2024-cü ilin sentyabr ayının 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı Milli Şuranın bəyanatı
2024-cü il, sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Ilkin saxta nəticələr artıq elan edilib. Ölkədə siyasi repressiya və qadağaların hökm sürdüyü, demokratik fəaliyyət azadlıqlarının boğulduğu, müstəqil medianın sıradan çıxarıldığı, seçki ilə bağlı minimum rəqabət şərtlərinin olmadığı, əsassız olaraq oktyabr ayının 1-nə qədər uzadılmış karantin şəraitində sərbəst toplaşmaq azadlığının və xalqla açıq, sərbəst ünsiyyət imkanlarının məhdudlaşdırıldığı, seçki komissiyalarının hakimiyyətin total nəzarətində olduğu, müstəqil seçki müşahidəsinin olmadığı şəraitdə təyin edilmiş bir seçkidə xalqın öz iradəsini ifadə etməsinə hər hansı imkan ola bilməzdi və olmadı da. Seçicilərin xeyli hissəsinin qonşu ölkələrdə yaşadığı şəraitdə 4 il 6 ay müddətində quru sərhədlərin bağlı saxlanılması izsiz ötüşməmişdir.
Milli Şura ilk öncə bəyan edir ki, sentyabr ayının 1-nə növbədənkəanar parlament seçkisi təyin edilməsi konstitusiyaya zidd addım olmuşdur. Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilmişdir. Lakin hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmamayıb. COP-29 və ya digər hər hansı beynəlxalq tədbir növbədənkənar parlament seçkiləri təyin edilməsi üçün əsas ola bilməz və ya president öz səlahiyyətlərin aşaraq istənilən vaxta seçki təyin edə bilməz. 1 sentyabr seçkilərinə münasibətdə bu konstitusyon müddəa kobud şəkildə pozulmuşdur.
Milli Şura bütün bu problemləri nəzərə alaraq, seçki kampaniyasının əvvəlində tələb etdi ki, seçkidə iştirak üçün seçki mühiti demokratikləşdirilsin və rəqabət imkanları yaradılsın. Ancaq İlham Əliyev hakimiyyəti bu dəfə də seçkiləri saxtalaşdırmaqla öz ömrünü uzatmaq ənənəsinə sadiq qalaraq bu tələblərə məhəl qoymadı, nəticədə Milli Şura saxta seçkiləri boykot qərarı verməli oldu. Təəssüf ki, hakim rejimin maraqlarına uyğunlaşdırılmış seçki qanunvericiliyinin dəyişdirilməsi, ədalətli və rəqabətli seçki mühitinin yaradılması istiqamətində heç bir addım atılmadı və uzun illər ərzində Venesiya komissiyasının seçki demokratiyasının təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflərin heç biri qəbul edilmədi.
Ölkədə 125 seçki dairəsi olduğu halda, 303 siyasi məhbus var. Hər dairəyə orta hesabla 2,42 siyasi məhbus düşür. Onların əksəriyyəti potensial namizədlər ola bilərdi. Siyasi məhbuslardan 20 nəfəri, o cümlədən ötən seçkilər zamanı karuselləri, topa bülleten atılması, müxtəlif seçki saxtakarlığını izləməkdə böyük təcrüvbəsi olanlar jurnalistlərdir. Uzun illər ərzində ölkənin ən etibarı seçki monitorinqi aparan, bu istiqamətdə yerli və beynəlxalq aləmdə böyük etibar qazanmış Havel mükafatı laureatı Anar Məmmədli seçki öncəsi saxta ittihamla həbs edilərərək seçki prosesindən təcrid edilib. Ölkənin ən peşəkər media hüquqları üzrə mütəxəssisi Ələsgər Məmmədli seçki öncəsi əsassız qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Seçki saxtakarlığına qarşı social mediada zəngin mübarizə təcrübəsi olan Tofiq Yaqublu ssenariləşdirilmiş bir əməliyyat nəticəsində 8 aydan çoxdur həbs həyatı yaşayır.
