstanbulda qaldı, ömrünün qalan hissəsini Türkiyə ilə bağladı. Hərdən mənə elə gəlirdi o, Azərbaycanın birinci nəsil (1918-1920) diplomatlarının taleyini, onların ömrünün davamını yaşayır. Elə onlar kimi Mayis bəy də Azərbaycana qayıtmadı, amma Azərbaycan üçün hər şeyi etdi.
Mayis Əlizadə Güney sevdalısı idi, qəlbi Təbrizlə döyünürdü, oradan çoxlu dostları vardı. Özü maşınla Urmiyadan tutmuş Təbrizə qədər səyahət etmişdi. Təbrizdən duzlu məzəli söhbətləri vardı. Jurnalist fəaliyyətində Güneyə xeyli yer verirdi, Təbrizli dostu Cəfərağadan maraqlı söhbətlər edirdi.
Mayis bəy həyatının son illərini jurnalist fəaliyyəti ilə məşğul olurdu. “İndependet türk”, “Yeni çağ” və digər mətbuat orqanlarında tez-tez bir-birindən maraqlı yazıları çıxırdı, bir sıra türk televiziyalarında xüsusi ilə Rusiya ilə bağlı ekspert kimi çıxış edirdi. Yazıları, çıxışları çox maraqlı idi, peşəkarlıq baxımından etibar qazanmışdı. Mənimlə etdiyi müsahibələr də ara sıra qeyd edilən mətbuat orqanlarıda dərc edilmişdi. Bir dəfə biz Mayis bəylə birlikdə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə görüşdük. Haradasa saat yarımdan çox maraqlı söhbətimiz oldu.
Mayis gözəl tərcüməçi idi. Bir çox rus klassiklərinin və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini türk dilinə tərcümə etmişdi. Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsəri onun tərcüməsində Türkiyədə çox böyük maraq doğurmuşdu. Son illərdə böyük yazıçılarımız Çingiz Hüsenovun və Rüstəm İbrahimbəyovun əsərlərin türk dilinə tərcümə etmişdi. Rüstəm bəylə onu mən tanış etmişdim (şəxsi tanışlıq mənasında), əlaqələrin yaratmışdım. Onun tərcüməsində Rüstəmin “Bir Güney Kentinde” kitabı yazıçının vəfatından sonra nəşr olundu.
Mayis təmiz, gözütox, doğru-dürüst, həyat amalını vicdanın meyarı ilə cızan bir ziyalı idi. Onun itkisi, qəfil ölümü çox ağır oldu. Gözəl dost idi Mayis bəy. Türkiyəyə gedəndə hər zəhmətimiz çəkirdi, boynumuzda haqqı var. Hər kəsə kömək etməyə çalışırdı. İşi dara düşənlərin, xəstəxanaya gələnlərin, vətən həsrəti çəkənlərin ümid yeri idi Mayis. Son vaxtlar danışanda ürəyindən şikayət edirdi. Axır bir-iki ildə necə ağır itkilər verdik. Arif Acaloğludandan, Kamil Vəli Nərimanoğludan sonra Mayis Əlizadə də bu dünyadan köçdü. Hər üçü yeri görünən itkidir, Allah hər üçünə rəhmət eləsin.
Cemil Hasanlı