Bu gün siyasi məhbus, saxta ittiham və şərləmə ilə həbs edilmiş Azər Qasımlının doğum günüdür. Onun 50 yaşı tamam olur və Azər bəy bu yubiley yaşını həbsxanada keçirir. Keçirir deyəndə ki, 50 yaşının tamamında adam cəzaçəkmə yerindədir.
Təəssüf doğuran bir mənzərədir. Ssenariləşdirilmiş saxta bir ittihamla, hədə-qorxu ilə tələb etmə maddəsi ilə tutublar Azər bəyi. Kimə hədə-qorxu gəlib, kimdən nə tələb edib? Cəmiyyət üçün sir xuda olaraq qalır. Tofiq Yaqubluya da rüşvət alma (həm də külli miqdarda) ittihamı ilə 9 il iş verdilər. Kim inandı buna? Son illər ölkədə hüquq böhranı yox, hüquq rüsvayçılığı baş alıb gedir və Azər Qasımlı da bu rüsvayçılığının cəzasını çəkir.
Azər bəyi çoxdan tanıyıram. Cəmiyyətin elə də böyük olmayan intellektual dairəsinə daxildir. Savadlı, ağıllı, mədəni bir ziyalıdır. Daim yenilik axtarır, xalqın, millətin, tərəfindən duran adamdır. Demokrartik dəyişikliklərin ardıcıl müdafiəçisidir. Publik çıxışlarında sözünün tənqid yükü tutumludur. Əslində onu obyektiv, tənqidi ruhlu çıxışlarına, siyasi mövqeyinə və düşüncəsinə görə tutublar. Qalanları quramadır, böhtandır, şərləmədir.
Azər bəy bizim regionda 3 təhsil sisteminin yetirməsidir. O, Bakıda parallel olaraq iki universiteti fərqlənmə diploma ilə bitirib, Türkiyənin İzmir Ege Universiteti və İstanbul Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi qazanıb, Moskva Lomonosov adına Universitetdə siyasət üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Onun biliyindən, təhsilindən, təcrübəsindən yararlanmaq əvəzinə torba tikib həbsxanaya atıblar. İndi bizim DİN kustar üsulu ilə torba tikən böyük bir sexə çevrilib.
Xalq Şairi Qabilin “Səhv düşəndə yerimiz” adlı bir şeiri vardı. İndi bu ölkədə çoxlarının yeri səhv düşüb. Yeri səhv düşənlərdən biri də Azər Qasımlıdır. Onu 50 yaşı münasibəti ilə təbrik edir, haqsızlığa qarşı dözüm arzulayırıq. Allah işinə fərəc versin. Xalq Şairi Vaqif Səmədoğlu görəndə ki bu ölkə Allahın da nəzərindən düşüb “Mən burdayam, İlahi!” silsiləsini yazdı.
Cemil Hasanlı