Hakimiyyət istisnasız olaraq Azərbaycanda bütün seçkiləri müşahidə etmiş Avropa Şurasını bu dəfə nədənsə seçki müşahidəsinə buraxmadı və AŞPA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoydu.
Milli Şura bildirir ki, real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirilən seçki kampaniyasına heç bir ictimai diqqət göstərilməyib və cəmiyyət bu prosesdə hər hansı şəkildə iştirak etməyib. Bir çox dairələrdə icra hakimiyyətlərinin təşkilatçılığı və göstərişi, dövlət müəssisələrində çalışanların iştirakı ilə hakimiyyətin Milli Məclisə təyin edəcəyi öncədən bəlli olan namizədləri üçün görüşlər keçirilsə də, bu cür tədbirlərin seçici marağı və vətəndaş iştirakçılığı ilə heç bir bağlılığı olmayıb. Əksinə, sosial şəbəkələrdən göründüyü kimi, hakimiyyətin inzibati resurslardan istifadə edərək insanları məcburi qaydada hakimiyyətin deputat təyin edəcəyi namizədlərin görüşünə gətirməsi haqlı olaraq cəmiyyətdə narazılıqla qarşılanıb. 1 sentyabr seçkilərində müşahidə edilən ən zərərli hallardan biri bir sıra dairələrdə deputat yerlərinin vərəsəlik qaydasında ötürülməsi olub.
Seçkiyə qatılanların əksəriyyətinin namizədliyi saxta rəqabət görüntüsü yaratmağa xidmət etdiyindən, onların prosesdə iştirakı da formal xarakter daşıyıb. Bu seçkidə nəticələr öncədən bilindiyi üçün əksər dairələrdə Milli Məclisə hakimiyyət tərəfindən təyin olunacaq namizədlər də hər hansı seçki kampaniyası aparmağa, insanların səsini qazanmağa cəhd etməyiblər. Ona görə də ötən iki ay ərzində ölkədə seçki kampaniyasının keçirildiyi hiss olunmayıb. Kim tərəfindən dəvət edildiyi məlum olmayan “Oracle Advisory Group” ekzitpol təşkilatı sırf formal xarakter daşımış, hakimiyyət orqanları ilə ortaq işləmiş, özünün realliqla heç bir əlaqesi olmayan saxta nəticələrini MSK-nın saxta nəticələrinə uyğunlaşdırmışdır. Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyər və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur.
Səsvermə prosesi də eyni qaydada, öncədən müəyyən edilmiş nəticələri rəsmiləşdirmək, xalqın adından istifadə edərək heç bir legitimliyi olmayan Milli Məclisi təyinat əsasında formalaşdırmaq məqsədi daşıyıb. Namizədlərin irəli sürülməsi mərhələsində və təbliğat -təşviqat dövründə hər hansı siyasi fəallıq olmadığı üçün səsvermə prosesinə də insanlar inamsız yanaşıb, məntəqələrə getməyə maraq göstərməyib. Seçki komissiyalarının tərkibinin tamamilə hakimiyyət tərəfindən təyin edildiyi və səsvermə prosesində müstəqil müşahidəçilərin iştirak imkanlarının olmadığı şəraitdə 1 sentyabrda kecirilən səsvermə prosesi də əvvəlki seçki saxtakarlıqlarından daha bərbad olmuşdur, saxtakarlıq açıq xarakter daşımışdır. Seçkiyə marağın olduğu görüntüsü yaratmaq üçün icra orqanlarının nəzarətində olan idarə, müəssisə və təşkilatlardan çoxlu sayda süni namizədlər irəli sürülüb. Ölkənin kütləvi informasiya vasitələri seçki prosesindən uzaq saxlanılıb. Seçki prosesinin siyasi aktivliyin aşağı olduğu iyul-avqust aylarına təyin edilməsi seçici fəallığının kəskin şəkildə aşağı düşməsinə xidmət edib. İcra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi adi hal alıb. Onların inzibatı resursların hakimiyətin namizədləri üçün səfərbər etməsinə dair çoxsaylı faktlar mövcuddur. 1 sentyabr növbədənkənar seçkiləri də əvvəlki Məclis seçkilərdə olduğu kimi əvvəlcədən tərtib edilmiş deputat siyahısı üzrə keçirilmişdir.
