KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Bilirsiniz Stalin Şərqi Türkistanı niyə ələ keçirmək istəyirdi?

Cemil Hasanlı: Bilirsiniz Stalin Şərqi Türkistanı niyə ələ keçirmək istəyirdi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
289 0

Onun səbəblərini bilmək üçün Urumçidəki Sovet konsulu Qaregin Apresov 1934-cü ilin aprel ayının 16-da Moskvaya – Stalin, Molotov və digər Sovet rəhbərliyinə göndərdiyi bu teleqramla yaxşı tanış olmaq lazımdır. Qızıl, gümüş, mis, platin, neft, qalay, dəmir, civə ilə zəngiz idi Şərqi Türkistan.

Bu Qaregin Apresov Azərbaycanda doğulmuş erməni idi və türk dilini də yaxşı bilirdi. 1917-1918-ci illərdə Lənkərandakı qanlı hadisələrdə erməni-daşnak hərbi birliklərinin tərkibində xidmət etmişdi. 1918-də Bakı XKS-nin ərzaq idarəsinə də rəhbərlik etmişdi.
Sovet hakimiyyəti qurulandan az sonra Sovet Azərbaycanının Ədliyyə komissarının müavini işlədi. 20-ci illərdə bir müddət Rəştdə və Məşhəddə Sovet konsulu işləyəndən sonra Stalin onu 1927-ci ildə SSRİ Xarici İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi kimi yenidən Bakıya göndərdi.

1930-1933-cü illərdə Orta Asiyada işlədikdən sonra, 1934-cü ilin aprel hadisələrindən sonra onu Şərqi Türkistana konsul göndərdilər. Bu teleqramı da Apresov Urumçidən göndərib. Həmin vaxt Stalin Şərqi Türkistan Türk İslam Respublikasının (1933-1934) dağıdılmasında yaxından iştirak etdi. İlk dəfə olaraq Qırmızı ordunun şəxsi heyəti ağ rus ordusunun formasını geyib uyğurlara qarşı vuruşdu və Çinli general Şen Şisayı hakimiyyətə gətirdi. Bununla da Sincan Sovetlərin nəzarətinə düşdü.

Şen özünü Urumçidə Stalinin kölgəsi (həm də köləsi) hesab edirdi, hətta 1935-ci ildə Urumçiidə “Beynəlxalq imperializmə qarşı mübarizə mərkəzi” yaratmışdı və Şərqi Türkistan onun idarəçiliyi dövründə Mərkəzi Çin Hökumətindən daha çox Moskvaya tabe idi. Stalinin Şərqi Türkistanı çinləşdirmək planının əsas icraçısı idi. Şen 1934-cü ildə hakimiyyətə gələndə Şərqi Türkistan əhalisinin 5 faizi çinli idi. Stalin bunu 20 faizə qaldırmaq göstərişi vermişdi.

Maraqlıdır 30-cu illərdə Sovet İttifaqında gedən repressiyalar Şərqi Türkistanda da baş verdi. Teleqramda Duban kimi adı çəkilən elə Şen Şisaydır. O Sincandakı bütün uyğur və qazax fəallarını Trotskçi adı ilə məhv edir, Trotskizmə qarşı barışmaz mübarizəsi ilə Stalinin etimadını qazanmaq istəyirdi. Yalnız 30-cu illərin ortalarında Şərqi Türkistanda Trotskçi, nasional uklonist, dversiyaçı, üsyançı və sair adlarla 16 min uyğur güllələnmiş, 80 min isə həbs etmişdi. Hətta Apresovun da Trotskiçi olması barədə Şen Stalinə gizli məktub göndərmişdi və bu məktub əsasında o, 1937-ci ildə həbs edilmişdi. Şeni hətta 1938-ci ildə gizli şəkildə Moskvada Sovet Kommunist Partiyasına üzv də qəbul etdilər. Bu nizamnamə pozuntusu olsa da Stalin buna getdi. Bolşevik bileti Şenə Çin kommunistlərindən müdafiə olunmaq üçün lazım idi. 1941-ci ilin yanvar ayında Şen Stalinə məktub göndərdi ki, Sincanı 16-cı Sovet respublikası kimi SSRİ-nin tərkibinə daxil etsin və onu da Sincan SSR-in Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin etsin. Lakin az sonra müharibə başladı və vəziyyət dəyişdi.

Alman ordusu Stalinqradı tutanda Şen Stalinə xəyanət elədi. 1943-cü ildə Stalin də cəzalandırmaq qərarına gəldi. 1944-cü ildə Çinə səfər edən ABŞ vitse-prezidenti Henry Wallace Çan-Kay-Şiyə məsləhət verdi ki, Sovet-Çin münasibətlərin normallaşdırmaq üçün Şeni Urumçidən uzaqlaşdırsın. Belə də oldu. Elə həmin il 50 maşın karvanı (ton yarım qızıl daxil olmaqla) ilə o, 10 il ərzində Şərqi Türkistanda taladığı sərvəti də götürüb Urumçini tərk etdi.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir