Doğrusu indiyə qədər bunun ağlabatan bir izahını tapa bilmirəm. Ölkədə bir-birini təkrar edən o qədər paralel strukturlar var, gərəksiz qurumlar var. Niyə məhz Dövlət Tərcümə Mərkəzi bağlanmalıdır? Qəribə də olsa 2024-cü ilin noyabr ayının 21-də, gözlənilməz halda İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzi”nin ləğvi haqqında sərəncam imzalayıb.
Dünya ədəbiyyatından tərcümələr edilməsi məqsədilə tərcümə mərkəzi hələ Sovet dövrünün sonlarında – 1990-cı ildə Yazıçılar İttifaqının nəzdində yaranmış və “Xəzər” jurnalı nəşrə başlamışdı. Biz bu jurnalın hər sayını səbrisizliklə gözləyirdik. Rus və dünya ədəbiyyatının peşəkar tərcüməsi və nəşrində həm Mərkəzin, həm də “Xəzər” jurnalının əhəmiyyəti əvəzsiz idi. Azərbaycan ədəbiyyatı, tarixi və ictimai fikrinə aid bir sıra xarici (əsasən Qərb) nəşrlərlə ilk dəfə məhz bu jurnalda tanış olduq.
Sonra tərcümə mərkəzi Azərbaycan Yazıçılar Birliyindən ayrılıb müstəqil qurum oldu. 2012-ci ilin may ayının 23-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradıldı. Mərkəzin əsas vəzifəsi dövlət dilinin saflığının qorunması, onun düzgün istifadəsinin təmin edilməsi, dil və tərcümə sahəsinin mərkəzləşdirilməsi və tənzimlənməsi, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliğindən ibarət idi. Sonralar da 2014-cü ildə, 2018-ci və 2020-ci ildə Mərkəzin işinin daha da təkmilləşdirilməsi və genişləndirilməsi haqqında bir sıra sərəncamlar verildi.
İndi sual yaranır: bundan sonra Azərbaycan dilinin saflaşdırılmasına, təbliğinə, xarici ədəbiyyatın Azərbaycan dilinə tərcüməsinə və Azərbaycan ədəbiyyatının beynəlxalq aləmə çıxarılmasına daha ehtiyac yoxdur? Axı, yeni müstəqillik əldə etmiş ölkələr üçün dünyaya bələd olmaq, özünü dünyaya təqdim etmək strateji bir məsələdir. Uzun müddət bizin xarici ədəbiyyatla tanışlığımız Rusiya və rus dili vasitəsi ilə olub. Kiçik istisnalarla xarici ədəbiyyat Azərbaycan dilinə rus dilindən tərcümə edilib. Təni tərcümənin tərcüməsi. Son 15-20 ildə formalaşmış peşəkar tərcümə mərkəzini bağlamaq Azərbaycanın quru sərhədlərin bağlamaq kimi bir şeydir. Akademiyanın bölünməsi nə qədər səhv və mənasız addım idisə, Dövlət Tərcümə Mərkəzinin da ləğv edilməsi bir o qədər səhv addımdır, mənəvi zərbədir, dünyadan təcrid olunmaqdır, mənəvi hüdudların qapanmasıdır.
Dövlət Tərcümə Mərkəzi son 10 il ərzində ingilis, rus, alman, fransız, ispan, ərəb, fars, türk, portuqal, yunan, Ukrayna, ivrit, çex, italyan, gürcü dillərindən və bu dillərə tərcümələr edən peşəkar bir kollektiv formalaşdırmışdı. Görülən işin miqyası haqqında təsəvvürlə malik olmaq üçün Mərkəzin son 10 illik hesabatına baxmaq yetərlidir. İkicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”, “Müasir Azərbaycan poeziyası antologiyası”, “Müasir Azərbaycan hekayəsi antologiyası”, “Azərbaycan nəsr antologiyası”, Nizaminin, Nəsiminin, İsa Muğannanın, Elçinin, Yusif Səmədoğlunun, Salam Srvanın maraqlı əsərləri ilə yanaşı, hətta Leyla Əliyevanın “Yarpaq”, “Dünya yuxutək əriyir” mənasız kitabları belə müxtəlif xarici dillərə tərcümə edilib.
Eyna zamanda Mərkəz son 10 ildə Matilda Urrutianın “Pablo Neruda ilə yaşanan ömür”, Xuan Rulfonun “Pedro Paramo”, Ernest Heminqueynin “Qadınsız kişilər”, Akutaqava Rünöskenin “Tanrıların istehzası”, Patrik Modianonun “Seçilmiş əsərləri”, Oljas Süleymenovun “Az-Ya”, Artur Millerin “Yeddi pyes”, Nəcib Məhfuzun “Bildirçin və payız”, Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Səməd Ağaoğlunun “Atamın dostları”, Uilyam Folknerin “Seçilmiş əsərləri”, Alber Kamünün “Seçilmiş əsərləri”, Tomas Vulfun “Dünyanın hörümçək toru”, Bertold Brextin “Seçilmiş əsərləri”, Qabriel Qarsia Markesin “Seçilmiş əsərləri”, Ştefan Svayqın “Seçilmiş əsərləri” və onlarca dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə tərcümə edib. İndiki nəsil artıq rus dilini bilmir, rus dili vasitəsi ilə dünya ədəbiyyatına çıxa bilmir. Ölkənin maariflənməsi, dünya ədəbiyyatı haqqında təsəvvürlərinin formalaşması baxımından görülən işlərin əhəmiyyəti danışlmazdı. İndi bu boşluq necə doldurulacaq?
Mərkəzdə Afaq Məsud, Mahir Qarayev, Nəriman Əbdülrəhmanov, Saday Budaqlı, İlqar Əlfioğlu, Yaşar Əliyev, Əlisəmid Kür, Hamlet Qoca, Cavanşir Yusifli, Etimad Başkeçid, Rəbiqə Nazimqızı, İmir Məmmədli, Şəfiqə Şəfa, Aysel Əliyeva və onlarla peşəkar tərcüməçilər, dil daşıyıcıları, ziyalılar işləyirdi. 150-200 nəfərə yaxın tanınmış ziyalı, peşəkar tərcüməçi, texniki işçi və sair qaldı işsiz.
Adətən İlham Əliyev hansısa naziri, yüksək vəzifəli məmuru işdən çıxarmaq istəyəndə nazirliyi və ya komitəni ləğv edir. Akademiya da belə mülahizələrlə dağıdılmışdı. İndi də Tərcümə Mərkəzi eyni aqibəti yaşadı. İşıq gələn yeri niyə qapadırlar? Bildiyim qədər Mərkəzin rəhbəri Afaq Məsud suyu da üfürə-üfürə içirdi. Bəs, Mərkəz bağlanandan sonra “Xəzər” jurnalı necə olacaq. Bütövlükdə Dövlət Tərcümə Mərkəzi ləğv edilməsi Azərbaycan mədəniyyətinə, dilinə, tarixinə, ictimai fikrinə böyük zərbədir.
Cemil Hasanlı