Səsvermə günü karusel əməliyyata, topa bülletenlərin atılması, bir adamın bir neçə yerdə səs verməsi, media nümayəndələrinin bir çox məntəqələrə buraxılmaması hallarə barədə social meddiada çoxsaylı video materiallar yayılıb. “Azadlıq” radiosu (link şərh bölümündə), BBC (link şərh bölümündə) , Meydan.TV (link şərh bölümündə) və digər tanınmış mətbuat orqanları seçki saxtakarlığı barədə kütləvi video materiallar yayıb. Bəzi jurnalistlər və müşahidəcilər inzibatı təzyiq və hədələrlə məntəqələrdən uzaqlaşdırılıb. Seçki prosesinin işıqlandırılması ilə bağlı peşəkar təcrübəsi olan Abzas Medi, Toplub TV, Kanal 13-ün jurnalistləri saxta ittihamlarla həbs edilərək seçki prosesindən təcrid ediliblər.
Milli Şura bəyan edir ki, 1 sentyabrda Azərbaycanda Milli Məclisə keçirilən seçkilərə seçicilərin əksəriyyəti qatılmayıb, səsverməyə gələnlər isə inzibati resurslardan istifadə olunaraq bu prosesə cəlb olunub. 1 sentyabr seçkilərində seçicilərin iştirak faizi MSK-nın bəyan etdiyi (37 faizdən bir qədər artıq) rəqəmlərdən kəskin şəkildə fərqlənir və iştirak faizi son dərəcə aşağı – 10 faizin aşağısında olmuşdur. Məntəqələrdə səsvermənin protokolları onu tələb edən müşahidəçilərə verilməmişdir. Sözün tam mənasında xalq 1 sentyabr növbədənkənar seçkiləri boykot etmişdir. Belə bir şəraitdə keçirilən, nəticəsi öncədən bəlli olan saxta seçki prosesi mənbəyi Azərbaycan xalqına aid olan hakimiyyətin növbəti dəfə mənimsənilməsi və xalqın azad, demokratik qaydada öz hakimiyyətini seçmək hüququndan məhrum edilməsidir. Milli Şura bu saxta seçki nəticələrini Azərbaycan xalqının iradəsini əks etdirmədiyi üçün qəbuledilməz sayır və xalqımızı saxta seçki nəticələrinə qarşı, yeni demokratik seçkilər keçirilməsi uğrunda fəal mübarizəyə çağırır.
Milli Şura beynəlxalq birliyə müraciət edərək Azərbaycan xalqının seçib-seçilmək hüquna və universal demokratik dəyərlərə hörmətlə yanaşmağa, saxta seçki nəticələrini tanımamağa, İlham Əliyev hakimiyyətinin öz xalqına qarşı həyata keçirdiyi saxtakarlıq prosesini pisləməyə çağırır. Azərbaycanda avtoritar rejimin saxtakarlığına hər hansı loyal, birmənalı olmayan münasibət ölkəmizin demokratikləşməsinə, Qərbə inteqrasiya prosesinə mane olur, insan hüquq və azadlıqları ilə bağlı Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərə əməl edilməməsinə zəmin yaradır. Ona görə də Milli Şura olaraq 1 sentyabr saxta seçki nəticələri ilə bağlı beynəlxalq birliyi daha prinsipial və obyektiv olmağa səsləyir.
Cemil Hasanlı