Həmin sənəd qarşılıqlı müttəfiqlik yox, vassallıq Bəyannaməsidir”
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli rəsmi Bakının 2022-ci il fevralın 22-də İlham Əliyevlə Vladimir Putinin imzaladığı “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədən imtina etməsini vacib sayır.
Cəmil Həsənlinin fikrincə, həmin sənəd qarşılıqlı müttəfiqlik yox, vassallıq Bəyannaməsidir.
43 maddədən ibarət olan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcazüzündən 2 gün əvvəl imzalanıb.
Sənəddə tərəflərin bir-birinin qarşısında öhdəlik götürdüyü qeyd olunub. Amma sənədin bir sıra maddələri müxalifət və bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
“Azərbaycanın suverenliyini məhdudlaşdırdılar”
Cəmil Həsənli Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi haqda rəsmi informasiyanın yayılması, ardınca Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması fonunda Bəyənnaməni Meydan TV-yə şərh edib.
O hesab edir ki, sənədin 6-7 maddəsi Azərbaycanın suverenliyini məhdudlaşdırır:
“Əvvəla, rus hərbi kontingentinin Qarabağdan çıxması ilə bağlı hökumət mediası, dövlətin təbliğat qurumları və yandaş mətbuat qələbə eyforiyası yaratmaq istəyir. Bəs Rusiya hərbi kontingintini kim gətirmişdi ölkəyə? 28 il əvvəl Azərbaycanı tərk etmiş rus ordusunu yenidən kim qaytarmışdı? Bilirsiniz, vaxtı ilə kommunistlərin “maraqlı” bir iş metodu vardı: əvvəlcə problem yaradırdılar, sonra da onu “uğurla” həll edirdilər. Rus hərbi kontingentinin Azərbaycana gətirilməsi anti-konstitusion idi. İlham Əliyev səlahiyyətlərini aşaraq buna razılıq vermişdi. Rus hərbi hissələri Azərbaycana girməklə bizim ölkənin ərazilərinin bir hissəsində Azərbaycanın suverenliyini məhdudlaşdırdılar”.
“Qələbə deyil, buraxılmış səhvin düzəldilməsidir”
“Vaxtı ilə Tərtər Kəlbəcər yolunu Azərbaycanın üzünə bağlayan elə həmin hərbi kontingent deyildi? Nə qədər böyük əlavə xərc hesabına Ömər aşırımından Kəlbəcərə ikinci yol çəkildi. Yəni bizim öz ərazimizdə azad hərəkət etmək hüququmuza bu ordu tərəfindən “stop” qoyulmuşdu. Belə misallar çoxdur. Ona görə rus hərbi kontingentinin Qarabağdan çıxmasını qələbə eyforiyasından çox vaxtıyla buraxılmış səhvin düzəldilməsi kimi baxmalıyıq. İkincisi, biz bilmirik bu “gedişin” arxasında nə dayanır? Rusiya tərəfinə nə vəd olunub? Ona görə də Əliyevin aprelin 22-də Moskva səfərini gözləyək. Həm də unutmayın ki, dünənə qədər Azərbaycan rəsmiləri həmin hərbi kontingentdən Xocalı ətrafında minatəmizləmə işində istifadə ediləcəyini deyirdi. Amma bütün hallarda çıxmaları mütərəqqi prosesdir”, – deyə Həsənli vurğulayıb.
“Belə sənədləri II Dünya müharibəsi ərəfəsində faşist Almaniyası öz vassalları ilə imzalayırdı”
2022-ci ili fevralın 22-də imzalanmış Bəyannaməyə gəlincə, Milli Şura sədri sənəddə Azərbaycanın suverenliyini, müstəqil siyasət yeritmək hüququnu məhdudlaşdıran bir sıra məqamların olduğunu deyir:
“Məsələn, 16-cı maddədə qeyd edilir ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər. Axı vaxtilə Sovet qoşunları “sülhün və sabitliyin qorunması” adı altında Əfqanıstana girmişdi. SSRİ məhz “təhlükəsizliyin təmin edilməsi” adı altında 1921-ci ilin 28 fevral müqaviləsinin 6-cı maddəsi 70 ilə yaxın İranı təhdid altında saxladı. Bu məsələdə rus polittexnoloqları böyük təcrübəyə malikdirlər. Bu maddənin açması nədir? Sənədi imzalamış tərəflərin hansısa birində qeyri-sabitlik, yəni mövcud hakimiyyətlər üçün təhlükə yaranarsa, hərbi qüvvə, güc tətbiq etməklə tərəflər bir-birinə yardım göstərməyi nəzərdən keçirə bilərlər. Bir anlığa təsəvvür edin ki, Rusiyada sabitlik pozulur, Azərbaycan qeyri-sabitliyin aradan qaldırılmasında hansı formada iştirak edə bilər?! Faktiki olaraq, bunun mexanizmi yoxdur”.
“Bu maddənin mənası ondan ibarətdir ki, “təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması” adı altında Rusiyanın Azərbaycana müdaxiləsi üçün hüquqi baza yaradılır. Belə sənədləri bir qayda olaraq II Dünya müharibəsi ərəfəsində faşist Almaniyası öz vassalları ilə imzalayırdı. Qeyd etdiyimiz maddə Rusiyanın Azərbaycana müdaxiləsinə hüququ baza rolunu oynaya bilər. Aydın məsələdir ki, Azərbaycan Rusiyayla müqayisədə kifayət qədər kiçik ölkədir, Bakının Dərbənddən o tərəfə nəyəsə müdaxilə etməyə güc baxımından imkanı yoxdur. Lakin bu 16-cı maddə Rusiyaya birtərəfli qaydada imkan verir ki, istənilən böhranlı vəziyyətdə Azərbaycana müdaxilə imkanı əldə etsin”, – deyə Cəmil Həsənli vurğulayıb.
“4-cü maddə Azərbaycanı Rusiyanın yedəyinə bağlayır”
“Sənədin I maddəsində qeyd olunur ki, tərəflər münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Belə olduqda dediklərinizi necə əsaslandırardınız?”– sualına Cəmil Həsənli belə cavab verib:
“Bəli, hər maddənin öz mənası var. Birinci maddədə belə yazılıb, 4, 5, 7, 16, 25-ci maddələrdə də ayrı şey yazılır. Həmin maddələrin Azərbaycanı Rusiyanın yedəyinə bağlayır, xüsusilə xarici siyasətdə Rusiyanın iradəsindən kənar addım atmaq imkanlarından məhrum edir”.
Milli Şura sədri Bəyannamənin 4-cü maddəsinə diqqət çəkib:
“Diqqət yetirin, 4-cü maddədə nə yazılır: “Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən, ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”. Ukrayna müharibəsindən sonra bütün dünya Rusiyaya qarşı birləşib. Təsəvvür edin, Ukrayna ilə bağlı hansısa məsələ BMT-nin müzakirəsinə çıxarılır. Bu zaman Azərbaycanın mövqeyi necə olmalıdır? Baxın, 4-cü maddədən çıxan nəticə odur ki, Azərbaycan mütləq Kremli dəstəkləməlidir. Necə ki indiyə qədər Azərbaycanın nümayəndəsi BMT müzakirələrində səsvermə zamanı qaçıb gizlənib, yaxud Rusiyanı müdafiə edib. Azərbaycan Krım məsələsi ilə bağlı BMT-dəki səsverməyə qatılmadı. Deməli, 4-cü maddə bizim ölkənin müstəqil fəaliyyətini məhdudaşdırır və Rusiyanın yedəyinə bağlayır”.
“Hazırda Rusiya bütün beynəlxalq birlik tərəfindən boykot edilir, Rusiyaya qarşı sanksiyalar qoyulur, belə bir şəraitdə Azərbaycan beynəlxalq təşkilatda niyə Moskvanın iradəsindən kənar mövqe nümayiş etdirə bilməz? Çünki Bəyannamənin 4-cü maddəsi Azərbaycanı sərbəst hərəkət etmək imkanlarından məhrum edir”, – deyə Həsənli əlavə edib.
“Azərbaycan Rusiya ilə birgə addım atmağa məhkum edilib”
O, sənədin XXV maddəsinə də diqqət çəkib:
“Orada qeyd olunur ki, Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər. Son bir neçə ildə Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edilir, Rusiya “Swift”dən çıxarılıb, Azərbaycanın enerji əsas bazarı Avropa ölkələridir, Qərbdir. Rusiya istənilən vaxt sənədin bu maddəsinə istinad edib Bakıya Qərblə iqtisadi əməkdaşlığını dayandırmaqla bağlı təzyiq göstərə bilər. Çünki XXV maddəsinə görə, Azərbaycan Rusiyanın “birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən” çəkinməlidir. Bunun açması ondan ibarətdir, əgər Rusiya cəhənnəmə gedirsə, bizi də arxasınca aparmalıdır. Belə maddələr istənilən vaxt Rusiya diplomatiyasının əlində Azərbaycanın xarici əlaqələrinə təzyiq vasitəsi kimi istifadə edilə bilər“.
Cəmil Həsənli deyir ki, sənədin VII maddəsi də Azərbaycanın suveren siyasət yeritməsinə qarşıdır:
“Həmin maddədə deyilir: “Rusiya və Azərbaycan Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”. Deməli, son illər Rusiya Qərblə düşməndir, ona qarşı ümumdünya blokadası həyata keçirilir. Belə çıxır ki, Rusiya ilə “strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl” gətirmək üçün dünyadan təcrid olunmalıdır. Sabah Azərbaycan Şərq Tərəfdaşlığına qoşulmaq istəsə, Bəyənnamənin bu bəndi ona maneə olmayacaqmı? Niyə Azərbaycan starateji tərəfdaşlıq məsələsində Rusiya ilə birgə addım atmağa məhkum edilib və şimal qonşu ilə bərabər dünyadan təcrid edilməlidir? Yeri gəlmişkən, 2022-ci ildən sonra Azərbaycanın Qərblə məsafə saxlamasının səbəblərindən biri də məhz Moskva Bəyənnaməsidir. Sənəd Azərbaycanın üzərinə məhdudlaşdırıcı öhdəliklər qoyur”.
“Dəhlizin keçdiyi ərazi Ermənistanın suveren ərazisi olduğundan nəzarət etmək Yerevanın müstəsna hüququdur”
“Baxın, tərəflərdən birinə Qərb sanksiya tətbiq edir və siyasi-hərbi blok formalaşdırır, o biri də onun yanında dayanmağa məhkumdur. Məsələn, Ermənistanla Zəngəzur dəhlizində maraqlı məqam nədir? Azərbaycanın dövlət başçısı və Xarici İşlər naziri də dəfələrlə bəyan ediblər ki, yol açılarsa, ora Rusiya gömrük və sərhəd qüvvələri nəzarət etməlidir. Bu tələb birbaşa 22 fevral ittifaq bəyannaməsinin öhdəliyidir. Baxmayaraq Azərbaycan tərəfi bunu 2020-ci ilin noyabr bəyannaməsinin 9-cu maddəsi ilə əlaqələndirir. Halbuki 9 noyabr üçtərəfli bəyannaməsi faktiki olaraq öz hüquqi qüvvəsini itirib, xüsusilə ermənilər Qarabağı tərk edəndən sonra. Həmin bəyənnamənin subyekti olan rus qoşunları da bu günlərdə Qarabağı tərk edir. Bu məsələdə Azərbaycanın tələbi Rusiyanı regionda saxlamağa xidmət edir. İkincisi, dəhlizin keçdiyi ərazi Ermənistanın suveren ərazisi olduğundan ora kimin necə nəzarət etməsi Yerevanın müstəsna hüququdur. Ona görə bir suveren dövlət digərinin qarşısına tələb qoya bilməz ki, oradan yol keçəcək, ona üçüncü dövlət nəzarət etməlidir. Əslində, bu da 22 fevral Bəyannaməsin fəsadlarından, öhdəliklərindən biridir. Çünki sənəddə tərəflərin bir-birinin mənafelərinə uyğun hərəkət etməsi tələbi yer alıb”, – Cəmil Həsənli belə deyir.
O, Bəyannamədə ölkələrin informasiya vasitələrinin koordinasiya olunmasını da təhlükəli hesab edir:
“Dünyanın yarısı Rusiyanı təcavüzkar dövlət hesab edib Putinin 17 mart seçkilərini tanımadıqları halda Azərbaycanın rəsmi və qeyri-rəsmi KİV Qərb ölkələrinə qarşı “soyuq müharibə” dövrünün ritorikası ilə sərt təbliğat aparır. Putinin çıxışlarını Azərbaycanda birbaşa yayınlayır. Şübhəsiz ki, bunlar 22 fevralda götürülmüş öhdəliklərdən irəli gəlir. Rusiya bütün beynəlxalq aləmdə informasiya texnologiyaları sahəsində cinayətkar dövlət kimi damğalanır, Azərbaycan isə “informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında” Rusiya ilə səylərini birləşdirir”.
“Ölkə vətəndaşlarını Qərb dəyərlərindən uzaq saxlamağa çalışırlar”
“Bəyannamənin 33 və 34-cü maddələrinə diqqət yetirin: “Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.” Və ya “Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.” Rusiya beynəlxalq aləmdən təcrid edilir, Azərbaycan isə “beynəlxalq informasiya təhlükəsizliyini” Rusiya ilə birgə həyata keçirməyə öz üzərinə öhdəlik götürür”, – deyə professor qeyd edib.
Həsənli bildirib ki, Azərbaycanda Qərb ölkələrinə qarşı gecə-gündüz informasiya hücumu həyata keçirilir:
“Ölkənin sosial-iqtisadi vəziyyəti acınacaqlı durumda olduğu halda neo-kolonializmə qarşı mübarizənin “bayraqdarına” çevrilir. Ölkəsində 2 milyondan çox ehtiyac içində olan uşaqlara uşaq pulu verə bilmir, vətəndaşına 200 doların aşağısında əməkhaqqı verir, amma yekə-yekə ideyalardan danışır. Ölkədə minlərlə islam inanclı adamları narkotika ittihamı ilə həbs edir, Avropada islamafobiyadan danışır. Ölkədən oğurladıqları sərvətləri Qərbdə saxlayar, Avropa paytaxtların məhəllə-məhəllə alırlar, amma ölkə vətəndaşlarını Qərb dəyərlərindən uzaq saxlamağa çalışırlar. Burada Bakı ilə Moskvanın maraqları üst-üstə düşür”.
“Azərbaycanın sənəddən imtina etməyə tam haqqı var”
O, sənəddə tərəflərin Xəzər və Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması məqsədi ilə xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət göstərilməsini də Azərbaycanın maraqlarına zərərli sayır:
“Əvvəla, Xəzər və Qafqazın təhlükəsizliyi niyə bilavasitə Rusiyadan asılı olmalıdır? Məgər, Rusiya yeganə Qafqaz ölkəsidir, burada Türkiyə və İran da var. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda Qərb şirkətləri neft-qaz çıxardırsa, sabitlik və təhlükəsizlik niyə Rusiyadan asılı edilməlidir? Bu, əslində, ölkənin suveren hüquqlarına açıq-aydın qəsddir. Yaxud Azərbaycan Xəzər dənizinin Rusiya sahillərində nəyə müdaxilə edə bilər? Rusiyanın qorxusundan ora kim gələcək ki, Azərbaycan onun qarşısını alsın? Amma Xəzər dənizinin Azərbaycan sektorunda böyük neft şirkətləri işləyir, istənilən vaxt müəyyən insident yaradıb Moskva müdaxilə imkanı əldə edə bilər. Bu beynəlxalq münasibətlərdə dəfələrlə baş vermiş hadisədir. Məsələn, SSRİ-nin Qara dəniz boğazlarına şərik olmaq cəhdləri elə də uzaq dövrün hadisəsi deyil“.
Milli Şura sədri hesab edir ki, bütövlükdə Bəyannamənin bir sıra maddələrinə diqqət yetirdikdə Azərbaycanın suverenliyinin məhdudlaşdırılması göz qabağındadır:
“Başa düşürəm, Ukrayna savaşı ərəfəsində Rusiya və Azərbaycan rəhbərliyi arasında belə bir təsəvvür var idi ki, Rusiya bir həftəyə Kiyevi götürüb məsələni həll edəcək. Ardınca da postsovet məkanında əvvəlki mövqelərinin bərpasına doğru addımlar atacaq. Çox təəssüflər ki, bu işin hüquqi mexanizminin yaradılmasına Azərbaycandan başlanıldı. Yəqin ki, Ukraynada Zelenski hakimiyyətini rusiyayönümlü adamla əvəzləsəydilər, Baltik respublikaları istisna olmaqla 22 fevral Bəyannaməsi müxtəlif formalarda digər postsovet ölkələri üçün model sənədə çevriləcəkdi. Bu daha çox bir tərəfli vassallıq şərtlərini pərdələyən, ölkənin suverenliyini təhdid edən, müstəqil siyasət yeritmək imkanlarını nəzarət altına alan, Azərbaycanı Rusiyanın yedəyinə bağlayan sənəddir. Ona görə Azərbaycanın 22 fevral 2022-ci il İttifaq bəyənnaməsini mübahisələndirməyə və ondan imtina etməyə tam haqqı var. Biz ilk gündən Milli Şura olaraq bu Bəyannaməyə qarşı olmuşuq və onun ölkəni asılı vəziyyətə saldığını kəskin tənqid etmişik”.