KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Azərbaycanda hakimiyyət çevrilişi hazırlaması haradan qaynaqlanır

Cemil Hasanlı: Azərbaycanda hakimiyyət çevrilişi hazırlaması haradan qaynaqlanır

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
302 0

Dünən hər şey bəlli oldu. Son iki-üç həftə ərzində “rəngli” inqilablar şousu səbəbsiz deyilmiş. Avtobus öncüllərin və yandaş mediyanın qələmə sarılması, siyasi sayıqlıq nümayiş etdirməsi, üç qitənin böhran təcrübəsindən örnəklər gətirməsi, Venesueladan vurub Boliviyadan çıxması, Sudandan girib Belarusiyadan zühur etməsi dünən imzalanan Moskva Bəyannaməsinə bəraət qazandırmaq, zərurət donu geyindirmək üçün imiş. Avtobus Mirzələrinin Qazaxıstan ssenarisindən əndişələnməsi, NATO, NED, Soros “təhlükəsini” tirajlaması, Aİ və Dövlət Departamentinin guya Azərbaycanda hakimiyyət çevrilişi hazırlaması haqqında haray həşiri də buradan qaynaqlanırmış. TIR böhranının bu çevrilişin anonsu kimi təqdim edilməsi səbəbsiz deyilmiş. Dünənəcən bizi Rusiya ilə birləşib ölkədə sabitliyi pozmaqda, xaos yaratmaqda ittiham edənlər Moskva bəyannaməsini “publik diplomatiyanın” qələbəsi hesab edir, onu ölkəmizin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına, daxili işlərinə qarışılmamasına təminat hesab edir.

Doğrudanmı bu belədir?

Əslində, Rusiyanın istənilən “təhlükəli” məqamda Azərbaycana ordu yeritməsinə zəmin hazırlamaq lazım idi. Belə də oldu. Fevral ayının 22-də bütün gizlinlər aşkarlandı. Fevralın 21-də Prezident və birinci-vitse-prezident xalqdan gizlin, heç bir məlumat vermədən Moskvaya təşrif buyurdular və Əliyev Kremldə Rusiya vassallığını rəsmiləşdirdi. Azərbaycanın suverenliyi ən yüngül formada desək məhdudlaşdırıldı. İndi Azərbaycan Rusiyanın başının üstündən bircə addım belə ata bilməz, atdığı bütün addımlarda Azərbaycanın yox, Rusiyanın milli maraqlarını göz önünə almalıdır. İstənilən 3-cü ölkəyə gedən yol Rusiyadan keçməlidir. Bəyannamə digər yolları qapadır. Ən başlıcası Avropa Birliyinə gedən yol qapadılır.

Bu Bəyannamə Azərbaycanın istənilən addımına münasibətdə Rusiyaya nəzarət hüququ, beynəlxalq terminlə desək “Veto” hüququ verir. İndi ölkə məhdud saylı, müvəqqəti rus hərbi kontingenti ilə deyil, hər an ölkəyə müdaxilə edə biləcək rus ordusu, rus işğal gücləri ilə üz-üzə dayanır. İndi heç KMT-nin üzvü olmağa da ehtiyac qalmadı. Bəyannamədə qeyd edilir ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə məqsədilə tərəflər bir-birinə hərbi yardım göstərirlər. Nə nəzəri, nə praktiki baxımdan Azərbaycan belə bir gücə və real imkana malik deyil, deməli söhbət Rusiyanın Azərbaycana müdaxiləsi üçün “hüquqi” əsaslar yaradılmasından gedir.

29 il əvvəl böyük qurbanlar bahasına Azərbaycandan çıxarılmış rus ordusu istənilən vaxt ölkədə zühur edə bilər. Bəyannamə əsasında Rusiyaya verilən imtiyazın mənası və məzmunu bundan ibarətdir. Azərbaycan istənilən 3-cü ölkə, nəinki ABŞ, Qərb ölkələri, heç Türkiyə və Pakistanla da özünün istədiyi kimi, öz maraqlarının tələblərinə uyğun deyil, Rusiyanın istədiyi kimi, Rusiyanın cızdığı limit üzrə hərəkət etmək öhdəliyini götürdü. Rusiya Belarus İttifaq müqaviləsi, Qazaxıstan hadisələrindən, DXR və LXR-in tanınmasından sonra, Moskva Bəyannaməsi Rusiyanın MDB məkanında jandarm rolu oynamasını rəsmiləşdirən yeni bir diplomatik müstəvidir.

Eyni gündə qəribə hadisə baş verir. Kremldə müttəfiqlik sazişi imzalanır, Smollenski meydanda yerləşən Rusiya XİN 1828-ci ilin fevralın 22-də imzalanmış Türkmənçay müqaviləsini Bəyannamədə tez-tez təkrar edilən 3-cü dövlətin xeyrinə təftiş edir və müqavilədə olmayan “Şərqi Ermənistan” ifadəsini təzə tarixdə köhnə mətnə əlavə edir. Elə buradan da aydın olur ki, Bəyannamədə tez-tez vurğulanan 3-cü dövlət məhdudiyyəti Azərbaycana aiddir, Rusiyaya yox.

Bundan əlavə, bu yaxınlarda Azərbaycan elan etmişdi ki, öz ordusunu NATO üzvü olan Türkiyə standartlarına uyğun yenidən qurur. Moskva Bəyannaməsindən sonra bu hüquq Azərbaycandan yox, Rusiyadan asılı vəziyyətə düşür. Yəni Rusiya icazə versə olacaq, verməsə yox. Bəyannamənin ən aşağılayıcı maddəsi dünyanın aktual problemlərinə münasibətdə Azərbaycanın Rusiyanın ağzı ilə danışması maddəsinin salınmasıdır. Belə diplomatik təcrübə 30-cu illərdə sınaqdan keçmişdi. Hitler Sudeti ilhaq edəndən sonra öz əlaltısına çevirdiyi Şərqi Avropa və Balkan rejimlərinə onun dili ilə danışmağın müqavilə öhdəliklərini qəbul etdirmişdi. Bu o deməkdir ki, Azərbaycan öz xarici siyasətini Rusiyanın maraqlarına tabe edir və o ayağını Putinin cızdığı dairədən bircə addım da kənara qoya bilməz.

Eyni məhdudiyyətlər yalnız xarici siyasi əlaqələrə deyil, iqtisadi və hərbi əlaqələrə də aiddir. Məsələnin ən alçaldıcı və utancverici tərəfi isə Ukraynanın ərazi bütövlüyünə qəsd edildiyi saatlarda Əliyevin beynəlxalq təcridlə qarşılaşmış Putinin yanında dayanması, onu tək qoymaması, ona sözlə ifadə olunmayan dəstəyini nümayiş etdirməsi idi. Nə yazıq ki, bu baş verdi.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir