Adını sosial dövlət qoyub min bir oyunla insanların pensiyasını kəsir, əlillik dərəcəsini aşağı salır və ya sosial müavinətdən məhrum edirlər. Ən acınacaqlı vəziyyət isə son Qarabağ müharibəsində əlil olmuş, bədən əzalarını və əmək qabiliyyətini itirmiş vətəndaşlara münasibətdə tətbiq edilir. Müvafiq dövlət orqanları vətən torpaqlarının azad edilməsi uğrunda döyüşmüş, yara almış, əlil olmuş döyüşçülərə münasibətdə amansızcasına davranır. Görün 44 günlük müharibədə təsadüfən sağ qalmış Sahil Həsənli nə deyir? Müharibədə gözümün birini itirmişəm, döyüş zamanı sağ qulağım partlayıb, aldığım qəlpə zərbəsindən qarın boşluğumda partlama var, bədənimin bir tərəfi yanıb və sol qolum çiynimdən kəsilib. Müharibədə bu qədər ağır yara alıb bədən əzalarını, sağlamlığını itirmiş şəxsə Həkim Ekspertiza Komissiyası ikinci dərəcəli əllik verib. Bəs görən birinci əllik dərəcəsi hansı hala düşmüş insanlara verilir?
Əlbəətə, bu Həkim Ekspertiza Komissiyasının işi deyil, yuxarıdan, İlham Əliyevdən təlimat belədir. Məhz onun göstərişi ilə son aylarda 90 minə yaxın adamın pensiyası kəsilib və 17 mindən çox insanın əllik müvainəti dayandırılıb. Deyirlər guya rüşvətlə əlillik dərəcəsi verilib. Bu rüşvət də aşağıdan yuxarı əldən-ələ keçərək Əliyevlərin korrupsiya kassasına gəlib də. Axı, ölkədə toplanan rüşvətin, şəbəkələşən korrupsiyanın son ünvanı Əliyevlərin ailə xəzinəsidir.
Müharibədə əlini, qolunu itirmiş döyüşçülərin kəsilən qıçını, qolunu santmetrlə ölçüllər, dizdən aşağı, dirsəkdən aşağı qolu-qıçı kəsilmiş döyüşçülərə, əmək qabiliyyətini itirmiş ailə başçılarına əlillik dərəcəsi kütləvi şəkildə aşağı salınır, müxtəlif bəhanələrlə sənədləşməni aylarla yubadırlar, gözündən məhrum olmuş Qarabağ döyüşçülərinin, sadə vətəndaşların 4-5 ay növbədə gözlətdikdən sonra, aprelin 8-də qeydiyyata düşənlərə komissiya dekabr ayının 16-da qəbula gəlmək üçün talon paylayır. Dəhşətli mənzərədir. Şəhid olanların, müharibədə əlil olanların içərisində vəzifəli şəxslərin uşaqları, qohum-əqbərəsi demək olar ki, yoxdur. Məzlum millətin övladları canıyla-qanıyla torpaq azad edib, adam bunun hesabına “Müzəffər” olub, indi canı hesabına, bədən əzaları hesabına vətəni azad edənlərə əlillik dərcəsin də çox görürlər.
Cemil Hasanlı