KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: COP29 və siyasi məhbuslar

Cemil Hasanlı: COP29 və siyasi məhbuslar

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
14 0

Sıra nömrəsindən asılı olmayaraq, ümumdünya COP tədbiri yalnız iqlim dəyişikliyinə deyil, həm də humanizmə xidmət edən bir aksiyadır. COP keçirən ölkədə siyasi məhbus ola bilməz, COP keçirən ölkə insan haqlarına hörmət etməlidir.

COP keçirən ölkə siyasi azadlıqlara sayğı ilə yanaşmalıdır. İlham Əliyevin idarəçiliyi dövründə yarım-azad ölkədən qeyri-azad ölkəyə çevrilmiş Azərbaycanda COP keçirmək “COP-u da”, “azadlıq” anlayışlarını da ələ salmaqdır.

Ölkədə 319 nəfər siyasi məhbus var. Əslində isə siyasi mülahizələrlə həbs edilənlərin sayı bu rəqəmdən xeyli çoxdur. Əlləri şikəst olan Famil Xəlilov uydurma narkotik maddə satışı ittihamı ilə tutulub və uzun aclıq aksiyası keçirdiyindən ölüm ayağındadır.

İstanbulda həbs edilərək Bakıya gətirilmiş iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil Qasımovun uzunmüddətli həbsdən sonra quru sümükləri qalıb.

Professor Qubad İbadoğluna qarşı saxta ittihamlara bu günə qədər xitam verilməyib. Heç bir əsas olmadan o, polis nəzarətində saxlanır. Bu günlərdə o da həbsxanaya yerləşdirilib. Həyatı təhlükə altındadır.

Ekoloji tədbir keçirən ölkədə Nazim Bəydəmirli kimi ekologiya məhbusu var.

Həm cəmiyyətə, həm təbiətə münasibətdə ölkənin ən nümunəvi, ən doğru-dürüst şəxsiyyəti Tofiq Yaqublu dələduzluq ittihamı ilə mühakimə edilir.

Ölkənin əsas müxalifət partiyası kimi Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan 12 nəfər cəbhəçi tamamilə uydurma ittihamla həbs edilib. Belə saxta ittihamla həbs edilən Əlizamin Salayev siyasi məhbusların azad edilməsi tələbi ilə aclığa başlayacağının anonsunu verib.

Niyamədiin Əhmədov, Elxan Əliyev, Aqil Hümmətov, Razi Alışlı, Şahin Hacılı, Mütəllim Orucov, Sahib Məmmədzadə, Pünhan Kərimli, Mehman Əliyev, Elbəy Həsənov, Elbəy Kərimli və digərləri neçə illərdir bu saxta ittihamların qurbanına çevrilib.

Niyaməddin Əhmədov Qarabağ müharibəsinin iştirakçısı olub, Sahib Məmmədzadə əkin-biçinlə məşğul olan zəhmətkeş bir adam idi. Halal əməyi ilə dolanırdı. Cəbhəçi olduğu üçün ona torba tikdilər. Torbanın da içinə narkotik qoyub onu tutdular.

Əfqan Sadıqov Tbilisidə ölüm ayağındadır. Rza Səfersoy uydurma silah saxlamaq ittihamı ilə tutulub.

Partiyanın sədri Əli Kərimliyə qarşı da saxta bir ittiham irəli sürülüb və əslində müxalifət partiyasının lideri COP29-un girovuna çevrilib.

Abzas Media, Toplum TV, Üçüncü Respublika Platformasının rəhbərləri də tamamilə saxta, qurama ittihamlarla 10 aydan çoxdur Kürdəxanıda saxlanılırlar. Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Ülvi Həsənli, Hafiz Babalı, Məhəmməd Kekalovu bu günə qədər absurd ittihamlarla həbsdə saxlayırlar. Onlar yalnız cəmiyyətin yox, ekoloji təhlükəyə çevrilmiş Söyüdlü hadisəsinin də operativ informasiyasını vermişdilər.

Toplum TV-dən Ələsgər Məmmədlinin həbsi heç bir hüquqi anlayışa sığmır. Akif Qurbanov da, Ruslan İzzətli də eləcə.

Qaçaq-quldurun idarə etdiyi ölkədə Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə tutulub. Gənc diplomat Emin İbrahimov xuliqanlıq ittihamı ilə tutulub, “Azadlıq” radiosunun iqtisadçı jurnalisti Fərid Mehralızadənin nə üstündə tutulduğu məlum deyil. Afiyəddin Məmmədov və İşçi Masası Həmkarlar Konfederasiyasının digər üzvləri narkotikə bulaşdırılıb.

Hüquq müdafiəçisi İlhamiz Quliyev ötən il dekabrın 4-də kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamı ilə şərlənib. İctimai fəal Bəxtiyar Hacıyevə qarşı “pişik prosesi” keçirilir, Əvəz Zeynallı saxta hökmün qurbanı olub.

İslamçılar kütləvi təqib olunur. Ən çox siyasi məhbus inanclı vətəndaşlardandır. 3 həftə əvvəl həbsdən çıxmış Əhsən Nuruzadə yenidən saxlandı və haqqında “cinayət” araşdırması başlandı. Hacı Taleh Bağırzadə, Abbas Hüseyn və digər Nardaran məhbusları, narkotik ittihamı və digər saxta ittihamlarla həbs edilən islamçılar illərdir günahsız həbs həyatı yaşayırlar.

21 jurnalist COP29 ərəfəsində həbsdədir. Görünür, COP29-la həmqafiyə olmaq üçün Əliyev onların sayını da 29-a çatdırmaq istəyir. Bu qədər siyasi məhbusu, işgəncə laboratoriyası olan ölkədə COP29 keçirmək tək təbiətin deyil, cəmiyyətin də ələ salınmasıdır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir